525.Az

"Mədəniyyətlərarası dialoq və Azərbaycan multikulturalizmi mövzusunda" dəyirmi masa


 

"Mədəniyyətlərarası dialoq və Azərbaycan multikulturalizmi mövzusunda" dəyirmi masa<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Mədəniyyətlərarası dialoq və Azərbaycan multikulturalizmi" mövzusunda dəyirmi masa keçirib. 

Mərkəzin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin moderatorluğu ilə keçən dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Multikulturalizm Mərkəzinin  İcraçı direktoru, professor Azad Məmmədov və Azərbaycanı, Rusiya, Türkiyə, İngiltərə, Litva, Gürcüstanı  təmsil edən 30-dək alim iştirak edib. 

BBMM-in İcraçı direktoru, professor Azad Məmmədov tədbiri giriş sözü ilə açaraq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti barədə qonaqlara məlumat verib.

O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli fərmanı ilə yaradılan Mərkəzin əsas məqsədi Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrini dünyada təşviq etməkdir.

BBMM-nin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə çıxışında millətlərarası dialoqun multikulturalizmin formalaşmasındakı rolundan bəhs edib. Azərbaycan xalqının dünya görüşünün təkcə  onun ərazisində yaşayan müxtəlif etnosların  mədəniyyətləarası dialoqu ilə yox, həmçinin, çoxəsrli mədəni ünsiyyəti özündə əks etdirən zəngin mədəni irsinin zənginləşdirdiyini söyləyib.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxışında bildirib ki, Azərbaycanda çoxlu azsaylı xalqlar yaşayır və Ümummilli Lider Heydər Əliyevin obrazı bütün bu xalqları birləşdirir. Azərbaycanda multikulturalizm siyasətinə, mədəniyyətinə və ideologiyasına olan diqqət yüksək səviyyədədir.

Tiflis Dövlət universitetinin kafedra direktoru və "Azərbaycan multikulturalizmi" fənnini həmin universitetdə tədris edən David Qotsiridze çıxışında yeni Azərbaycanın Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu  və bunun nəticəsində Azərbaycan xalqının yenidən  özünüdərk etməsinin təsdiqində dahi Heydər Əliyevin böyük rolu olduğunu vurğulayıb.  Natiq Azərbaycanın multikulturalizm ənənələrinin çoxəsirli olduğunu və bu siyasətin Azərbaycanda uğurla aparıldığını qeyd edib.

İzmir Ege Universitetinin professoru Fikrət Türkmən  Azərbaycan multikulturalizmi modelini  araşdırdığını və bu modelin dəstəklənməsinə ehtiyacın olduğunu vurğulayıb. Azərbaycanda hüquqi bazası olan və hüquqa söykənən bir multikulturalizm anlayışının olduğunu deyən professor dünyada bəzən multikulturalizm  terminini digər terminlərlə qarışdırıldığını söyləyib. Əslində multikulturalizm ideyası bir müddət başqa anlamların içərisində olduğunu və bu bunlardan biri də "qloballaşma" kimi geniş anlayış olduğunu vurğulayıb.

Litvanı təmsil edən professor Vidas Kavaliauskas Azərbaycanda bir neçə dəfə olduğunu və Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bir çox konfranslarda iştirak etidiyini söyləyib. Azərbaycanın demək olar ki, bütün regionlarında olan professor V. Kavaliauskas  burdakı multikulturalizmin və tolerantlığın şahidi olduğunu deyib. Professor "Dilçiliyə giriş" fənnini tədris etdiyi üçün tələbələrinə nümunə kimi dünyanın bir çox dillərində 50 söz toplayır. Bu məqsədlə də professor V. Kavaliuskas ləzgilərlə, udinlərlə, talışlarla, tatlarla və bir neçə azsaylı xalqlarla görüşüb. Görüş zamanı onların həm öz dillərində, həm də vətəndaşı olduqları Azərbaycanın dövlət dilində də çox sərbəst danışdıqlarının şahidi olduğunu söylədi.

Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli bildirib ki, Azərbaycanda etnik qrupların mədəniyyəti, dilləri və folklorları qorunur və inkişaf edir. Bu məqsədlə ölkədə tədbirlər, proqramlar və layihələr həyata keçirilir.

Litvanın  Kazimeras Simonavicius universitetinin rektoru, professor Arunas Augistinaitis çıxışında multikulturalizmin müasir dünya üçün qaçılmaz bir hal olduğunu və dünyada baş verən siyasi, geosiyasi, iqtisadi və mədəni proseslərə təsirinin böyük olduğunu vurğulayıb. Multikulturalizmin yeni mühit yaratdığını və hər zaman fərqli formalarda olduğunu söyləyib.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini Roida Rzayeva "Multikulturalizm dialoq mədəniyyəti kontekstində", Qərb Universitetinin müəllimi Svetalana Kurteş "Multikulturalizm haqqında bir neçə söz" mövzularında çıxış edib. Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanova kafedranın fəaliyyətindən söz açıb.

Dəyirmi masada multikulturalizmin və tolerantlığın Azərbaycan xalqı üçün önəmindən bəhs edən sənədli film nümayiş olunub.

 





08.05.2015    çap et  çap et