525.Az

Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında


 

Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Cəfər Cabbarlı irsini dərindən tədqiq edən Asif Rüstəmli göstərir ki, böyük dramaturq Azərbaycan xalqının tarixi taleyi və milli azadlıq mübarizəsini iki möhtəşəm əsərdə müvəffəqiyyətlə əks etdirib: "Od gəlini" və "1905-ci ildə".
 
XX yüzilin dəhşət və müsibətləri, millətimizin əsrin ilk 20 ili ərzində keçdiyi qanlı-qadalı tarixi yol bu dramlarda yüksək bədii səviyyədə öz əksini tapıb. Əgər "Od gəlini"ndə çağdaş hadisələr və mübarizələr bütünlüklə başqa bir dövrə köçürülüb, tamamilə rəmzləşdirilmişdisə, müasir gerçəklik tarixi zaman və gerçəklik kontekstində təqdim edilmişdisə, "1905-ci ildə" pyesində isə bu bədii-dramatik  "əməliyyat" təxminən, həmin şəkildə və məzmunda reallaşsa da, müəllif burada konflikt qütblərini, qarşı-qarşıya gələn gücləri öz adı və ünvanı ilə təqdim etməkdən çəkinməyib. Belə ki, "1905-ci ildə" dramında baş verən hadisələrin vaxtı və məkanı soyqrımın kuliminasiyası sayılan 1918-ci ilin martından 1905-ci ilə, Bakıdan Qarabağa köçürülüb. Bununla müəllif, həm özünü, həm də əsərini amansız hücum və zərbələrdən bir qədər qoruyub, əsərin səhnədə nümayiş etdirilməsinə nail olub.

Kitabın "Cabbarlı dünyası" bölməsi müraciət edilən fakt və sənədlərin zənginliyi, əksəriyyətinin isə yeniliyi ilə diqqəti cəlb edir. Bu bölməyə daxil olan "Cabbarlışünaslığın inkişaf mərhələləri" araşdırması özünün monumentallığı ilə yadda qalır. Müəllif bu tədqiqatında 1917-ci ildən 2005-ci ilə qədər Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqında qələmə alınmış, irili-xırdalı onlarla ədəbi, elmi, publisistik məqalə və tədqiqatları nəzərdən keçirmiş, onları yüksək professionallıqla dəyərləndirmişdir.

Professor Vilayət Quliyev "Müdriklik mücəssəməsi" kitabına yazdığı dərin məzmunlu ön sözündə professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı: həyatı və mühiti" tədqiqatını xüsusi vurğulayaraq yazır ki, hər cür müqayisə nisbi və zərərli olsa da, deməliyəm ki, akademik Məmməd Arifdən sonra Cabbarlı irsinin öyrənilməsinə ikinci ruhu, ikinci nəfəsi Asif Rüstəmli gətirmişdir".

"Müdriklik mücəssəməsi" kitabındakı əsas bölmələrdən biri "Ədəbi portretlər" adlanır. Bu bölmədə 15-ə yaxın monoqrafik xarakterli, dərin araşdırmalara əsaslanan, ədəbi-elmi üslubda yazılmış məqalə - portret yer almışdır. Öncədən bu ədəbi portretlərin ədəbiyyatşünaslıq və ədəbi tənqid tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq zəruridir. A.Rüstəmlinin ədəbi portretlərinin yüksək elmi səviyyədə və peşəkarlıqla yazıldığını nəzərə çarpdırmaqla bərabər, onların hər birində özünəməxsus bir tənqidçi sənətkarlığı əks etdiyini də vurğulamaq yerinə düşər. Bu məqalələrdən hər biri maraqlı, biri digərinə bənzəməyən süjet və  kompozisiyaya malikdir.

"Ədəbi portretlər" bölməsinə daxil olan bütün məqalələr öz predmetinin və ifadə üsulunun özünəməxsusluğu ilə qəlbinizi ovsunlayır. Məsələn, "Bölünmüş Azərbaycanın bölünməz sərvəti" məqaləsi öz məzmunu və pafosu ilə yaddaşınızın  qatlarına sirayət edir. Bütöv Azərbaycanın ulu sənətkarı Seyid Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq taleyini Azərbaycanın taleyi və ictimai-siyasi tərcümeyi-halı ilə müqayisə edən A.Rüstəmli onların arasında ilk baxışda gözlənilməz, amma son dərəcə dərin və mənalı bənzərliyi kəşf edir; onun XX yüzilin əvvəlində və sonunda Azərbaycan xalqının ictimai-siyasi taleyində şərəfli iz qoyan iki inqilab arasında yaşamasını xüsusi vurğulayır. "Böyük şair Güneydə Səttarxan milli azadlıq hərəkatının qəhrəmanlıq nəğmələrinin sədaları altında - 1905-ci ilin Novruz bayramında dünyaya gəlmiş, Quzeydə milli istiqlal hərəkatının kükrədiyi müstəqillik və hürriyyət himnlərinin coşub çağladığı ərəfədə - 1988-ci ilin payızında dünyasını dəyişmişdir". Bu cür ədəbi-elmi, həyati paralelləri müəllifin başqa yazılarında da müşahidə edirik.

"Macar alimi Gyula Mesaroş və birinci türkoloji qurultay" məqaləsi də, özünün obyektinin və ifadə tərzinin möhtəşəmliyinə görə, oxucunu dərindən düşündürür. Mövzunun və problemin xarakteri yazının ifadə xüsusiyyətlərini də müəyyənləşdirir. Asif müəllim böyük macar türkoloqu haqqındakı elmi oçerkini elə türkoloji qurultayla bağlı fikirlərlə başlayaraq yazır: "Ümummilli əhəmiyyət kəsb edən tarixi hadisələrin üstündən qərinələr, əsrlər keçsə də, o unudulmur, bayatlaşmır, aktuallığını qoruyub saxlayır, ibrətamiz örnəyə çevrilir. Türk xalqlarının tarixində və taleyində unudulmaz izlər buraxan, 1926-cı ilin fevralın 26-sından martın 6-nadək Azərbaycanın paytaxı Bakı şəhərində, möhtəşəm "İsmailiyyə" sarayının geniş iclas zalında gerçəkləşən Birinci Türkoloji Qurultay eyni soydan, kökdən olan parçalanmış, bir-birindən iraq düşmüş xalqlar arasında birləşdirici missiyasına görə ortaq mənəvi dəyərləri ilk dəfə yüksək səviyyədə gündəmə gətirən, çoxdan həllini gözləyən problemlərin üzərinə işıq salan misilsiz bir tarixi hadisə idi".

Məsələ bundadır ki, türkoloji qurultayın çox fəal nümayəndələrindən biri, görkəmli macar türkoloqu, istedadlı etnoqraf, təcrübəli folklorşünas, antropoloq, muzeyşünas professor Gyula Mesaroş Türkiyə nümayəndə heyətinin tərkibində professor Əli bəy Hüseynzadə və Məhəmməd Fuad Köprülüzadə ilə birlikdə Bakıya gəlmişdi və məşhur qurultay iştirakçılarının amansız qətliamından, soyqırımından sonra bu misilsiz faciəni dünyaya çatdıran, məlum edən mübariz və cəsarətli alimlərdən biri də məhz sonralar ABŞ-da məskunlaşıb, orada yaşayan böyük macar alimi Gyula Mesaroş idi...

Göründüyü kimi, Asif Rüstəmli böyük macar türkoloqunun həyat və elm yolunu, taleyini ümumiləşdirərək bütünlükdə XX yüzilin türkologiyası, bu elmin mürəkkəb və müsibətlərlə dolu təkrarsız keçmişi haqqında bütöv və dolğun təsəvvür yarada bilmişdir.     

Vaqif Aslana həsr olunmuş "Sözün közü və düzü" məqaləsi də az sözlə çox və geniş fikir ifadə etməyin parlaq nümunəsidir. Öncə qeyd edək ki, A.Rüstəmlinin bütün məqalə və ədəbi oçerklərinə xas ümdə bir xüsusiyyət var; onun bütün yazıları səmimi, axıcı və məftunkar bir üslubda yazılır. Bu oxunaqlılıq və maraqlılıq alimin əsərlərinin elmi siqlətinə və dərinliyinə qətiyyən xələl gətirmir. Elmi yazılar və ya məqalələr yalnız mürəkkəb, dolaşıq, absurd və anlaşılmaz bir dillə yazılmalıdır, mifini A.Rüstəmli söküb-dağıdır. "Sözün közü və düzü" məqaləsində özünəməxsus bir ədəbi şəxsiyyət olan Vaqif Aslanın həyat və yaradıcılıq yolu professional üslubda şərh və təhlil edilir. A.Rüstəmli cəmi bir neçə şeirin qısa və lakonik təhlili əsasında Vaqif Aslanın mənəvi-estetik axtarışları barəsində dolğun təsəvvür yaratmağa nail olur. 

"Ədəbi portretlər" bölməsi orijinal və son dərəcə maraqlı yazılarla zəngin olduğu kimi, "Tale yazıları" bölməsi də tamamilə yeni hadisələr, sənədlər və faktlardan söhbət açır. Onların adlarına fikir vermək kifayətdir: "Patriarxın payızı", "Tale yazıları", "Məhbəsə sığmayan azadlıq eşqi", "Qardaşlığın təməli, dostluğun məhvəri", "Yazarların xocası və ucası", "Ədəbi ziddiyyətlər məcrasında", "Mənəviyyat məbədgahı", "Fədakarlıq mücəssəməsi"...

Professor A.Rüstəmlinin  məqalələrini və bütövlükdə kitabını həssaslıqla nəzərdən keçirərkən, onların elmi-nəzəri keyfiyyətindən başqa, ifadə və yazı manerası ilə yanaşı, həm də sərlövhələri, istər-istəməz oxucunun diqqətini çəkir. Hər bir alim, şübhəsiz ki, öz əsərinin formasına və şəklinə, süjetinə və kompozisiyasına ciddi fikir verir. Amma əsər adlarının, sərlövhələrin uğurlu çıxmasına hamı nail ola bilmir.

"Müdriklik mücəssəməsi" kitabından bəhs edərkən professor Vilayət Quliyevin səmimi sevgi və sayqı ilə yazılmış ön sözünə yenidən qayıtmağı vacib sayırıq. O, öz həmkarı haqqında aşağıdakıları vurğulayır:

"Uzun illər sıx ünsiyyət saxladığım, müxtəlif şəraitlərdə görüb müşahidə etdiyim Asifin xarakterinin, həyat tərzinin səciyyəvi cəhətlərindən biri də onun iddiasızlığıdır. Asif başını aşağı salıb öz işini görməkdən, ədəbiyyatın ləyaqətli və məsuliyyətli sıra nəfəri olmaqdan qürur duyan alimdir. Öz gördüyü işlərdən daha çox söz sənətimizin, mədəniyyətimizin böyük simalarını, diqqətəlayiq hadisələrini təbliğ etməyə can atan vətənpərvərdir. Bütün bunlar isə fərdi-mənəvi xüsusiyyətlərlə bir sırada həm də yaşın, təcrübənin gətirdiyi fəzilətlərdir".

Görkəmli ədəbiyyatşünas alimin professor A.Rüstəmli haqqında söylədiyi mühüm fikirlərdən birinə diqqəti yönəltmək istərdik. V.Quliyev alim dostu haqqında yazarkən, A.Rüstəmlinin mühüm bir vətəndaş keyfiyyətinə vurğu verir; o, "sabit, sadiq dövlətçilik mövqeyi ilə seçilir". Həqiqətən, Vilayət müəllimin müşahidə etdiyi və düzgün vurğuladığı bu keyfiyyətdən və xüsusiyyətdən bəhs etməsəydik, "Müdriklik mücəssəməsi" haqqındakı qənaət və təəssüratlarımız tam olmazdı. Söz açdığımız kitabda və ümumən, A.Rüstəmli yaradıcılığında "sabit, sadiq dövlətçilik mövqeyi"nin parlaq təzahürünü hər bir yazıda hiss edirik. Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş əzəmətli məqalədən tutmuş, bütün mədəniyyət və siyasət adamlarına, müxtəlif ədəbi şəxsiyyətlərə ünvanlanmış məqalələrdə biz həmin yüksək vətəndaşlıq keyfiyyətini və dövlətçiliyimizə səmimi qəlbdən bağlılığı duyur, bununla fəxr edirik.  

Müstəqillik dövrü ədəbiyyatşünaslığının nailiyyətlərinə nəzər salarkən, iki fundamental tədqiqatın xüsusi ilə diqqəti cəlb etdiyini görürük: akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" və Asif Rüstəmlinin "Cəfər Cabbarlı: həyatı və mühiti" monoqrafiyaları ədəbiyyatşünaslığımızda elmi-nəzəri və metodoloji cəhətdən ciddi yeniliklərdir. XX yüzil ədəbiyyatımızın iki böyük nümayəndəsi haqqında yazılmış bu əsərlər, eyni zamanda, Xalq şairimiz Səməd Vurğunun yuxarıda xatırlatdığımız son dərəcə mühüm mülahizələrini bir daha təsdiq edir. C.Məmmədquluzadə və C.Cabbarlını XX əsr mədəniyyətimizin iki əvəzsiz və nəhəng nümayəndəsi kimi qiymətləndirən S.Vurğunun dəyərləndirməsini ədəbiyyatşünaslıq elmi parlaq surətdə isbat etdi.

Onu da xüsusi qeyd etməliyik ki, "Müdriklik mücəssəməsi" kitabına qədər görkəmli ədəbiyyatşünas-alim A.Rüstəmlinin 10-a yaxın ciddi elmi tədqiqat əsərləri və monoqrafiyaları işıq üzü görüb. "Cəfər Cabbarlı: həyatı və mühiti" (2009) monumental monoqrafiyası təkcə A.Rüstəmli yaradıcılığında deyil, ümumən, müstəqillik dövrü ədəbiyyatşünaslığımızda yaddaqalan hadisə kimi dəyərləndirilmişdir.   

"Müdriklik mücəssəməsi" kitabının daha bir unudulmaz və mühüm fəziləti - onda XX əsr mədəniyyətinə özünəməxsus və bənzərsiz bir yanaşmanın əks etməsidir. Məlumdur ki, ədəbiyyatşünas alimlərimiz köhnəlmiş və saralmış qəzet səhifə-lərində, arxiv sənədlərində, müxtəlif və mürəkkəb əlyazmalarında "gizlənmiş" Azərbaycanı - Azərbaycan həqiqətlərini arayıb, araşdıraraq Vətənin özləri dərk və təsəvvür etdikləri obrazını yaradırlar. "Müdriklik mücəssəməsi"ndə əks edən ictimai-siyasi-ədəbi Azərbaycan Asif Rüstəmlinin araşdırıb kəşf etdiyi, on illərlə yaratdığı və bizə göstərdiyi XX yüzilin Azərbaycanıdır.

Müstəqillik dövrü ədəbiyyatşünaslığının özünün əsas hədəflərinə yönəlmiş inkişaf trayektoriyasını və yaddaqalan zəfərlərini məhz bu kontekstdə izləmək, bizcə, müasir nəzəri-estetik fikrin keyfiyyətini və hüdudlarını müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Zəhmətkeş və vətənpərvər ziyalının uzun illər ərzində, gərgin axtarışlar nəticəsində ərsəyə gətirdiyi bu kitab öz səhifələrində müəllifinin böyük və bütöv Azərbaycan arzusunu yaşadır. Bu isə görkəmli alimin həm ciddi elmi əhəmiyyət daşıyan, həm də milli məna və dəyərə malik qələbəsidir.

 





08.05.2015    çap et  çap et