525.Az

Jalə Əliyevanın çıxışı erməni deputatı özündən çıxardı


 

Jalə Əliyevanın çıxışı erməni deputatı özündən çıxardı<b style="color:red"></b>

Dünən Avstriyanın paytaxtı Vyana şəhərində  “ATƏT bölgəsində qadın deputatlar üçün parlament strukturlarının yaradılması” mövzusunda toplantı öz işinə  başlayıb.

525.az-ın məlumatına görə, toplantıda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Finlandiya, Albaniya, Makedoniya, Bosniya-Herseqovina, Serbiya, Ermənistan və Tunisdən olan qadın millət vəkilləri iştirak edirlər. Eyni zamanda, toplantıda Ukrayna və Gürcüstan  sədr müavinləri səviyyəsində təmsil olunurlar. Qeyd edək ki, toplantıda dörd bölmə üzrə  müzakirələr keçirilib. Azərbaycanı sözügedən tədbirdə təmsil edən millət vəkili Jalə Əliyeva avropalı xanım parlamentarilərə  Azərbaycandakı parlament ənənələrindən, Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək-seçilmək hüququnun verildiyini, nəinki Sərqdə, hətta, Qərb ölkələrindən daha əvvəl bu hüququ tanıdığını bildirib.Millət vəkili  Azərbaycanda aparılan qadın siyasəti haqqında da tədbir iştirakçılarına məlumat verib, qadınların rolunun cəmiyyətdə gündən- günə artdığını da diqqətə çatdırıb.

J.Əliyeva,  o cümlədən, qadınların ictimai- siyasi həyatdakı rolundan, seckilərdə iştirakından danışıb.  Sonra ötən parlament və bələdiyyə seçkiləri haqqında məlumat verən J.Əliyeva əvvəlki illərdəki seçkilərlə müqayisədə  son seçkilərdə qadınların sayının artdığını qeyd edib və artan rəqəmləri göstərib.

 Millət vəkili eyni zamanda, Azərbaycan qadınlarının dövlətçilyin möhkəmləndirilməsindəki rolundan və məsuliyyətindən danışıb.
Həmçinin, Azərbaycan qadınlarının problemlərinə də toxunan deputat  Dağlıq Qarabağ münaqişəsinin bu problemlərin başında gəldiyini diqqətə çatdırıb.

 J. Əliyeva 20 ildən artıq bir müddət ərzində davam edən ədalətsiz müharibənin birinci növbədə qadınlara və uşaqlara öz mənfi təsirini göstərdiyini, bu faciədən ən çox qadınların və uşaqların zərər gördüyünü, bu vəziyyətin qadınları mənəvi, psixoloji baxımdan təhdid altında buraxdığını, onların həyat şəraitinə mənfi təsir göstərdiyini, nəticədə qadınların ictimai- siyasi həyatda daha fəal olmasını  əngəllədiyini bildirib.Millət vəkili öz növbəsində  avropalı qadın parlamentariləri bu problemin həllində duyarlılıq göstərməyə dəvət edib.

Onu da qeyd edək ki, millət vəkilinin çıxışı erməni deputat tərəfindən narazılıqla qarşılanıb və toplantının mövzusundan kənara çıxdığı üçün J.Əliyevanı  qınayıb.

 Ona isə  cavab olaraq bildirilib ki,  buraya qadın problemləri haqqında danışmaq və onların həll yollarını axtarmaq üçün yığışılıbsa, Dağlıq  Qarabağ  münaqişəsi də Azərbaycan qadınının ən böyük problemidir və ondan da danışılmalıdır: “Əks halda bu görüşlərin və müzakirələrin sadəcə, formal xarakter daşıdığı qeyd oluna bilər”.

Finlandiyadan olan deputat öz növbəsində  illər əvvəl onların da İsveç dövləti ilə belə problemlərinin olduğunu və bu problemin həlli  üçün qadın parlamentarilər arasında körpü  yaradaraq konsensus əldə etməyə ehtiyac olduğunu bildirib.

 Bununla belə,  J.Əliyeva toplantıda   erməni tərəfinin bu günə qədər heç bir danışıq masası arxasına oturmaq istəmədiyini və  öz haqsız iddialarından əl  çəkmək niyyətində olmadığını da bildirib.

Kamil Həmzəoğlu

 





11.12.2012    çap et  çap et