525.Az

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb


 

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb<b style="color:red"></b> Bu gün Rusiya Federasiyasının Moskva şəhərində  Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci iclası keçirilir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən xəbərə görə, tədbir çərçivəsində RRB-yə üzv olan  ölkələrdə IPv6 protokolunun tətbiqi ilə bağlı plan və protokolun istifadəsi üzrə tövsiyələrin qəbul edilməsi, "ICANN" təşkilatının, "Cisco Systems", "Huawei" şirkətlərinin RRB-nin Rabitə Operatorları Şurasının tərkibinə daxil edilməsi müzakirə olunub.
 
Tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafı istiqamətində  MDB ölkələrinin əməkdaşlıq strategiyasının müəyyən edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavə və dəyişikliklər edilməsi üzrə qərarların qəbul edilməsi də iclasın iş planına daxil edilib. Bundan başqa, iclas çərçivəsində RRB-nin 2016-cı il üçün Təftiş Komissiyasının tərkibinə Qazaxıstan Rabitə Administrasiyasından Tatyana Smaqulovanın, Azərbaycan Rabitə Administrasiyasından Zöhrab Yarəhmədovun, Özbəkistandan Mirzo Raximovun, Türkmənistandan Əzizməmməd Gədiməmmədovun və digər ölkələrdən nümayəndələrinin qəbulu nəzərdə tutulur.
 
İclas zamanı ölkəmizin RRB-nin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub. Azərbaycana belə bir mükafatın verilməsi üzrə qərar ölkəmizin ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Busanda keçirilən səlahiyyətli konfransına hazırlıq çərçivəsində yüksək təşkilati və texniki işi ilə seçildiyinə, region ölkələri arasında beynəlxalq əməkdaşlığı əlaqələndirərək RRB-nin ümumi təkliflərini və RRB-yə üzv ölkələrin birgə mövqeyini  konfransın yekun sənədlərində əks etdirmək üçün göstərdiyi səylərə görə verilib.
 
Hazırda iclas işini davam etdirir. Xatırladaq ki, RRB-nin iclaslarında Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbirdə nazir Ə. Abbasov RRB-yə üzv ölkələrdə İKT sektorunun inkişaf perspektivləri üzrə məruzə ilə çıxış edib.
 
Tədbir çərçivəsində nazirliyin İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov "Azərbaycanda poçt sektorunun inkişafı", Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzə təqdim edib.
 





08.05.2015    çap et  çap et