525.Az

“Heydər Əliyevlə görüşmək risq tələb edirdi”(Müsahibə)


 

MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT KOMİTƏSİNİN SƏDRİ ELDAR İBRAHİMOV: “HƏLƏ GƏNC YAŞLARIMDAN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN PƏRƏSTİŞKARI İDİM”

“Heydər Əliyevlə görüşmək risq tələb edirdi”<b style="color:red">(Müsahibə)</b>

- Eldar müəllim, siz hakim partiyanın qurucularından, məhşur “91-lər”dən, ən əsası, sadiq Heydər Əliyevçilərdənsiniz. Sizə də bəlli olduğu kimi, dekabrın 12-si mərhum dövlət başçısının növbəti anım günüdür. Odur ki, bu ərəfədə sabiq prezidentlə bağlı xatirələnizi bizimlə bölüşmənizi istərdik.

- Xalqımızın böyük və müdrik oğlu, tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin hələ gənc, cavan yaşlarımdan pərəstişkarı, heyranı idim. Hər zaman da, bir anlıq olsun belə, onunla görüşəcəyim anın, günün xəyalı ilə yaşayırdım. 1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri  qalan arzum reallaşdı. Bildiyiniz kimi, həmin ilin  iyul ayında Heydər Əliyev keçmiş hakimiyyət tərəfindən Bakıda yaşamağa imkan verilmədiyindən öz döğma elinə-obasına,  Naxçıvana gəldi. Həmin vaxtlar o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər-təzyiqlər mövcuduydu, yəni, Heydər Əliyevlə görüşmək böyük risq tələb edirdi. Düzünü desəm, bunları göz önünə gəririb mən özüm də bir qədər fikirləşirdim, götür-qoy edirdim, çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, Naxşıvan Muxtar Pespublikası Kommunist Partiyası Mərkəzi Komitəsin Büro üzvüydüm, Nazirlər Soveti sədrinin birinci müaviniydim, yüksək vəzifəm varıydı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim  və bir gün gedib Heydər Əliyevlə görüşdüm. Görüşdüm, özümü təqdim etdim, ordan-burdan da bir xeyli söhbətləşdik. Bunun üstündən bir ay keçəndən sonra mən yenidən onun görüşünə getdim. İkinci dəfə görüşəndə dedi ki, mən səni öyrəndim. Dedim ki, mən sizi xalqımızın böyük oğlu kimi  tanımışam, pərəstiş etmişəm,  həsrətinizi çəkmişəm ki, haçansa sizinlə görüşə biləcəmmi?

- Bayaq qısaca olaraq bir məsələyə toxundunuz. Söhbət hansı baş tutmayan görüşdən gedirdi?

- 1982-ci ildə Heydər Əliyev Naxcıvana  gəlməli idi. O zaman Heydər Əliyev hələ Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyirdi. Qeyd edim ki, o zaman, yəni, 1982-ci ilin may ayında da Naxçıvana möhkəm qar düşmüdü. Heydər Əliyev də həmin vaxt  Gürcüstana səfərdən  birbaşa Naxçıvana gəlmişdi. O vaxt  “obkom”un ikinci katibi məni yanına çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən də birici katibin qəbul otağında növbətçi duracaqsan, Heydər Əliyev gələndə bu sözləri deyəcəksən, məruzə edəcəksən, filan-filan… Mən də yuxarıda dediyim kimi, Heydər Əliyevin pərəstişkarı idim və  bu xəbərdən həm sevindim, həm də məsuliyyət hiss edirdim, yəni, Heydər Əliyevlə necə görüşəcəyəm və sair fikirlər məni məşğul edirdi. Ancaq qismət  elə  gətirdi ki, Heydər Əliyev gəldi, yuxarıya - ikinci mərtəbə qalxmadı və  birbaşa iclas zalına daxil oldu, orada çıxış edib getdi. Onunla görüşmək istəyim baş tutmadı, arzum ürəyimdə qaldı. Ancaq sən demə, necə deyərlər, Allah bu arzumu sanki eşidibmiş, onunla görüşmək qisməntini mənə nəsib edibmiş. Nə isə, bunu danışandan sonra Heydər Əliyev özünəməxsus tərzdə zarafatla dedi ki, bilsəydim, elə  qalxardım yuxarıya - birinci katibin qəbul otağında səninlə görüşərdim. Həmin vaxtdan  Heydər Əliyevlə bizim aramızda səmimi münasibət yarandı və qismət elə gətirdi ki, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən - 340-cı dairədən deputat seçildi, mən isə həmin rayonun 342-ci Cəhri seçki dairəsindən deputat seçildim. Deptuat olandan sonra bizim Heydər Əliyevlə münasibətlərimiz daha da yaxınlaşdı. Ali Sovetin sessiyalarında da bir yerdə otururduq. Çalşırdım ki, ona mənəvi dayaq olum, əlimdə elə bir imkan olmasa da. Xatirinizdədirsə, 1991-ci ilin fevral-mart sessiyalarında da ona qarşı hücumlar olurdu. Mənim əlimdən nə gələ bilərdi?.. O zaman rəhmətlik Afiyəddin Cəlilovun - o həm də keçmiş Ali Sovetin sədr müavinlərindən biriydi - yanına  getdim və dedim ki, fasilədən sonra çıxış edəcəyəm, Heydər Əliyevin çörəyini yeyib, indi onun üzünə ağ olanların, ona hücum edənlərin cavablarını verəcəyəm. Onu deyim ki, əsəbimdən də bir qədər  kövrəlmişdim, söyüş söyürdüm. Rəhmətlik Afiyəddin bunu görüb dedi ki, amanın günüdür, sən belə etmə, sənin işin yoxdur, özüm danışacağam və sair. Afiyəddin mənə onu da demişdi ki, fasilədən sonra yenə hücumlar olacaq. Mən də fasilədən qayıdıb iclas zalına daxil olanda dedim ki, Heydər Əliyeviç, sizə qarşı yenə hücumlar olacaq, əlacımız dözməkdir, başqa əlacımız yoxdur. Həmçinin dedim ki, gücüm sadəcə, ona çatdı getdim Afiyəddinə dedim, eləcə də, özümü saxlayammadım, gücüm elə ağlmağa çatdı. Heydər Əliyev də güldü, dedi ki, Eldar, neyləyək, birtəhər dözərik. Gəlib oturanda da gördüm ki, sarı, balaca bir dərmanı çıxarıb dilinin altına qoydu. Mən əvvəl başa düşmədim, sonra bildim ki, ürək dərmandır, onu qəbul edir ki, dözə bilsin...
Bakıdan, Ali Sovetin iclasından qayıdandan sonra da tez-tez məni çağırırdı, görüşürdük.  Onu da nəzərinizə çatdırım ki, mən o vaxt vəzifədən çıxmışdım - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən getmişdim. Kommunist Partiyası axır-axırda mənə qənim oldu...

- Nəyə görə?

- Məlum olduğu kimi, 1991-ci ilin mart ayında SSRİ-nin qorunub saxlanması ilə bağlı referendum keçirilirdi. Həmin vaxt Naxçıvan bu referenduma getmədi. Həmin vaxt, hətta, Bakıdan - Mərkəzi Komitədən bir nəfər katib və Nazirlər Soveti sədrinin müavini rəhmətlik Zülfü Hacıyev Naxçıvana gəlmişdi. Onlara da dedim ki, heç nə alınan deyil. Qeyd edim ki, məni də Afiyəddin Cəlilov onlara təhkim etmişdi. Dedim ki, özünüzü də heç nahaq yerə yormayın, Heydər Əliyevlə də görüşmək istəyirdilər, qəbul etməmişdi, bildirim ki, heç görüşməyin də xeyri yoxdur, Heydər Əliyev nə deyibsə, camaat da onu deyəcək və doğrudan da, biz referenduma getmədik. Ola bilsin bunların, eləcə də, Heydər Əliyevin yaxın adamı olmağım nəticəsində yuxarılar, Naxçıvanın yeni rəhbər şəxsi vəzifədə qalmağımı istəmirdilər və sonradan vəzifəmdən də getməli oldum...Sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.
Sonrası isə məlum...

Kamil HƏMZƏOĞLU

 





11.12.2012    çap et  çap et