525.Az

SOCAR “Star” layihəsi üçün cəlb etdiyi kreditlərin istifadəsinə başlayıb


 

SOCAR “Star” layihəsi üçün cəlb etdiyi kreditlərin istifadəsinə başlayıb<b style="color:red"></b>

Bu aydan etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi “Star” Neft Emalı Zavodu layihəsinin tikinti işlərinin maliyyələşdirilməsi ilə bağlı 23 bankla imzalanan kreditlərin istifadəsinə başlanılıb.

Bu barədə “APA-Economics”ə SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiye Enerji”nin rəhbəri Kənan Yavuz bildirib.
 
Onun sözlərinə görə, bu kredit müqaviləsi 18 illik müddəti əhatə edir:
 
“Bu kreditin cəlb olunması Türkiyə tarixinin ən böyük layihə maliyyələşdirilməsi sayılır. Bu vəsait bütövlükdə bütün layihəni əhatə edəcək”.
 
K. Yavuz deyib ki, artıq “Star” Neft Zavodunun tikintisi üçün torpaq işləri tam yekunlaşıb və inşaat işlərinə başlanılıb:
 
“Artıq “Petlim” limanının da tikintisinə başlanılıb. Çən və avadanlıq istehsalına start verilib. Dolayısı ilə neft emalı zavodunun tikintisi sahəsində  xeyli irəliləyişlər var. Cəlb olunan kredit neft emalı zavodunun bütün sahələrində istifadə olunacaq”.
 
“SOCAR Türkiye Enerji”nin rəhbəri deyib ki, layihə 2018-ci ilin mart ayında tam yekunlaşacaq:

“Bilirsiniz ki, Trans-Anadolu qaz boru xəttinin (TANAP) tikintisi də 2018-ci ilin ikinci yarısında yekunlaşmalıdır. Bu müddət üçün “Petlim” layihəsi də tam başa çatacaq. Söz verdiyimiz kimi, 2018-ci ildə SOCAR Türkiyənin ikinci ən böyük şirkəti olacaq”.
 
Petkim yarımadasında külək elektrik enerjisi istehsal edəcək qurğuların quraşdırılmasına da başlanıldığını deyən K. Yavuz bildirib ki, bu qurğunun 2016-ci ildə tam istifadəyə verilməsi gözlənilir.

 





13.05.2015    çap et  çap et