525.Az

Kann kinofestivalında Azərbaycan pavilyonu qurulub


 

Kann kinofestivalında Azərbaycan pavilyonu qurulub<b style="color:red"></b> Kann kinofestivalında Azərbaycan pavilyonu qurulub.
 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, 5-ci ildir, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Kann festivalında Azərbaycan pavilyonu təşkil edilir.
 
Festivalda nazirliyin kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov iştirak edir.
 
Pavilyonda Azərbaycanın kinosunun müasir inkişafını, nailiyyətlərini, ölkənin turizm imkanlarını əks etdirən, “Baku 2015” I Avropa Oyunlarını təbliğ edən çap, reklam məhsulları nümayiş olunur.
 
Bu il “Azərbaycanfilm” kinostudiyasının tarixində ilk dəfə olaraq Kann festivalının kino bazarına altı ekran əsəri təqdim edilib. Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri Şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmləridir.
 
68-ci Kann festivalının müsabiqə proqramında isə 19 film yer alıb. Kino nümayişi fransalı rejissor Emmaniel Berkonun “Başını dik tutaraq” filmi ilə açılıb. Festivalın finalında isə tamaşaçılar Lyuk Jakın “Buz və səma” filmini izləyəcəklər.
 
Festival mayın 24-də yekunlaşacaq və təntənəli mərasimdə “Qızıl palma budağı”nın sahibi və digər mükafatçılar elan olunacaq.
 





14.05.2015    çap et  çap et