525.Az

Millət vəkilinin Qarabağa gedən yollarla bağlı təklifi nəzərə alınıb


 

Millət vəkilinin Qarabağa gedən yollarla bağlı təklifi nəzərə alınıb<b style="color:red"></b>

Bu yaxınlarda millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı Ermənistanın işğalı altında olan torpaqlarımıza gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasından narazılıq edib. Xanım parlamentari Bakıdan Qarabağa gedən yolda işğal altındakı ərazilərimizə nə qədər məsafə qaldığı barədə işarələrin olmadığını təəssüflə qeyd edib.

“Çətindir ki, yollarda işarə qoyulsun ki, bu yol Xankəndinə, Xocalıya, Laçına, Şuşaya gedir? Çətindir ki, yollarda işarə qoyulsun ki, Xankəndinə, Xocalıya, Şuşaya, Kəlbəcərə bu qədər məsafə qalıb?”-deyə, o, sözlərinə əlavə edib.

525.az-ın məlumatına görə, millət vəkili eyni zamanda deyib ki,  bu məsələ onu ciddi narahat edir və düşünür ki, hamımızı narahat etməlidir: “Nə Bakıdan regionlara ayrılan mərkəzi yollarda, nə beynəlxalq yollarımızda, nə də Qarabağ istiqamətinə gedən yollarımızda Xankəndi, Şuşa, Xocalı, Laçın, bir sözlə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların Bakıdan hansı məsafədə yerləşdiyini göstərən bir dənə məlumatverici-göstərici nişanlar qoyulub Bakı-Qazax, Bakı-Astara yazılır, Bakı-Şuşa, Bakı-Xankəndi, Bakı-Xocalı niyə yazılmayıb?”

Qeyd edək ki, millət vəkilinin bu sözləri cəmiyyətdə də böyük maraqla qarşılanıb. Xüsusən, gənclərin vətənpərvər ruhda yetişməsi və işğal altında olan torpaqlarımıza məsafənin düşündüklərində də az olması istiqamətində belə işarələrin olması çox vacibdir. Bu məsələnin həm də digər tərəfi ondadır ki, işğal olunan torpaqların azadlığı üçün neçə kilometr gedilməli olduğu da bilinir.

Bununla bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında məsələnin artıq həll olunduğunu deyib.O,  yeni çəkilən yollarda vurulmuş məlumatlarda, nişanlarda işğal olunmuş rayonların adlarının yazıldığını bildirib:“Xüsusilə də həmsərhəd rayonlarda işğal olunmuş ərazilərin – məsələn Xankəndi, Şuşa, Kəlbəcər və digər ərazilərə nə qədər məsafə qalması haqında məlumatları əks etdirən nişanlar vurulur”. Onun sözlərinə görə, sadəcə olaraq köhnədən qalan yollarda yol nişanları çatışmır ki, bunlar da yavaş-yavaş dövriyyə buraxılır. Özü də bunlar yüksək səviyyədə reflektiv yol nişanlarıdır. Bütün yol göstəricilərimiz də bu rayonların adı var:“Onlar bizim rayonlardır. Nə olsun ki, ermənilər tərəfindən müvəqqəti işğal edilib. Biz onları heç vaxt ayıra bilmərik. Biz göstəricilərdə və yol nişanlarında bunu nəzərə alıb göstəririk. Bundan sonra da daha böyük sürətdə davam etdirəcəyik. Biz istəyirik ki, növbəti ilin axırlarına bütün istiqamətdə yol nişanları vurulmasını başa çatdıraq”.

Xocalıdan millət vəkili Elman Məmmədov da mətbuata açıqlamasında işğal olunmuş torpaqlara həmsərhəd rayonlarda işarələrin artıq qoyulduğunu deyib:“Mən həmin ərazilərə tez-tez gedirəm və görürəm ki, o yollarda işarələr var. Bərdədə, Yevlaxda belə işarələrə rast gəlirik. Orada Şuşaya, Laçına, Xankəndinə, Xocalıya və digər rayonlara məsafələr göstərilir” Millət vəkili həmçinin, belə işarələrin gənclərin vətənpərvər ruhda böyüməsinə də təsir etdiyini deyib:
“Belə işarələr göstərir ki, işğal olunmuş torpaqlar bizə çox yaxındır. Əminəm ki, yaxın zamanlarda biz həmin ərazilərə də gedib-gələcəyik. Xocalıya, Xankəndinə, Şuşaya, Ağdama bir sözlə bütün işğal olunmuş torpaqlarımıza yolumuz açılacaq”.

 

Biz 2 il bundan öncə bu kampaniyaya başlamışdıq. Kampaniyamız nəqliyyat naziri Ziya Məmmədova “İrəli” İctimai Birliyi adından məktub yazmaqla  başlamışdı.Biz o zaman belə yol nişanlarının çox az sayda olduğunu araşdırmışdıq”. Bu fikirləri isə mətbuata açıqlamasında digər millət vəkili Ceyhun Osmanlı deyib. Millət vəkili bildirib ki,  hələ nazirə müraciət edən zaman bunun kütləviləşdirilməsinin, xüsusilə də, Bakıdan etibarən mərkəzi magistrallar üzərində  Şuşaya, Xankəndinə, Kəlbəcərə , Laçına və digər işğalda olan rayonlara məsafələrin böyük elanlar, yol lövhələri şəklində qeyd  olmasını xahiş edidblərmiş: “Çünki ilk növbədə bunlar bizim ərazilərimizdir, sırf elə buna görə bu yol nişanları öz  əksini tapmalıdır. Bununla yanaşı ölkəmizdə  gənc nəsil formalaşır. Hər il milyonlarla insan magistrallarda hərəkət edir. Bu, uşaqların, gənc nəslin də hafizəsində Azərbaycana aid olan bölgələrin və işğal altında olan rayonların, Dağlıq Qarabağın əbədi həkk olunmasının təsiridir”.

C.Osmanlı onu da vurğulayıb ki, ölkəmizə hər il milyonlarla turist gəlir və onların da bizim ərziləri tanımasında zərurət var idi: “Çox sevinirik ki, bu yol nişanları artıq magistrallar üzərində tətbiq olunmağa başlayır”. Millət vəkilinin sözlərinə görə, sonradan bu təşəbbüs geniş rezonansa səbəb olub:

“Digər ictimai fəal insanlar da, hətta millət vəkilləri də bu məsələyə münasibət bildirdilər. Birlik, bərabərlik şəklində qaldırılan bu təşəbbüslərdən sonra   məsələ öz həllini tapdı. Biz buna gənclər olaraq əlbəttə ki, çox sevinirik”.
K.Həmidov

 





12.12.2012    çap et  çap et