525.Az

Heydər Əliyevin xatirəsi Yazıçılar Birliyində yad edilib


 

Heydər Əliyevin xatirəsi Yazıçılar Birliyində yad edilib  <b style="color:red"></b>  Dünən Azərbaycan Yazıçılar Birliyində ümummilli lider Heydər Əliyevin anım günü keçirilib. Tədbiri giriş sözü ilə açan Birliyin sədri, Xalq yazıçısı Anar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına qayğısından söz açıb:

“Heydər Əliyev Azərbaycan ədəbiyyatının inkişafına hər zaman böyük qayğı göstərib. Onun bu sahəyə diqqətli yanaşmasının ədəbiyyatımızın son dövr tarixinə mühüm təsiri olub. Ədəbiyyat adamlarına hörməti, həssas münasibətinə görə Heydər Əliyev misilsiz tarixi şəxsiyyətdir. O, mədəniyyətlə, ədəbiyyatla bağlı xaricdəki tədbirlərə gedərkən bütün səfərlərinə özü ilə bərabər yazıçıları, şairləri də aparardı. Mən də bir neçə dəfə səfərlərə – Qazaxıstana, Çinə onunla birgə getmişəm. Bizim çox doğma münasibətlərimiz vardı. Təsadüfi deyildi ki, onun vəfatı günündə mən ANS televiziyasında çıxış edərək bildirmişdim ki, Azərbaycan xalqı özünün böyük bir oğlunu, İlham Əliyev və Sevil Əliyeva atalarını, mənsə yaxın dostumu itirdim”. 

Sonra Anar uzun illər Heydər Əliyevlə birgə çalışmış Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimova çıxış üçün söz verib. N.İbrahimov Heydər Əliyevlə bərabər işləməyin zəngin təcrübə mənbəyi olduğunu, ümummilli liderin fəaliyyətinin, kadrları seçmə və çalışdırma bacarığının əsl məktəb kimi öyrənilməsinin zəruriliyindən söz açıb.  Məşhur həkim və alim Cavad Heyət Heydər Əliyevi qiyabi tanıdığı dövrdə də, sonralar birbaşa ünsiyyət saxladıqları müddətdə də onu böyük dövlət adamı, alovlu vətənpərvər kimi gördüyünü bildirib:

“İlk görüşlərimizdən birində Heydər Əliyevə dedim ki, Siz kiçik bir millətin böyük rəhbərisiniz. O isə cavab verdi ki, biz kiçik millət deyilik, 40 milyonuq. Bundan sonra mənim ona sevgim daha da artdı”. Xalq şairi Fikrət Qoca, professor Qəzənfər Paşayev, həmçinin Xeyrəddin Qoca, Ənvər Seyidov, Ramiz Məmmədzadə, Ayaz Vəfalı, Gülxani Pənah və başqa tədbir iştirakçıları da ümummilli liderlə bağlı xatirələrini, fikirlərini bölüşüb, onun Azərbaycan tarixindəki rolundan, ədəbiyyatımızın inkişafı naminə gördüyü işlərdən bəhs ediblər.  Tədbirdə şairlərdən Yusif Həsənbəy və Oqtay Rza Heydər Əliyevə həsr etdikləri şeirlərini oxuyublar, şair və alim Akif Azalp isə “İstiqlal” poemasından ümummilli liderə aid hissəni səsləndirib. NƏZRİN
 





12.12.2012    çap et  çap et