525.Az

On il sonrakı Mənə məktub - Cavid Qədir yazır


 

On il sonrakı Mənə məktub - <b style="color:red">Cavid Qədir yazır</b> Salam, Mən!

Dəqiq bilirəm, oxuyursan bu sətirləri. Söz vermişəm axı, öz əcəlimlə, qocalaraq öləcəm. Onu da bilirəm ki, təəccüblənmirsən. Həə, qocaa, nələr görmüsən, nələr...

Gözlərindən görürəm, yenə ürəyiyumşaqsan, hamını bağışlamağa hazırsan. Ay qardaş, sən İsa Məsih deyilsən axı. Tüpür hər şeyə. Unutmusan 10 il əvvəl demişdik ki, istənilən vaxt hər şeyə tüpürmək olar, amma istənilən vaxt hər şeyə yenidən başlamaq yox. Ona görə də çox ciddiyə alma həyatı – Kafkanı xatırla: “Ölümün olduğu yerdə ciddi nə ola bilər” axı? Yaxşı, yaxşı, Kafkanı sevmədiyini mən də bilirəm, elə mən də sevmirəm. Həm, hər şeyi ciddiyə almaq həyatı ən xırda təfərrüata qədər qaydasında olanlara xasdır. İtin qursağı yağ, bizimki xoşbəxtlik götürmür. Bilirəm ki, xoşbəxt deyilsən. Həyatı anlayanlar xoşbəxt ola bilməz axı. O cür dəvə nalbəndə baxan kimi süzmə məni. Hər şeyi bilirəm, hər şeyi. Unutmusan peyğəmbər olduğumu? – Sonuncudan sonrakı peyğəmbər...

... Yenə “yox” deyə bilmirsən, hə? Az ağrımısan ona görə, az xəyal qırıqlığına uğramısan? Əl çək bu üzüyumşaqlıqdan, barı on il sonra da olsa üzübərk ol. Heç olmasa ruhunu kökləyə, balans vura bilmisən?

Həyatının qadınını necə, tapmısan, yanındadı, yoxsa yenə kənd yerindəki it damı kimi yalnızsan? Yoxsa o da daşıya bilmədi sənin ruhunu? Ruhdan özgə nəyin var ee? Hələ də kosmopolit, liberal, gözəlliyi ruhda axtaran insansan? Yenə sərhədləri, vətən, millət anlayışını qəbul etmirsən? Belə də bilirdim, mənim adamımsan. Yadıma düşmüşkən, yenə Cem Adrianla Teoman birinci sıradadı? Remarkın “Zəfər tağı”nı da ki, əzbərləmiş olarsan.

... Yenə adamların şablon arzularında Cıdır düzü var, sən Allah? Hələ on il əvvəlki qərar... Qüvvədədir yenə? Adamlara inanmamağı deyirəm.

Ədəbiyyatdan da danış, sən Allah. Dünyanı xilas edə bilib? Dəyişməyi necə, bacarıb barı? Dəyişsə də könhə-kürüş satan qarıyla alveri baş tutar, yəqin bilirəm. Bu dünya kimə, nəyə lazımdı axı?! Hələ bir dəyişmək də fikrinə düşsün.

Çox maraqlıdı on il sonra necəyəm? Yəqin alnımdakı qırışlar dərinləşib, hə? Bəs saçlarım?! Tökülübmü tamam? Gözlərim yenə sərxoş baxır? İndinin özündə də inandıra bilmirəm ki, içki içən deyiləm. Bəs sən? Sən içirsən?

Dayan, görək, lap qarışdırdım, müraciət forması necə olmalıdı? “Sən”, “Mən”, ya “Özüm”? Axışına buraxsaq necə? Axı, biz eyni adamıq, hər şeydə ortaq mövqeyə gələ bilərik. Həm mən daha cavanam, nəzərə al. Amma sən 35 yaşında orta yaşlı kişi... Evlənmisən, işlərin necə gedir, bəs uşaqlar? Ya da belə soruşum: Bir şey mir şey çıxır, çax-çuxun var? Yenə əlindən kitab düşmür? On il sonranın dünyası necədi? Yenə yaxşılar uduzur? Yenə doğrular məğlub olur? Yenə səmimilər aldanır?

Bunlar cavabını bildiyim suallardı. Cavabını bilmədiyim suallar da var axı.

Heç olmasa ən böyük arzularından olan otaq dolusu kitab sahibi ola bilmisən? Həə, həə, cavabını bilmədiyim suallar azdı, lap az. Unutmusan? Peyğəmbərəm axı - Sonuncudan sonrakı.

Kodekslərin dəyişməyib ki? Həyat yenə gözəldirmi? Yaşamağa dəyərmi? Hələ də heç nə düzəlmir? Barı hər şey yaxşı olacaqmı? Bəs eşq? Eşq varmı? Heç olmasa, de görüm, olacaqmı?

... Sən Allahımız, sən Həzrətabbasın qələm qolları, cavab ver: o necədi?..
 





16.05.2015    çap et  çap et