525.Az

“Azərbaycan sarsılmaz multikultural dövlət imici ilə tanınır”


 

“AZƏRBAYCAN MULTİKULTURALİZMİ ÖLKƏMİZİN SİYASİ SİMASININ ƏSAS CİZGİLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİB”

“Azərbaycan sarsılmaz multikultural dövlət imici ilə tanınır”<b style="color:red"></b>

Multikulturalizm həyat tərzimizdir

“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Ümummilli lider Heydər Əliyevin bu fikirləri hər dəfə hansısa beynəlxalq tədbirdə səsləndiriləndə bir daha multikulturalizmin, tolerantlığın düşüncə tərzimizdə oturuşmuş bir fenomen olduğu öz təsdiqini tapır.  

Multikulturalizmi dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirən Prezident İlham Əliyev Ulu öndərlə həmfikir olduğunu ölkəmizin ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbir, simpozium və konfranslarda çıxışları və bəyanatları ilə bir daha sübut edir. Bu yaxınlarda Bakıda keçirilən Asiya İnkişaf Bankının  Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı Prezident bir daha multikulturalizmi xalqımızın ən mühüm dəyəri kimi xarakterizə edib: “Multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Bir çox sahələr kimi multikulturalizm və cəmiyyətdə dəyər konsensusu, qloballaşan informasiya məkanında aktuallıq, humanitar problemlər ətrafında müzakirələr ümumi mədəniyyətin səviyyəsi yüksək olan ölkələrdə sivil mübarizə yolları üstünlük təşkil edir. Azərbaycan Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmalıyıq. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması tarixi zərurətin nəticəsidir

Prezidentin bir il əvvəl- 2014-cü ilin 15 may tarixli fərmanı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması bütün bu söylənilənlərin əməli nəticəsi kimi öz təsdiqini tapmaqla həm də tarixi zərurətin nəticəsi kimi meydana çıxdı. Mərkəzin yaradılması ilə Azərbaycan dövlətin və xalqın multikultural həyat tərzini bir daha dünyaya nümayiş etdirmək imkanı qazandı.

Mərkəzin təsis edilməsində əsas məqsəd ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı bir il ərzində  ölkədə və xaricdə Azərbaycan multikulturalizmini təbliğ edən çoxsaylı layihə və tədbirlər həyata keçirib və keçirməkdə davam edir. Hazırda respublikamızın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənninin tədris olunmasını isə Mərkəzin tarixi nailiyyəti hesab etmək olar.

Azərbaycan multikulturalizmi artıq dünya təhsilinin tədris predmetidir 

Bir sıra dövlətlər Azərbaycanın multikulturalizm təcrübəsini öyrənib tətbiq etmək arzusundadır. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə Azərbaycan multikulturalizmi fənni hazırda 7 xarici ölkənin nüfuzlu ali təhsil ocağında -Müqəddəs Kliment Oxridski adına Sofiya (Bolqarıstan Respublikası), İvan Cavaxişvili adına Tbilisi Dövlət (Gürcüstan Respublikası), Litva Pedaqoji (Litva Respublikası), Praqa Karlov (Çex Respublikası), Roma La Sapienza (İtaliya Respublikası), Belarus Dövlət (Belarusiya Respublikası) universitetlərində və Ural Federal Universitetinin Yekaterinburq filialında (Rusiya Federasiyası) tədris olunur. Məlumat üçün qeyd edək ki, elə təkcə Belarus Dövlət Universitetində dünyanın 14 ölkəsindən olan 132 tələbəyə bu fənn tədris edilir.

Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması ilə bağlı edilən rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Almaniyanın Vürsburq,  İsveçrənin Frayburq, Türkiyənin Sakarya, Şimali Kipr Türk Respublikasının  Doğu Akdeniz,  Ukraynanın Lutsk Milli Texniki universitetlərinə rəsmi müraciətlərini göndərib. Hazırda BBMM Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə danışıqlar aparır.

Xatırladaq ki, “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanıb. Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənləri hazırda Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət,  Naxçıvan Dövlət, Lənkəran Dövlət və Azərbaycan Texniki universitetlərində tədris edilir. Hazırda ölkəmizin və dünyanın ali məktəblərində tədris edilən Azərbaycan multikulturalizmi fənninin əsas məqsədi bakalavr və magistrantlara ölkəmizin multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir.

Kamal Abdullayev: “Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir”

Bu yaxınlarda dövlət müşaviri, akademik Kamal Abdullayevin ötən ilin yayında mətbuatda dərc olunmuş “Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir” yazısına internetdə rastladım. Sözügedən dolğun, mənalı və çox dəyərli yazıda multikulturalizm mövzusu müxtəlif aspektlərdən işıqlandırılıb. Görkəmli yazıçı həmçinin məqalədə qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir: “Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.

Akademik haqlı olaraq vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Dövlət müşaviri həmçinin Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondunun olduqca əhəmiyyətli layihələr həyata keçirdiyini də yazıda önə çəkib.

Hazırda dünyanın əksər ölkələrində iflasa uğrayan multikulturalizmin fonunda təzahür edən, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayiş olunduğunu bildirən K.Abdullayev  bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanların ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıdığına əminliyini ifadə edib: “Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə bu idi”.

lll

Deyilənlərə, görü(n)lənlərə və yazılanlara sözardı:

“Zaman nisbi anlayışdır” - Eynşteyn dəqiq bilmədiyim hansısa zamanda belə deyib. Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən keçən bir illik zaman kəsimində zamanın nisbiliyi özünü bir daha göstərmiş oldu. Yüzillər boyunca multikultural dəyərlərlə yaşayan xalqımız və dövlətimiz bu Mərkəz vasitəsilə birillik müddət ərzində həm də əcdadların əsrlərdənqalma mirası olan xəzinəsini -multikulturalizmi dünya ictimaiyyəti ilə paylaşmaq kimi vacib bir işlə məşğul olub. Çox dəyərli olan bu xəzinə isə tükənməz və zəngin olduğundan BBMM-ə bundan sonra da hələ uzun onillər səmərəli fəaliyyət dövrü arzulayırıq ki, bu önəmli missiyanı indiki kimi şövq və əzmlə həyata keçirsin.

S.ABDULLAYEVA

 





16.05.2015    çap et  çap et