525.Az

Vaqif Bəhmənli dünyasına səyahət


 

Vaqif Bəhmənli dünyasına səyahət<b style="color:red"></b>

Vaqif Bəhmənli!

Bu imza artıq geniş oxucu təbəqəsi və ziyalılar arasında tanınan, şeirləri, publisistik yazıları, kitabların müəllifi, televiziya ekranlarında görünən, radio dalğalarında səsi eşidilən çox hörmətli bir ədəbi şəxsiyyətindir. Mən Vaqif Bəhmənlinin çoxsaylı pərəstişkarlarından biriyəm. Bu günə kimi onun bütün yazılarını oxumuş, gündəliyimdə qeydlər aparmış, onun şirin, dadlı cümlələrini yadımda saxlamış, şeirlərin çoxunu əzbərləmiş, publisistik yazılarını kəsib saxlamışam. Son vaxtlar çap olunmuş “Sınıq güzgü” 3 cildlik şeirlər toplusu, “Qızıl Qala” kimi əvvəllər çap olunmuş kitabları da mənim stolüstü kitablarımdır.

Şeir Vaqif Bəhmənlinin canına, beyninə, hüceyrələrinə hopub. Vaqif onsuz bir an belə yaşaya bilmir. O, həmişə axtarır, düşünür, şeir vasitəsilə yeni fikirlər söyləmək istəyir. Elə Vaqif Bəhmənlinin çapdan çıxmış 3 cildlik kitabında da söylədiyimiz bütün bu fikirlər öz əksini tapır.

Şeir mənim Vətənimdir!
yaşaram Vətənsiz,
Vətən yaşar
mənsiz.
Həsrət çəkə-çəkə yaşaram
Gözümdən yaş
tökə-tökə yaşaram
Köçəri quş səbritək,
Füzulinin
qürbətdəki, qəbritək
                yaşaram...
yaşarammı şeirsiz bəs?

Vaqif şeir yazarkan qələmi əlində sərrast saxlayır, onun yaxşı şeirlər yazmağını istəyir. “Qələmin” şeirini də bütövlükdə öz qələminə həsr edib:

İlk sözü yazan gün demədimmi bəs,
Qələmim, özünə ayrı yol ara.
Qələmim, qılınc ol boğazımı kəs,
Səni çox çəkmişəm əyri yollara.

lll

Sən mənim balamsan, qələmdir adın,
Yatmır ürəyimə yazdığım sətir.
Əzəldən belədir, nankor övladın,
Dərdini həmişə atası çəkər.

Qələm Vaqif üçün yaradıcı silahdır, onun qələmi düzü-düz, əyrini-əyri yazır. Vaqif üçün Vətən hər şeydir.

Vaqifi ən çox narahat edən Qarabağ dərdidir. O, Vətənin və xalqının yolunda hər şeyə hazırdır və özünün “Vətən” şeirində yazır:

Hələ əllərimdən nə gəlir
Vətən,
Hələ ki, balaca körpənəm sənin.
Könlümdən bir arzu yüksəlir,
Vətən,
Yolunda ölməyi öyrənim sənin.

Gənc yaşlarında yazdığı bu şeirə sadiq qalan Vaqif Bəhmənli sonradan Vətənin çətin günlərində Vətəni qarış-qarış gəzdi, onun çətin günlərində ona arxa oldu, sözünü dedi, döyüş bölgələrinə getdi, hərbiçilərlə yan-yana durdu, onlarla bir yerdə yuxusuz gecələr keçirdi, aylarla qaçqınlarla qaçqınlıq həyatı yaşadı, onlara dözümlü olmağı öyrətdi.

Vaqif Bəhmənli həmişə öz doğma kəndinə, elinə-obasına, valideynlərinə, qohumlarına bağlı bir Vətən övladıdır. Orada olan hadisələri öyrənir, keçmişi yada salır, babalarını, nənələrini, yaxınlarını olduğu kimi şeirə köçürür, kəndinin adamları ilə fəxr edir. “Kəndimizin adamları” şeirində şair yazır:

Dünən körpə bala idim -
Əmim idi, dayım idi,
Bibim idi, xalam idi,
Bir yel əssə böyrümüzdən
Dərdimizə qalan idi-
Kəndimizin adamları.
O yerləri düşündükcə
Sevinc qəmi gözdən alır,
yaxınların, uzaqların
Havasını bizdən alır -
Kəndimiz
in adamları.

Vaqif Bəhmənli doğma kəndində Həsənqulu oğlu Qəbilin yurdunda dünyaya gəlib, boya-başa çatıb, çətin sınaqlardan çıxıb, zəhməti, əməksevərliyi, keçirdiyi yuxusuz gecələrin hesabına Vaqif Bəhmənli zirvəsinə ucalıb. “Ürəyimi qorudum”, “Mən bir gül kolpanı” adlı şeirləri, deyərdim ki, bu silsilənin zirvələridir:

Mən bir gül kolpanı,
Gül topasıydım
Bəhmənlidə,
Həsənqulu oğlu
Qəbilin yurdunda -
Arzu biçimində,
dilək içində.

Vaqif Bəhmənlinin anası rəhmətlik Dilafuruz xanımı yaxşı tanıyırdım. O, bir dəfə Vaqifə deyir ki, Vaqif qamətini şax saxla, belini niyə əyirsən. Vaqif bunun cavabını “Ürəyimi qorudum” şeirində cavab verir:” Kirayədə yaşadığım evlərin Darvazaları balacaydı, əyildim”. Vaqif şeirlərinin birində yazır:

Anamdan başqa
Arxamda duranım olmayıb.
Birinci kitabım çıxanda
Kürəyimə vuranım olmayıb -
Mənim xətrimə dəyməyin.

Vaqif Bəhmənlinin bir dünyası da var, o, uşaqların dünyasıdır, əgər Vaqifin 5 dəqiqə vaxtı varsa, uşaqlarla əylənməyi çox sevir. Vaqif buna görə də yazır:

“Ömrümüzə bəzəkdir, doğulan hər bir çağa,
İnsan gəlir dünyaya, dünyanı yaşatmağa”.

Uşaqlara həsr etdiyi “Qızıl Qala” buna əyani misaldır. Bu kitabda uşaqlar üçün yazılan əlifba, nağıl, nəğmə, əfsanə, dastan və s. mövzularda şeirlər maraqla oxunur. “Əlifba” şeirində yazır:

Addımını “A”-dan at,
“A” sözlə Allaha çat.
“Ata”, “Ana”, “A” murad
“A”sız olurmu həyat?”

Və ya:

Dədə Qorqud dədəmiz -
Əcdadımın adıdı.
“D” dağ, “D” daş, “D” dəniz
“D” dilimin dadıdı.

Bu kitabda verilmiş nağıl, əfsanə, dastanlar uşaqlara şeir dilində çatdırılır.

“Apar məni”, “Kim nədən qorxur”, “İtmiş çiçəklər”, “Ay səni Xəyyam” və başqa nağıllarda uşaqlara uşaq dilində səmimi, şirin sözlərlə vacib mənalar çatdırılır. “Ay səni Xəyyam” nağılında şair yazır:

Konfet verdim
                 yedi.
- Ağzımı sil, dedi,
                 sildim.
- Əlimi sil, dedi,
               sildim.
- Dilimi sil, dedi,
Güldüm...

Poeziya sözündə bir -ziya hissəciyi var - işıq, nur deməkdir. Deməli poeziya həm də işıqdır. Bu işıq Vaqif Bəhmənlinin bütün şeirlərində var.

Vaqif Bəhmənli poetik sözün təsirinə inanır və bu inamdır onun yaradıcılığına şöhrət və ucalıq gətirən. Bu inam onu əsl söz sahibi edib, şairin sənət dünyasında çıraq yandırıb. Vaqif çox sadə dildə yazır, onun şeirilərini oxumaq da, yadda saxlamaq da asandır. Şair Vaqif Bəhmənli həyatda necədirsə, cəmiyyətdə, yaradıcılıqda da özünü elə sadə formada təqdim edir. Poeziyasının və şəxsiyyətinin mayası haqq ilə yoğrulub. Haqq onun üz tutduğu qiblədir. “Haqdan üzülənin izi qalmaz” - deyən şairin ədəbiyyatda və oxucu ürəyində ona görə izi var ki, o, yaradıcılığında və həyatda seçdiyi meyarlara həmişə sadiq qalıb.

Vaqif nə yazırsa yazsın, ürəyinin hisslərini, gördüklərini, yaşadığı zamanın hadisələrini, tanıyıb-bildiyi şəxsiyyətləri yazır. Onun son illər çap olunmuş kitablarından biri görkəmli ictimai xadim Kamran Hüseynovdan bəhs edir. Bu sənədli romanın adı “İlin beşinci fəsli. Kamran”dır. Kamran Hüseynov lap gənc yaşlarından ömrünün sonuna qədər qurub-yaradan insan olub. Kitabı oxuyuruq: “Kamran müəllim deyir: “Taleyimdən razıyam. Onu özüm yaratdım. Oxutmadılar - oxudum. Evləndirmədilər - evləndim.

Böyütmədilər - böyüdüm. Dayağa söykənmədim - dayaq oldum. Öyrətmədilər - öyrəndim”.

Vaqif Bəhmənli “İlin beşinci fəsli Kamran” sənədli romanını belə sonluqla bitirir: “...Hə, Kamran əmi, halal elə, qaya kimi möhkəm, pozulmaz yaddaşına söykənərək sənin həyat romanının üzünü köçürdüm”.

Həyatın min bir adı var. O adlardan biri, bəlkə də birincisi, heyrətdir. Doğumluq heyrəti, ölmək heyrəti, sevmək heyrəti, qovuşmalar heyrəti.

Vaqif Bəhmənli bu sözləri qələmə alarkan yüz ölçüb, bir biçir. Görəsən bu sözlər oxucuları qane edəcəkmi, onlara yeni fikir aşılayacaqmı?

Bu yaxınlarda onun “Hamı” adlı nəfis bir kitabı çapdan çıxıb. Bu kitabda da Vaqif müəllim sübut etdi ki, o, həqiqətən də, sözün ali mənasında Hamının şairidir.

Yaxşı ki, hamıdan uca Allah var!
Yaxşı ki, hamıdan uca hamı var...
Allah izin verməsəydi bu kitab necə yaranardı?
Lap yaransa belə, hamı olmasaydı,
Bu kitab kimə gərək idi?

Allahın varlığı, Allahın duası və ona inam Vaqif Bəhmənli dünyasına hopub. Ona görə o, “yaxşı ki, hamıdan uca Allah var” deyir.
 
Vaqif müəllim “Həkim” şeirində əslində şairlə həkimin eyni məqsədə qulluq etdiyini açıqlayır. Həkimin də obyekti insandır, şairin də. Həkim insanı cismən sağaldır, şair isə ruhən.

Bu yazıda Vaqif Bəhmənli poeziyasına kiçik bir ekskursiya etdik. Bütövlükdə Vaqifin bütün şeirləri məna etibarilə dolğun bir həyatdır, onlar yaddaqalandır, insanları düşünməyə vadar edir.

Vaqif Bəhmənli haqqında düşünərkən onun şair qəlbinə, sənətkar ürəyinə bir minnətdarlıq duyğusu bürüdü məni. İnanıram ki, bu ürək ona yeni-yeni ülvi fikirlər, işıqlı duyğular yetirəcək, həmin düşüncələr gözəl-gözəl şeirlərə çevriləcək.

Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar həkim

 





18.05.2015    çap et  çap et