525.Az

Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya: elmi dərəcələrin uyğunluğu məsələsi - II yazı


 

Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya: elmi dərəcələrin uyğunluğu məsələsi - <b style="color:red">II yazı</b>

Bir daha doktorluq haqqında: orada və burada

İngilisdilli ölkələr və post-sovet məkanında tətbiq olunan elmi dərəcələr sistemində ən böyük fərq doktorluq dərəcəsi ilə əlaqədardır. Doktorluğa gedən yol isə indiki doktorantura - əvvəlki aspiranturadan keçir. Yaxın zamanlara qədər post-sovet məkanında geniş istifadə olunmuş aspirant sözü  ingilis dilinə tərcümə zamanı çətinlik yaradan terminlərdən biridir. Doğrudur, hazırda bu söz demək olar ki, istifadədən çıxıb. Lakin bir çox məqamlar var ki, (məsələn, ingiliscə tərcümeyi-hal yazarkən) aspirant sözünün ingilis dilinə çevrilməsinə ehtiyac yarana bilər.  Aspirant  ingilis dilinə necə tərcümə olunmalıdır ki, məna itkisinə yol verilməsin? Aspirant -ı graduate/postgraduate student terminləri ilə yanaşı, həm də doctoral student  kimi də tərcümə etmək olar. Qeyd edək ki, bu termin (doctoral student)  aspirantın ingilisdilli ölkələrdəki doktorluq dissertasiyasının analoqu olan araşdırma üzərində işlədiyini aydın göstərir və bir tədqiqatçı kimi onun mövqeyini dəqiq ifadə edir. Məsələ burasındadır ki, mahiyyətcə eyni, lakin bir sıra ingilisdilli ölkələrdə fərqli ifadə olunan graduate student (ABŞ-da) və postgraduate student (Böyük Britaniyada) terminləri o öyrəncilər haqqında işlədilir ki, onlar fəlsəfə doktoru elmi dərəcəsi (eləcə də magistr dərəcəsi) qazandıran proqramlar üzrə işləyə bilsinlər. Başqa sözlə, onların fəaliyyətinin əsasında tədqiqat işləri durmalıdır.

Alma almaya bənzər, bəs dərəcələr?

Senior doctorate  post-sovet məkanında işlədilən elmlər doktoru dərəcəsi anlayışına ekvivalent sayıla bilər. Lakin qeyd etmək lazımdır ki, post-sovet məkanında elmlər doktoru dərəcəsini əldə etməkdən ötrü dissertasiya yazmaqla yanaşı, monoqrafiyanın yazılması da tələb olunur. Doctor of Science / Doctor of the Sciences / Doctor of History / Doctor of Technical Sciences kimi terminlərin istifadəsi zamanı mənanın dəqiq çatdırılması üçün müəyyən izahat verilməlidir. Məlumdur ki, post-sovet ölkələrində  elmlər doktoru ən yüksək dərəcə sayılır. Onu da bilirik ki, bu dərəcənin sahiblərindən bir çoxu müəyyən zamandan sonra professor adını qazanırlar.

Baxmayaraq ki, ABŞ-da post-sovet ölkələrində tətbiq olunan elmlər doktoru dərəcəsinə uyğun gələn dərəcə yoxdur (bu ölkədəki Ph.D - fəlsəfə doktoru, yaxın keçmişə qədər işlətdiyimiz “elmlər namizədi” dərəcəsinə uyğun gəlir), bəzi universitetlər bir sıra ixtisaslar üzrə elmlər doktoru dərəcəsi verir. Bu dərəcələr qısaca olaraq belə işarələnir - Sc.D., D.Sc., S.D. və ya Dr.Sc. Bu elmi dərəcələrin verilməsi təcrübəsini fəlsəfə doktoruna alternativ kimi Harvard Universiteti, Cons Hopkins Universiteti, Massaçusets Texniki Universiteti, Robert Morris Universiteti və Tuleyn Universiteti (Luiziananın Tuleyn Universiteti) kimi dünyaca məşhur ali təhsil müəssisələri tətbiq edir. Məsələn, Cons Hopkins Universitetində elmlər doktoru dərəcəsi ( the Doctor of Science - Sc.D) epidemiologiya, psixologiya və sosiologiya sahəsində perspektiv tədqiqatlar aparmaq məqsədilə yeni metodlar işləyib hazırlayan xüsusi istedada və qabiliyyətə malik insanlara verilir.

Çeşid-çeşid dərəcələr...

Yuxarıda yazılanları ümumiləşdirmək lazım gələrsə, qısaca deyə bilərik ki, ingilisdilli ölkələrdə fəlsəfə doktoru dərəcəsi tədqiqat işi aparan alimlərə verilir. Başqa sözlə, fəlsəfə doktoru dərəcəsi almağa iddialı şəxs ciddi tədqiqatçı olmalıdır.   İngilisdilli ölkələrdə uzun müddətli və məhsuldar elmi fəaliyyətin qarşılığında verilən fəlsəfə doktoru elmi dərəcəsi ilə yanaşı, bir sıra şərəfli dərəcələr də mövcuddur - honorary/higher/senior doctorates, Honor Doctor, Honor degree və ya Doctor honoris causa və s.

Bu kateqoriyadan həm də Doctor of Science, qısa forması - D.Sc. (təbiət elmləri üzrə); Doctor of Letters, qısa forması - Lett.D. (humanitar elmlər üzrə); Doctor of Laws, qısa forması - L.L.D. (hüquqşünaslıq üzrə) dərəcələrini göstərə bilərik. Bu dərəcələrin qazanılması üçün hər hansı xüsusi tədqiqat aparılması və ya dissertasiya yazmaq tələb olunmur. Məşhur alimlər elm sahəsində gördükləri işin, göstərdikləri xidmətlərin qarşılığı olaraq bu adlara layiq görülə bilərlər. Alim bir neçə və ya çoxsaylı doktorluq dərəcəsinə sahib ola bilər.

İngilisdilli ölkələrdə tədqiqat dərəcələri (research degrees) ilə yanaşı, həmçinin bəzi ixtisas sahiblərinə verilən  professional dərəcələr (professional degrees) də vardır. Həmin sahələrdən aşağıdakıları göstərmək olar:

Doctor of Medicine, qısa forması - M.D. (tibb üzrə)

Juris Doctor, qısa forması - J.D. (hüquqşünaslıq üzrə)

İngilisdilli ölkələrdə professional dərəcəni qazanmağa iddialı olan şəxslərin, müvafiq peşəkar qurumlar tərəfindən irəli sürülən tələblərə cavab verən təcrübə və səriştəyə malik olması vacibdir. Məsələn, ABŞ-da Juris Doctor (hüquq elmləri doktoru) dərəcəsini qazanmaqdan ötrü, bir qayda olaraq, öncə bakalavr dərəcəsi almaq, daha sonra 3 illik hüquq fakültəsini/məktəbini (law school ) uğurla bitirmək; Doctor of Medicine (tibb elmləri doktoru) dərəcəsini qazanmaq üçünsə əvvəlcə bakalavr dərəcəsini, daha sonra  4 illik tibb fakültəsini/məktəbini (medical school) və internaturanı (internship) bitirmək vacibdir. Bu məlumata əsasən deyə bilərik ki, ingilisdilli ölkələrdə professional dərəcələri qazanmaq üçün çox vaxt tələb olunur. Baxmayaraq ki, həmin ölkələrdə namizədlik dərəcəsinə ekvivalent kimi işlədilə bilmir, tibb və hüquq üzrə verilən professional dərəcələr post-sovet məkanında fəaliyyət göstərən həkim və hüquqşünasların elmlər doktoru olmaları barədə aldıqları diplomlara uyğun gəlir. Həmin dərəcənin sahibləri bu halları nəzərə almalı və lazım gəldikdə belə bir izahat verməlidirlər:      

She has a degree which we call Doctor of Medical Science degree. It is our senior research doctoral degree in this field.

Elmi dərəclər arasında uyğunluq və ümumilik hələ onların müxtəlif ölkələrdə avtomatik olaraq eyni səviyyədə qəbul ediləcəyinə zəmanət vermir. Keçmiş Sovet ölkələrinin bir qismində, məsələn, Rusiya, Ukrayna və digərlərində, xaricdə alınmış Ph.D. - fəlsəfə doktoru dərəcəsi müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən nostrifikasiya prosedurundan keçməlidir. Bolonya prosesi çərçivəsində elmi dərəcələrin unifikasiyası da həllini gözləyən məsələlərdəndir.

 





18.05.2015    çap et  çap et