525.Az

YAP prezidentliyə namizədinin adını bir daha açıqladı


 

YAP prezidentliyə namizədinin adını bir daha açıqladı<b style="color:red"></b>

“Azərbaycan xalqının prezident seçkiləri ilə bağlı təsəvvürlərinin əsasını təşkil edən ideya növbəti beş ildə də ölkəmizə İlham Əliyevin rəhbərlik etməsi ilə bilavasitə əlaqədardır”. 

525.az-ın məlumatına görə, bu fikri dünən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və  icra katibi, millət vəkili Əli Əhmədov ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı  hakim partiyanın Xətai rayon şöbəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir ictimai düşüncənin formalaşması Azərbaycanın inkişafı və bu inkişafın hər bir Azərbaycan vətəndaşında, ailəsində özünü göstərməsi ilə əlaqədardır:

“Hər bir Azərbaycan vətəndaşı və ailəsi bu inkişafdan öz payını götürür və bundan sonra da Azərbaycanın inkişafını İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində gördüyündən 2013-cü ilin prezident seçkilərində də özünün namizədi qismində məhz İlham Əliyevi görür”.

Ə.Əhmədov qeyd edib  ki, bu yanaşmanı Azərbaycan gəncliyi də bölüşür:

“Azərbaycan gəncliyi İlham Əliyevin rəhbərliyi, ortaya qoyduğu reallıqlardan, sabitlikdən və əmin-amanlıqdan, inkişafdan, gələcəyin layiqli vətəndaşları kimi yetişmək imkanlarının mövcud olmasından faydalanır və bütün bunlar toplum halında Azərbaycan gəncliyinin də 2013-cü ilin prezident seçkilərində namizədin məhz İlham Əliyevin şəxsiyyətində görməsini şərtləndirir”.

YAP rəsmisinin bildirdiyinə görə, hakim partiyanın sıralarında 600 minə yaxın Azərbaycan vətəndaşı var:

“Bu, böyük bir ordudur, eyni zamanda, YAP sıralarında bu qədər insanın birləşməsi Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının Heydər Əliyevin şəxsiyyətinə, ideyalarına dərindən inamını ifadə edir”.

Ə.Əhmədov  YAP sıralarına daxil olan insanlar arasında gənclərin xüsusi rol oynadığını vurğulayıb:

“Bu o deməkdir ki, Azərbaycan gəncliyi də öz siyasi fəaliyyətində Heydər Əliyevin ideyalarından qidalanır”.

Kamil Həmzəoğlu

 





12.12.2012    çap et  çap et