525.Az

Ermənistanın Azərbaycana vurduğu maddi ziyan hesablanır


 

Ermənistanın Azərbaycana vurduğu maddi ziyan hesablanır<b style="color:red"></b>

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəyə dəyən maddi ziyanın hesablanılmasına başlanılıb”.
 
525.az-ın məlumatına görə, bu  məlumatı mətbuata açıqlamasında Azərbaycan
Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili, professor Xanhüseyn Kazımlı verib. Millət vəkilinin sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartları əsasında aparılan hesablamaları xarici ekspertlər həyata keçirəcək:

“Bundan başqa Azərbaycanda da bu proses gedir. Bunun üçün könüllülərdən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrupuna müxtəlif sahələri təmsil edən ekspertlər daxildir. Artıq xeyli iş görmüşük. Bu işlər Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun çağırışları əsasında aparılır”. X.Kazımlı deyib ki, qiymətləndirmə bütün sahələri əhatə edəcək, insanlara, dövlətə dəyən maddi ziyan, turizm potensialından, yeraltı və yerüstü sərvətlərdən, çay-su hövzələrindən istifadə edilməkdən məhrum olunması  və meşə örtüyünə dəyən ziyan nəticəsində ayrı-ayrılıqda hesablanacaq:

 “Hazırda qüvvədə olan beynəlxalq qiymətləndirmə standartları var. Bu dəyərləndirmə həmin standartlar əsasında aparılacaq. Mən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvüyəm. Qurumun may ayında keçirilən iclasında iki dövlət arasında baş verən münaqişə zamanı ölkələrə dəyən ziyan, itki və tələfatların qiymətləndirilməsinin qaydalarının, metodlarının və yanaşmalarının müəyyənləşdirilməsi haqda məsələ qaldırdım.Təklif etdim ki, bu normalar beynəlxalq qiymətləndirmə standartlarında əks olunsun. Həmin dövrdə təklifim qəbul olundu. Belə qərar gəlindi ki, dövlətlərarası münaqişə zəminində baş verən itki və tələfatların hesablanması zəruridir. Çünki dünyada münaqişələrin sayı artır. İtki və tələfatların hesablanması üçün təklif olunan normaların beynəlxalq qiymətləndirmə standartlarına daxil edilməsi üçün Azərbaycan layihə hazırlasın. Sonra isə layihə müzakirə olunsun”.

X.Kazımlı eyni zamanda qeyd edib ki, artıq layihə hazırlanıb və dekabrın 11-də Moskvada Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasına təqdim olunub:“Qərara gəlindi ki, bu normalar beynəlxalq qiymətləndirmə standartlarına daxil edilsin. Qurumun növbəti nəşrində bu normalar dərc olunacaq. Hesab edirəm ki, bu Azərbaycanın uğurudur”.

Partiya sədri daha sonra bildirib ki,  Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq hesablanması, qiymətləndirilməsi, müzakirə və təsdiq olunması üçün müvafiq sənədi beynəlxalq ekspertlərə təqdim edib: “Onlar bu sənədlərə baxırlar, rəylərini bildirəcəklər. Ola bilər ki, bura müəyyən əlavələr olsun. Proses yekunlaşandan sonra bunun müxtəlif ölkələrdə təqdimatlarını keçirəcəyik. Belə bir qiymətləndirmə gələcəkdə Ermənistana qarşı maddi təzminat iddialarının qaldırılması üçün çox vacibdir”. 

Kamil Həmzəoğlu

 





12.12.2012    çap et  çap et