525.Az

Moskvada Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib


 

Moskvada Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib<b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvada - İ.O.Dunayevski adına musiqi məktəbində böyük cazmen, pianoçu, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş caz musiqisi gecəsi keçirilib.

Gecə Moskva Mədəniyyət Departamentinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) tərəfindən təşkil olunub.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev qonaqları təşkilatın sədri Leyla Əliyevanın adından salamlayaraq bildirib ki, Vaqif Mustafazadə Azərbaycan mədəniyyətinin fəxridir. O, Azərbaycanın ən böyük musiqiçilərindən biridir. Biz də onun musiqisini məmnuniyyətlə dostlarımızla bölüşürük.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun salamlarını çatdıraraq bildirib ki, Vaqif Mustafazadə təkcə Azərbaycan cazında deyil, həm də dünya cazında bütöv bir dövrdür.
 
O deyib: "Vaqif Mustafazadə cazda yeni istiqamətin - Azərbaycan caz-muğam üslubunun yaradıcısıdır. Onun yaradıcılığı Azərbaycan muğamı ilə caz improvizasiyalarının sintezidir".

Müşavirin sözlərinə görə, təkcə Azərbaycanın caz musiqiçiləri deyil, Rusiyanın bir çox cazmenləri də V.Mustafazadəni özlərinə örnək sayıblar. O deyib: "Vaqifin bizə qoyub getdiyi irs indi də son dərəcə müasir səslənir".

Rusiyanın Xalq artisti, pianoçu, bəstəkar, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru İqor Bril məşhur Azərbaycan cazmeni ilə dostluğundan söz açaraq deyib:
 
"Bizim çox maraqlı görüşlərimiz olub: konsertlər, musiqi barəsində bitib-tükənməyən söhbətlər. Vaqif ilə Bakıda da görüşmüşük, festivallarda iştirak etmişik".

Tanınmış pianoçu Vaqif Sadıxov V.Mustafazadə barədə xatirələrini bölüşərək deyib:
 
"Dostlarımız onu "böyük Vaqif", bəstəboy olduğuma görə məni "balaca Vaqif" adlandırırdılar. Bakı musiqinin həmişə bol olduğu və çoxlu sayda istedadlı musiqiçinin yaşadığı cənub şəhəridir. Belə bir mühitdə boya-başa çatan Vaqif də caz mədəniyyətinə dərindən yiyələnmişdi. O, çox istedadlı və bacarıqlı insan idi, yaratdığı musiqi isə içindən süzülüb gəlirdi".

Gecə azərbaycanlı və rusiyalı gənc musiqiçilərin çıxışları ilə davam edib.
 
Vaqif Sadıxovun, P.Çaykovski adına Moskva Konservatoriyasının tələbəsi Jalə Kərimovanın, konservatoriyanın məzunu Elmar Həsənovun, məktəbin direktoru, RF-nin Əməkdar Mədəniyyət İşçisi Aleksandr Krasinin idarəçiliyi ilə "Aleksandr bend" caz orkestrinin, Moskvadakı Q.Qarayev və İ.Dunayevski adına musiqi məktəblərinin, Moskvanın aparıcı caz mərkəzlərinin yetirmələrinin ifasında Vaqif Mustafazadənin, Səid Rüstəmovun, Tofiq Quliyevin, Əzizə Mustafazadənin, Ron Karterin, Dyuk Ellinqtonun və başqalarının əsərləri səslənib.

 





20.05.2015    çap et  çap et