525.Az

Jalə Əliyeva ATƏT tribunasından qadın həmkarlarına səsləndi


 

“...Bunlar hekayə deyil, günümüzün həqiqətləridir”

Jalə Əliyeva ATƏT tribunasından qadın həmkarlarına  səsləndi<b style="color:red"></b>

“Qadınların və kişilərin cəmiyyətdəki statusu, onların vəzifələri hər zaman filosofların, elm xadimlərinin maraq mövzusu olub. Xüsusilə, son üç əsrdə bu mövzu çox aktuallaşıb, qadınların cəmiyyətdə statusu, bərabər haqlara sahib olması və onların bilik və qabiliyyətlərinin inkişafı əsas mövzulardan birinə çevirib”.

525.az-ın məlumatına görə, bunu millət vəkili Jalə Əliyeva Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in qadın parlamentarilər ilə bağlı tədbirində çıxışı zamanı dilə gətirib.Onun dediyinə görə, hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçmə və seçilmə haqqı verilib. Halbuki Almaniya, İsveç və keçmiş Çexoslovakiya bu haqqı Azərbaycandan sonra 1919-cu ildə, İspaniya 1931-ci ildə, Türkiyə 1934-cü ildə tanıyıb. Hətta, İsveçrənin bəzi kantonlarında bu haqq 1971-ci ildə tanınıb.

Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan parlamentində mandat sayına baxdığımızda kişilərin sahib olduqları 84%-nin müqabilində qadınların ancaq 16%-lik bir nisbətdə təmsil olunduqlarını görmək mümkündür:

“Lakin bu  84 və 16 faiz arasında sizi əmin edirəm ki, bərabərlik işarəsi qoymaq olar. Bəli, 16 faiz qadın 84 faiz kişiyə bərabər yükü daşımağa, eyni məsuliyyəti öhdəsinə götürməyə qadirdir və bunu da bilavasitə öz əməyində göstərir. Şübhə yoxdur ki, Azərbaycanda qadın siyasəti dövlətin yeritdiyi siyasətin içərisində özünəməxsus yer tutur. Başqa sözlə desək, qadın siyasəti vahid siyasətin ayrılmaz tərkib hissəsidir və bu siyasətlə vəhdətdə həyata keçirilir.Çünki qadın problemi xalqın, cəmiyyətin, dövlətin problemi olduğu üçün onu ayrılıqda həll etmək mümkün deyildir. Məhz bu baxımdan, qadın siyasəti də bütövlükdə yeridilən siyasətin tərkib hissəsi olaraq onunla birlikdə, vəhdətdə götürülməlidir.Mən Azərbaycanda həyata keçirilən dövlət siyasəti haqqında danışarkən mütləq bir- neçə Prezident sərəncamını da qeyd etməliyəm. Hələ 1998-ci ildə  və 2000-ci ildə  dövlət qadın siyasətinin tətbiq edilməsi  ilə bağlı sərəncamlar imzalanıb, 2006-cı ildə yenə də prezident sərəncamı ilə  daha əvvəllər Azərbaycanda mövcud olan Qadınlar Komitəsinin səlahiyyətləri artırılaraq  Ailə, Qadın, Uşaq məsələləri Komitəsi yaradılıb. Ötən il Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 40-dan çox ölkəsindən 200 nəfərdən artıq qadın lider iştirak edib”.
 
J.Əliyevanın eyni zamanda bildirdiyinə görə,  burada  Azərbaycan Konstitusiyasında qadınlara verilən hüquqlar  sadalana  və Konstitusiyaya əsasən qəbul edilən qanunlarda, normativ aktlarda qadınların kişilərlə bərabərliyini təmin etmək, bərabər imkanlara malik olmaq hüququnu həyata keçirmək üçün hansı imkanların mövcud olduğundan da bəhs edə bilər:

 “Məsələn, 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə” haqqında, 2006-cı ildə qəbul edilən “Gender siyasətinin təmin edilməsi haqqında”, 2010-cu ildəqəbul edilən “Məişət zorakılığı ilə möbarizə haqqında” və sair qanunları qeyd edə bilərik. O cümlədən 2006-cə ildə Azərbaycan Parlamenti tərəfindən “Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair” bəyanat qəbul edib.Dilimizdə aforizmə çevrilmiş bir deyim var: Ailə dövlətin əsasıdır. Qadınların ailə institutunda yeri və əhəmiyyətini nəzərə alsaq, onların dövlətçiliyimizin möhkəmləndirilməsində nə kimi statusa malik olduğu aydınlaşır.Hamı tərəfindən qəbul edilən həqiqətdir ki, Azərbaycan qadınının həm dövlətin, həm də ölkənin möhkəmləndirilməsi və inkişafında mütəşəkkil qüvvəyə çevrilməsi 20-ci əsrə təsadüf edib.Amma çox qəribədir ki, Azərbaycan qadınının böyük çətinliklərlə və məhrumiyyətlərlə qarşılaşması da elə 20-ci əsrə təsadüf edib.Mən diqqətinizi 20 ildən artıqdır Ermənistanın Azərbaycana təcavüzü nəticəsində davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan qadınlarına gətirdiyi fəlakətə, bu müharibənin səbəb olduğu acı nəticələrin bir hissəsinə yönəltmək istəyirəm. Əvvəla bunu qeyd edim ki, bu ədalətsiz müharibə nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20 faizi işğal edilib”.Millət vəkili daha sonra deyib ki,  müharibə nəticəsində öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalan bir milyondan çox azərbaycanlının yarısı qadınlar və uşaqlardır, o cümlədən,  bu qadınlar 20 ildən artıq bir müddət ərzində ən çətin şərtlər altında çadırlarda yaşayıb,  uşaqlarını bu çadırlarda dünyaya gətirib, bu çadırlarda böyüdüb, uşaqlar çadır-məktəblərdə oxuyub, xəstələnəndə çadırda müalicə olunub, öləndə də çadırlarda ölüblər: “Əsir və girov götürülən minlərlə azərbaycanlı kimi yüzlərlə qadın və uşaq da işğal nəticəsində bu günə qədər əsirlikdədir. Və onların haqqında heç bir məlumat yoxdur. Çox təəssüflər olsun ki, bütün bunlar bir hekayə deyil, günümüzün həqiqətidir. Və bu həqiqətlər bütün dünyanın gözləri qarşısında baş verir.ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli üçün 20 ildən bəri bölgədə fəaliyyət göstərir. Lakin çox təəssüflər olsun ki, onların vasitəçilik missiyası Ermənistanın haqsız iddialarından əl çəkməməsi və sülh danışıqları masasına oturmaq istəməməsi üzündən müvəffəqiyyətsizliyə uğramaqda, münaqişənin həlli isə uzanmaqdadır.Və bu vəziyyət təbii ki, qadınların əhval-ruhiyyəsinə, psixikasına, gündəlik həyat tərzinə təsirsiz ötüşməyib. Lakin bununla belə qürurla deyə bilərik ki, Azərbaycan qadını bu gün ziyalıların, dövlər xadimlərinin, siyasətçilərin, təhsil, elm, mədəniyyət işçilərinin, həkimlərin arasında öz uğurlu yerini tutmuşdur və bu yolu cəsarətlə davam etməkdədir. Azərbaycan cəmiyyətində qadının öz yeri, öz çəkisi var. Bizim milli təfəkkürümüzdə ana və vətən kəlmələri qoşa işlənir. Azərbaycan qadını vətənin, eyni zamanda dövlətçiliyimizin tərəqqisi və möhkəmləndirilməsi üçün üzərinə düşən məsuliyyəti həmişəkindən daha çox hiss edir.Qadınların ictimai-siyasi, iqtisadi həyatda dövlət əhəmiyyətli qərarların qəbul edilməsində fəal iştirakı səviyyəsinin yüksəldilməsi hər zaman dövlətin, qanunvericiliyin və ictimaiyyətin diqqət mərkəzindədir”.J.Əliyevanın xatırlartdığına görə,  Azərbaycan parlamentində hazırda təmsil olunan 19 qadın millət vəkili var, onlardan biri parlamentin sədr müavini,  biri komitə sədridir, eləcə də, 19 qadın millət vəkilindən 9-u parlamentlərarası dostluq qruplarının rəhbəridirlər:“Ötən seçkilərdə qadınların parlamentdə təmsilçiliyinin sayı 14 nəfərdən 20-yə yüksəlib. Son bələdiyyə seçkilərində isə qadınların təmsilçiliyi 4 faizdən 26 faizə yüksəlib.Təcrübə göstərir ki, qadın hüquqları, uşaq hüquqları, təhsil, səhiyyə, əmək pensiyaları, ailədə bərabərlik, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, bir sözlə sosial mövzular, eyni zamanda  mədəniyyətə və incəsənətə daha şox diqqət ayrılması, bölgədə və dünyada gedən müharibələrə son verilməsinə çağırış kimi məsələlər bir qayda olaraq məhz qadın parlamentarilər tərəfindən daha tez-tez gündəliyə çıxarılır.Bu göstəricilər əlbəttə qənaətbəxş hesab oluna bilməz. İldən-ilə qadınların ictimai-siyasi və dövlətin idarəedici orqanlarına cəlb olunması müşahidə edilsə də, bu sahədə hələ çox iş görülməlidir. Hakimiyyət strukturlarında qadınların sülh təşəbbüslərinə və münaqişəli vəziyyətlərin həlli üçün danışıq proseslərinə cəlb olunması, seçkilərdə qadınların fəallığının artırılması məsələlərinə diqqətin yönəldilməsi vacibdir.Əsas məsələ milli bərabərlik mexanizmini yaratmaqla qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi sahəsində maneələri aradan qaldırmaq yollarını  tapmaqla Azərbaycan Respublikasında sürətlə gedən demokratikləşdirmə prosesinə kömək etməkdir.Qadınların siyasi həyatda fəallığının artırılması sahəsində 2007-2010-cu illər üçün Milli Fəaliyyət Planında yerli, milli və beynəlxalq səviyyələrdə qadınların qərar qəbul etmə mərhələsində iştirakının artırılması məqsədi ilə tədbirlər nəzərdə tutulub.Qadın hüquqlarına aid qəbul edilmiş bütün sənədlər, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə əhalinin geniş təbəqələrinin məlumatlandırılması, peşəkar qadınların səmərəli idarəetmə proqramlarında iştirakının dəstəklənməsi, qadınların kişilərlə bərabər şərtlərlə beynəlxalq səviyyəli görüşlərdə və beynəlxalq təşkilatlarda aparılan işlərdə təmsil olunmasının təmin qadın problemləri ilə məşğul olan şəxslər, yerli bələdiyyə üzvləri üçün genderlə əlaqədar təlim kurslarının keçirilməsi və sair bu tədbirlərdəndir.    Nəticə olaraq, qadınların siyasi iştirakının artırılmasında məqsəd onların daha yaxşı idarəedici olduqlarını iddia etmək deyil. Eyni şərait və eyni imkanlara sahib olsalar da, qadınların və kişilərin baxış tərzi hər zaman fərqli olub. Elə buna görə də qadınların idarəetmədə fəal rol oynaması daha fərqli baxış tərzinın formalaşmasına,   problemlərə fərqli həll yollarının tapılmasına imkan verəcək. Elə bu  səbəbdən, ölkəmizdə qadınların ictimai və siyasi həyatda fəal iştirakı dövlət tərəfindən daima təşviq edilir.Aqillərdən biri deyir ki, “Bir ölkənin vəziyyətini bilmək istəyirsənsə, həmin ölkənin qadınının vəziyyətinə bax””.

Kamil Həmzəoğlu

 





13.12.2012    çap et  çap et