525.Az

Dünya səndən kimlər keçdi...


 

Dünya səndən kimlər keçdi...

ƏLİAĞA KÜRÇAYLI HAQQINDA SÖZ

“GECƏLƏR AY OLMAQ
İSTƏYİRƏM MƏN”

Təəssüf edirəm və özümə bağışlamıram. Niyə mən gözəl şairimiz Əliağa Kürçaylı ilə tanış ola bilməmişəm? Axı, mən tələbə ikən onu Yazıçılar İttifaqında, ədəbi məclislərdə, şeir gecələrində, küçədə, yolda dəfələrlə görmüşdüm.Bir dəfə Filarmoniyanın Yay zalında onun “Poeziya gecəsi” keçirilirdi və düz iki saat öz dilindən şeirlərini eşitdim.

“Azərbaycan” jurnalında təzəcə işə götürülmüşdüm. Kürçaylı bu jurnalın redaksiya heyətinin üzvü idi. 1980-ci ilin soyuq yanvar günlərinin birində curnalın baş redaktoru Əkrəm Əylisli redaksiya heyəti üzvləri ilə söhbət keçirirdi. Kürçaylı da gəlmişdi. Özü də eşitmişdim ki, xəstədir və bu, onun üzündən də oxunurdu. O, içəri girdi, hamımıza başı ilə salam verdi, sonra Əkrəmin otağına keçdi. Bu, mənim Kürçaylı ilə sonuncu “görüşüm” oldu. Fevral ayında Əliağa Kürçaylı dünyadan köçdü.
Amma Kürçaylı ilə şəxsən tanış olmasam da, görüşməsəm də, onun poeziyası bu gözəl şair haqqında çox söz deyir.
Mən Əliağa Kürçaylını, 1980-ci ildə vəfat etsə də, bu gün bizimlə bir sırada addımlayan, sabaha doğru addımlarımızda bizimlə bir olan, sevincimizdə də, kədərimizdə də görünən bir şair kimi hiss edir, duyuram. Məndən soruşsalar ki, bu sevgiyə səbəb nədir, deyərəm ki, ən əsas səbəb onun şeirləridir, hər zaman yaşayan şeirləri. Elə şeirlər ki, o şeirlərin sanki yazılış tarixi yoxdu, onlar hər vaxt doğula bilər.

gecələr ay olmaq istəyirəm mən,
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə, neçə çırağa
Baxmaq istəyirəm hamıdan pünhan,
Səma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...
Sevən ürəklərin məhəbbətindən.
Səma ucalıqda pay almaq üçün,
Ən yüksək qübbəyə ucalmaq üçün...
Ordan nur səpərəm mən incə-incə,
Bu ana torpağa dan sökülüncə.

Məncə, bu şeir Kürçaylının poeziya odasının ən zərif, ən incə naxışlarından idi. Ay olmaq istəyi romantik duyğulardan, dünyanı böyük sevinc və qürurla bağrına basmaq havasından yaranmamışdımı? Və mən dönə-dönə oxuduğum bütün şeirlərində qəribə bir işıqla qarşılaşıram. Neçin belə nikbin idi, niyə ömrünün sonunacan Kürçaylı belə işıq içində üzdü? Axı, o, uşaqlığını, ilk gənclik çağlarını kasıblıqla, maddi ehtiyacla başa vurmuşdu. Amma onu işığa qərq edən, şeirlərindən də bu işığı əsirgəməyən böyük bir qüvvə, enerji vardı-onun adı POEZİYA idi.
“Gecələr ay olmaq istəyirəm mən”... Bu istək nə vaxt, haradan doğmuşdu? Bəlkədə ilk şeirinin gizlicə yarandığı o qorxulu, vahiməli gecədə?
“Bir dəfə rayon komsomol komitəsinin katibı kəndimizə gəlib, komsomolçularla söhbət edirdi. Axırda dedi ki, düşmən kolxozun taxıllarına od vura bilər, mal-heyvanı qırğına verə bilər. Ayıq olmaq lazımdır.

Səhəri bir dəstə uşaq ambardar Səməndər kişidən bir küncə atılıb qalmış, yalnız ərinməyə yaraya bilən köhnə paslı tüfəngləri “qəbzlə” alıb kəndin ətəyindəki zəmiləri “qorumağa” getdik. Taxıllıqda axşam qəribliyinin çökməsilə çaqqalların ağız-ağıza verib ulaşmasını eşidəndə uşaq qəlbimizə dolan qorxu, bütün varlığımıza hakim olan vahimə bu gün də ürəyimi gizildədir. Kim bilir, bəlkə də əsl həyatla qarşılaşdığım o gün elə ilk şeirim idi, qələmsiz, kağızsız qəlbimə həkk olunurdu! İlk həyat sınağı özü ilk şeir deyilmi?”
İllər keçəcək, Kürçaylı uşaqlıq və ilk gənclik illərini həzinliklə, qəribə bir kövrəkliklə xatırlayacağıq. Yazacaq ki, onu ilhamlandıran, əlinə qələm verən o illər, o yerlər, o adamlardır...

Mən o adamları yada salıram,
Lap bugünkü kimi anıram yenə.
Anıram,
Doğrusu, heyran qalıram
İnsanın insanlıq ləyaqətinə.

Nə bir ayaq çəkən,nə rüşvət alan,
Hamı tikəsini bölürdü yarı.
Nə rəyasət eşqi, nə riya, yalan
Əsir etməyirdi o insanları.

1946-cı ildə, “Azərbaycan gəncləri”ndə Əliağa Kürçaylının ilk şeiri dərc edilir. On səkkiz yaşı vardı onda, Salyanda-balaca bir qulluqda çalışırdı, heç orta məktəbi də tam bitirməmişdi. İlk şeirinin qonorarını alan günün sevinci də yadındaydı. Bu sevinci sonacan yaşamamış başqa bir hadisə baş verir, cavan Əliağanı Salyan rayon partiya komitəsinin birinci katibinin qəbuluna çağırırlar. Katib ona Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Səməd Vurğunun məktubunu oxuyur. Bu məktubda gənc şair Əliağa Kürçaylı Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə dəvət edilir.

Çox-çox sonralar Kürçaylı həmin müşavirəni belə xatırlayacaq: “Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitməkadi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır. Ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vürguna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.
-Danışım, ya şeir oxuyum?
-Şeir oxu, natiqimiz onsuz da az deyil.
“İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram.
- Yadımdadır, güllələr şığıyıb
keçən zaman,
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər biçən zaman
Xatirə dəftərimin arasına sərdiyim.
Qayıtmışam cəbhədən,
indi yenə bahardır,
Bitmisən çəməndə sən,
ləçəklərin qan kimi.
Üzündə nə həyəcan, nə qorxu izi vardır,
Mən qorudum güllədən
səni qəhrəman kimi.
Şeiri oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.
- Birini də oxu.
Bu onun səsidir.
Bu dəfə adını elan etmədən “Qurtardı” şeirini oxuyuram:

Hərbin alovu söndü
Gedənlər geri döndü
Çölüm əkilməməkdən
Evim tikilməməkdən
Qəlbim dardan qurtardı,
İntizardan qurtardı.

Şeiri oxuyub qurtaran kimi, birbaşa danışığa keçirəm.Səməd Vurğun qəflətən sözümü kəsir.
- A bala, harda oxuyursan?
- Oxumuram.
- Harda işləyirsən?
- Dəmiryolda.
- Nə işində?
- Hesabdar.
Salondakılar gülüşür. Mən tez əlavə edirəm:
- Hesabdar idim. İndi fəhlə işləyirəm.
- Gəl səni düzəldim universitetə.
- Götürməzlər.
- Niyə?
- Kamal attestatım yoxdur. 9-cu sinfi bitirmişəm.
- Sən gəl, mən deyərəm götürərlər”.
Məhz Səməd Vurğunun köməyilə Əliağa Bakıya gəlir, burada fəhlə-gənclər məktəbində orta təhsilini başa vurur, sonra ADU-nun filologiya fakültəsinə daxil olur. Beləcə illər keçir, mətbuatda Əliağa Kürçaylı imzası tez-tez görünməyə başlayır, artıq əllinci illərin sonlarında Əliağa Kürçaylı tanınmış bir şair kimi sevilir...
“Gecələr ay olmaq istəyirəm mən”...Bütün əsrlər boyu Azərbaycan poeziyası Ay işığını tərənnüm edib.Ay gözəlin camalına təşbih edilib. “Ay üzünü görmək istər sevdiyim,Söylə görüm bəs yaşınmaq nədəndir?”(Qurbani).
Mən bilmirəm, Kürçaylı necə sevib, hicran alovlarında yanıbmı, ilk sevgisi uğursuzmu olub, ilk sevgi məktubunu haçan yazıb, o məktubda hansı sözlər sıralanıb? Bunları bilmirəm, amma onu bilirəm ki,onun sevgi şeirləri var və bu şeirlər o qədər təmiz, o qədər saf hisslərdən yoğrulub ki,indi də təravətini itirməyib. O şeirlərin heç vaxt qocalmaq qorxusu yoxdur. İllər keçəcək. Bu dünyanın sevənlərinin dilində həmişə bu misralar səslənəcək:
 
Harda olsam gələrəm,
Təki sən səslə məni.
Darda olsam gələrəm,
Təki sən səslə məni.

Yaxın olsun, ya uzaq,
Dərə olsun, ya da dağ.
Məni kim saxlayacaq?
Təki sən səslə məni.

Sənsən eşqim, əməlim,
Gəlsə də bir gün ölüm,
Vermərəm can, a gülüm,
Təki sən səslə məni.

lll

XX əsr Azərbaycan poeziyasını Əliağa Kürçaylısız təsəvvür eləmək mümkün deyil. Qırxıncı illərin sonlarında ədəbiyyata gələn Əliağa Kürçaylı otuz beş illik yaradıcılığı ərzində poeziyamızı gözəl lirik şeirləri və poemaları ilə zənginləşdirmiş, sənətdə özünəməxsus poetik dəst-xətti ilə seçilib fərqlənmişdir. O dövrdə-qırxıncı illərin sonları-əllinci illərin əvvəllərində seçilib fərqlənmək çox çətin idi, çünki poeziyada Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əhməd Cəmil kimi ustadlar vardı. Onların qarşısında söz demək üçün gərək istedadlı olaydın, poeziyada təzə bir nəfəslə diqqəti cəlb edəydin.Özü də unutmayaq ki, əllinci illər sovet poeziyasının ən qaynar bir dövrü idi. Partiyanı, Lenini, Stalini,sovet quruluşunu vəsf edən , “müsbət qəhrəman”ı qalib sovet adamı olan sosializm realizmi ədəbiyyatı hələ ki ömrünü başa vurmamışdı.Ancaq bütün dövrlərdə sinfi-siyasi situasiyalardan asılı olmayaraq şairlər həmişə insan qəlbinin, insan istək və arzularının, sevginin, təbiət gözəlliklərinin tərənnümçüsü olmuşlar və onların gələcəyə sözü də elə bu şeirlər olub.Elə sovet dövrü ədəbiyyatından bizə qalan da həmin şeirlər olub.
Onun poeziyasında XX əsr Azərbaycan insanının duyğu və düşüncələri, xalqına, vətəninə məhəbbəti, təbiətə və insana sevgisi əks olunub və əlbəttə, bəlkə də şablon səslənən bu fikri söyləyərkən heç bir tərəddüd keçirmirəm, çünki bu fikri sübuta yetirmək üçün şairin poeziyasından onlarla misallar gətirə bilərəm.

Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd yarpağı ver.
 
canımdan əziz olan,
Üstündə çiçək solan
Şor Muğan torpağı ver.

Mən onda hara düşsəm,
Hansı diyara düşsəm
Deyərəm vətəndəyəm.

Sən ey Milim,Muğanım,
Doğma Azərbaycanım,
Deyərəm ki, səndəyəm!

Vətən məhəbbətini beləcə on iki misrada belə sadə, amma poetik şəkildə ifadə etmək olarmış.
Kürçaylının irili-xırdalı yüzlərlə şeirlərini oxumuşam. Bu şeirləri mövzularına görə də qruplaşdırmaq olar, yazıldığı illərinə görə də. Amma bu şeirlərin hamısına xas olan , ümumilikdə onları bir araya gətirən cəhətlərdən söz düşsə, deyərdim ki, bunların yüzdə doxsan faizi nikbin insanın yazdığı şeirlərdir.Və bu nikbinlik heç də ictimai -siyasi şəraitin diktə etdiyi nikbinlik deyil, içəridən gələn nikbinlikdir.İnsana xas olan nikbinlikdir.
İkinci bir cəhəti də vurğulamaq istərdim. Əliağa Kürçaylının poeziyası həm də fikir və düşüncə ilə yoğrulub, burada təməl odur ki, şair müəyyən bir fikri hisslə, duyğuyla qovuşdurur və təbii ki, əsl şeir elə bu vəhdətdən yaranır. Şairin “Daşlar” silsiləsindən olan şeirləri Azərbaycan poeziyasında fəlsəfi şeirin maraqlı nümunələri sayıla bilər. O zaman Xalq yazıçısı İlyas Əfəndiyev yazmışdı: “Elmi-texniki inqilab əsri bizim müasirimizin poeziyaya, sənətə olan tələbini, onun bədii-estetik zövqünü çox dəyişmişdir və mən çox şadam ki, sən istedadlı bir şair kimi bunu hiss edirsən. Bu hiss sənin poeziyanın ən yaxşı nümunələrinə yeni, məhz bizim əsrimizə məxsus təzə bir ahəng, təzə bir ruh verməkdədir”. “Daşlar” silsiləsində şair daşı bədii bir detal kimi götürür, təbiətlə və tarixlə bağlı düşüncələrini bu detal vasitəsilə poetikləşdirir.

Özünü dərk edib duyduğu gündən
İnsan taleyini “daşa bağlayıb”.
Təşnə dodaq üçün axıb dərindən,
Bulağın gözüylə daşlar ağlayıb.

İnsan özü qurub daş zindanları,
İnsan özü yıxıb daş məhbəsləri.
İnsan daş bütləri, hökmranları
Ucaldıb, uçurub illərdən bəri.

Daş var-bu torpaqda sərhəddə dönüb,
Baisi olubdur qəm-kədərin də.
Daşlar Qobustanda şöhrətə dönüb,
Daşlar yetim qalıb Xudafərində.

 Daşlar bünövrədə olaydı möhkəm,
 Pıtılı, kövrəyi kaş olmayaydı.
 İnsan sinəsində ancaq deyirəm:
 Ürəyin yerində daş olmayaydı.

Bu, həmin silsilədə birinci şeirdir və sonrakı şeirlərdə daş obrazı ilə bağlı məna dairəsi genişlənir, həyatda, tarixdə daşların oynadığı müsbət və mənfi çalarlar öz poetik yozumunu tapır.
Bu gün Əliağa Kürçaylının o dövr üçün “ictimai” sayılan və qiymətləndirilən çox-çox şeirini bir də oxuyuram və doğrusu, bu şeirlərin “ictimailiyindən” çox, onların lap elə bu günümüzlə bağlılığı barədə düşünürəm. Onun “Qətiyyət” adlı bir şeiri var. Bu şeirdə şair İnsanı öz şəkli üzbəüz qoyur. İnsan o şəkilə baxır və özünü ittiham edir:
Bir əyinə paltar, ağıza çörək,
Bir dodağa gülüş olmusanmı heç?
Kürsüdən sinənə döyə-döyə sən
Yoxsa əl salmısan xalqın cibinə?

Udmusan sözünü yoxsa bir anda
Bıçaq işləyəndə qana, iliyə?
Əqidə yolunda, inam yolunda
Qərar vermisənmi Nəsimiliyə?

lll

Əliağa Kürçaylıdan bir şair kimi söz açanda onun epik poeziyası da unudulmamalıdır. O, iyirmi beş poemanın müəllifidir və bu poemaların bir çoxu müasir ədəbiyyat tariximizin təkcə faktları yox, həm də uğurlarıdır.Görkəmli tənqidçi Əkbər Ağayev Kürçaylının yaradıcılığına həsr etdiyi “Yetkinlikdən kamilliyə” adlı məqaləsində yazırdı: “Mürəkkəb həyat hadisələrinin axınında insanın mənəvi inkişafı, dəyişməsi, öz mənliyini, ləyaqətini qoruyub saxlaması və buradan doğan əxlaqi məsələlər Kürçaylı poemalarının diqqət mərkəzində dayanır. Epik lövhələr yaratmaq, portret cıza bilmək, xarakterlər vermək cəhətindən Kürçaylının qələmi itidir. Onun poemalarında ictimai mənalı məsələlər ön plana çəkilir, həm də ötkəm publisist bir pafosla işlənir”.
Kürçaylının poemaları XX əsrin bir çox mühüm hadisə və olaylarını əks etdirir, əgər belə demək mümkünsə,bu poemalar XX əsr Azərbaycanının kiçik bir mənzərəsidir. Yığcam şəkildə də olsa, bu mənzərəni əks etdirən poemalardan söz açaq.
Əliağa Kürçaylıdan söz düşəndə, onun mahir bir tərcüməçi olduğu da unudulmur.Onun dünya ədəbiyyatından tərcümə etdiyi şairlər çoxdur, amma elə şairlər var ki, onların poeziyasının dilimizdə kamil və səlis, sanki azərbaycanca yaranmış kimi səslənməsi Kürçaylının məharəti idi. Burada Aligyeri Dantenin və Sergey Yeseninin adlarını xatırlatmaq olar.Dahi italyan şairinin “İlahi komediya” kimi son dərəcə çətin və mürəkkəb fəlsəfi əsərinin yaxud Sergey Yeseninin bir çox şeir və poemalarının hələlik ən yaxşı tərcüməçisi Kürçaylıdır desəm, yanılmaram. Əlbəttə, bu tərcümələrin hər biri barədə mütəxəssis sözü deyilib, özü də bu əsərlərin tərcümələri uğurlu nümunə kimi qiymətləndirilib.
Əliağa Kürçaylı əsl şair ömrü yaşadı.Bu ömrün sərhəddi əlli iki hüdudunda başa çatsa da, bir şair adını gələcək nəsillərə və əsrlərə çatdırmaq üçün bu qısa ömür də kifayət elədi.

Sən mənə nə verdin?
Minnətsiz həyat.
Nəğməli bir dodaq, azad bir ürək.
İstəsən dara çək, alovlara at,
O öz sözlərini yenə deyəcək.

Doğrusu, bilmirəm,
Özümə də mən.
Dönüklük etmişəm həyatda bəlkə,
Sənin şərəfinə, fəqət, qətiyyən
Şeirim,
Vurmamışam kiçik bir ləkə.

Əliağa Kürçaylı poeziya aləmində bir kimsəyə bənzəmədi və bir kimsə də ona bənzəyə bilmədi. Şeirə, sənətə bir çoxlarının gəldiyi kimi qədəm basdı, öncə ustad Səməd Vurğunun şeir yolunu tutdu, onun qayğısını, himayəsini hiss etdi, poetik dərslərindən faydalandı, amma çox keçmədən poeziyada öz yolunu, cığırını seçdi, o yolla getdi.
Onun poetik səsi, nəfəsi yenə aydınca eşidilir, bir kimsənin səsinə, nəfəsinə qarışacağı yoxdu.

Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız..
Amma nəğmə ha...

 





15.09.2012    çap et  çap et