525.Az

Son sınağın astanasında


 

AKADEMİK ABEL MƏHƏRRƏMOV: "O ÇƏTİN YOLLARI HAÇANSA MƏN ÖZÜM DƏ KEÇİB GƏLMİŞƏM"

Son sınağın astanasında<b style="color:red"></b>

Universitet həyatında həyəcanlı, duyğulu günlər  çox olur.

Tələbəlik həyatı neçə illər arxada qalsa da, müəllim ömrü o günləri unuda bilmir. Və universitet müəllimi öz tələbələrinin yaşadığı hər duyğulu anı elə özünün əziz xatirələri içində bir daha onlarla birgə yaşayır.

Belə həyəcanlı, duyğulu günlərin ən önəmlisi dövlət imtahanı anında yaşanır. Bu duyğular iki unudulmaz faktordan doğur. Birincisi hamının, hər bir tələbənin keçirdiyi imtahan həyəcanı, ikincisi sənin tələbəlik həyatının son imtahanı- dövlət imtahanı. Bu imtahandan sonra dörd il öyrəşdiyin, öz evin kimi qəbul etdiyin  universitet auditoriyaları ilə, doğma müəllimlərinlə, əziz bir mühitlə vidalaşırsan. Bir universitet müəllimi kimi bu hisslər mənə çox doğmadır. Ona görə də hər dəfə tədris ilinin sonunda dövlət imtahanı günündə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun son kurs tələbələri ilə görüşünü çox həvəslə, həm də nostalji hisslərlə gözləyirəm. Etiraf edim ki, mən tələbələrlə o görüşə bir universitet müəllimi kimi deyil, bir jurnalist, bir reportyor kimi gəlirəm. Çünki hər ildə olduğu kimi, bu dəfə də rektorun həmin görüşdə tələbələrə sonsuz məhəbbətini görmək, son kurs tələbələrinə sonuncu nəsihətlərini eşitmək  marağı  ilə gəlirəm. Və budur, universitetin böyük akt salonunda yüzlərlə tələbə, onların müəllimləri toplaşıb.

Hamının üzündə dərin bir universitet məhəbbəti,  Azərbaycan sevgisi var. Bir az keçir, rektor salona daxil olur və salonun səhnəsində masanın arxasında əyləşir. Ötən illərdəkindən fərqli olaraq Binəqədi rayonunda yerləşən binadakı yanğının fəsadları ilə bağlı kədərini gizlədə bilmir. O ağır yanğın hadisəsində dünyasını dəyişənlərin hamısının dərdi bizim ümumi dərdimizdir. Amma dərdin daha bir ağırlığı da orasındadır ki, hadisədə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi Ülkər Eyvazova da dünyasını dəyişib. Rektor universitetin birinci mərtəbəsində universitet rəhbərliyinin, tələbələrin, Ülkərin qrup yoldaşlarının iştirakı ilə təşkil olunan mərasimdə geniş çıxış etdi. Azərbaycan Respublikası Prezidentinin hadisədən çox kədərləndiyini bildirdi və Prezidentin xüsusi tapşırığı ilə görülən operativ tədbirlərdən danışdı, mərhumun yaxınlarına başsağlığı verdi. Və elə bu hadisədən doğan ağır təəssürat hissi rektorun çöhrəsində özünün kədərli ifadəsini tapmışdı. Ancaq nə etmək olar, belə hadisələr həyatın axarını dayandıra bilməz və Abel müəllim tələbə dolu salona baxıb sanki özünə gəlir...

- Sizinlə ənənəvi görüşə gəlmişəm -deyir. Bilirəm, imtahan, həm də dövlət imtahanı asan sınaq deyil. O çətin yolları haçansa mən özüm də keçib gəlmişəm. Universitet üçün dövlət imtahanının bir məqsədi var: universiteti bitirməkdə olan tələbənin, necə deyərlər, qalıq biliyini yoxlamaq. Bizim çoxillik təcrübəmiz, imtahanlardakı obyektivlik, süni maneələrin aradan qaldırılması prosesi, sizinlə ənənəvi görüşlərimiz bir sıra nəticələrə, uğurlara gətirib çıxardı. Bu uğurlardan başlıcası odur ki, bu gün məzun adını alacaq tələbələrimiz yalnız öz biliklərinə güvənib imtahana gəlirlər. Səmimi deyirəm, artıq neçə il əvvəllərin telefon xahişlərinə yer qalmayıb. Təcrübə göstərdi ki, yaxşı oxumaqdan yaxşı vasitə yoxdur.

Daha bir uğurumuz ondan ibarətdir ki, artıq tələbələrimiz vaxtilə dəbdə olan "şparqalka"dan istifadə etməyə son qoyublar. İndi təhsilimizdə Qərb standartları yaranır: tələbə özü maraqlıdır ki, onun nə qədər "qalıq biliyi" var. Bilirsinizmi, bu, çox önəmli bir məsələdir. Bu, artıq yetkinləşmiş bir tələbə şüurudur. Bu şüur Azərbaycanımızın, dövlətimizin kadr siyasətinə, kadr hazırlığına universitet yanaşmasıdır.

Rektor bir daha üzünü tələbələrə tutur:

 - Universitetdə hər şey tələbə üçündür.  İmtahanda çox həyəcanlanmayın. Universitet rəhbərliyi sizə uğurlu nəticə üçün qarşıda daha iki şans verir. Bu gün uğur qazanmayanlar üçün mayın sonunadək daha iki dəfə imtahan günü təyin etmişik.

Sonra rektor koordinator-müəllimlərə üz tutur:

- Dövlət imtahanı keçirilən auditoriyalara nəzarət edəcək müəllimlərə müraciət edirəm: Universitet tarixən öz tələbələrinə həssaslığı, səmimiyyəti, xüsusi qayğısı ilə seçilib. Dövlət imtahanı öz statusu etibarı ilə tələbə üçün ağır və həyəcanlı bir prosesdir. Tələbələrimizin həyəcanını hiss edin, onlara qayğı ilə yanaşın, ortaya çıxan hər bir problemə həssas yanaşın. Heç kimin gərginlik keçirməsinə şərait yaranmasın.

Sonra rektor üzünü imtahan yazılarını yoxlayacaq müəllimlərə tutur:

- Tələbələrin cavablarının təhsil standartları ilə qiymətləndirilməsi, əlbəttə, qanunun tələbidir. Lakin biz həm də pedaqoquq və bizim bu missiyamız tələbələrə yaradıcı yanaşmağı tələb edir. Yaradıcı yanaşma deyəndə mən, hətta qiymət meyarını da nəzərdə tuturam. Məsələn, hər hansı bir sualın qiymətləndirilməsində tərəddüd ortaya çıxırsa, bu tərəddüdü tələbənin xeyrinə həll etməyinizi məsləhət görərdim. Tələbənin cavablarında sualın qoyduğu strategiyanın izahı özünü göstərirsə, bunu dəyərləndirmək lazımdır. Bir sözlə, cavabların qiymətləndirilməsində də tələbəyə sevgi kontekstindən çıxış etmək mümkündür.

Sonra universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə xanım Əliyeva tələbələrə imtahanın bir sıra qaydalarını izah edir. Elə bu zaman dekanlardan biri prorektora belə bir sual verir:

- İmtahanda bilet çəkmiş tələbə suallardan narahatdırsa, onun yeni bilet çəkməsinə icazə vermək olarmı?

Prorektor "olarmı" sualına müsbət cavab ümidi ilə və gülümsəyərək rektora baxır. Bu anda rektor onun sözünə əlavə üçün nəsə demək istəyir. Abel müəllimin tələbəyə qayğısını bu dörd ildə çox hiss etmiş son kurs tələbələri dəqiq bilirlər ki, o belə məsələyə mütləq müsbət cavab verəcək və ona görə də bütün salon sürəkli alqış sədalarına bürünür. Abel müəllim gülümsəyir və deyir:

- Gəlin belə qərara gələk ki, tələbə çəkdiyi bileti elə ona baxdığı anda, yəni bilet masasından ayrılmadan dəyişmək qərarına gəlibsə  ona icazə vermək olar. Mənə elə gəlir ki, biz tələbələrimizə bu güzəşti də edə bilərik...

Görüş salonunu yenə tələbə alqışları bürüyür. Hamının üzündə tələbəyə  bu sevgi ilə bağlı təbəssüm görünür. Salon sakitləşir və Abel müəllim imtahana yola salınan tələbələrə son uğurlarını arzulayır. Və mən bu anda fikirləşirəm ki, universitet həyatı insana təkcə elm,  peşə öyrətməklə bitmir. Ömrün bu mənalı dörd ilində insan həm də necə vətəndaş olmağı, insan münasibətlərinin ən zərif nöqtələrini və bir də Azərbaycan deyilən bir məmləkəti necə sevməyi öyrənir.

Tələbələrimizin bir çoxu vətənimizdə keçirilən birinci Avropa oyunları zamanı könüllülər qismində fəaliyyət göstərəcək. Universitetin tələbələrə  qayğısı onların çoxminli xarici qonaqlara göstərəcəkləri xidmətdə mütləq öz ifadəsini tapacaq.

 





21.05.2015    çap et  çap et