525.Az

Ukraynalı deputat azərbaycanlılardan üzr istədi


 

Ukraynalı deputat azərbaycanlılardan üzr istədi<b style="color:red"></b>

Ukrayna Ali Radasının deputatı Fyodor Neqoy həmvətənlərimizdən rəsmi qaydada üzr istəyib.

Bu barədə APA-a Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev məlumat verib.
 
Qeyd edək ki, Ukraynanın Xerson vilayətindən deputat seçilən Fyodor Neqoy ötən həftə çıxışlarının birində azərbaycanlılar və gürcüləri təhqir edərək bu xalqların nümayəndələrinin ölkədən qovulmasını tələb etmişdi. Buna cavab olaraq UAK sədri R.Tağıyev müvafiq yerli və yerli dövlət qurumlarından beynəlxalq təşkilatlara müraciət ünvanlayıb və deputatın təhqiramiz çıxışı ilə bağlı ölçü götürülməsini tələb edib. Beynəlxalq və yerli ictimaiyyətin, o cümlədən Ukrayna rəsmi qurumlarının müvafiq reaksiyasından sonra Fyodor Neqoy UAK-a müraciət edərək yerli mətbuatın onun sözlərini təhrif etdiyini bildirib və azərbaycanlılardan buna görə üzr istəyib. O qeyd edib ki, məlum çıxışında işlətdiyi ifadə bazarlarda olan bir sıra dələduzlara aid olub.
 
Deputat azərbaycanlıların dürüst, zəhmətsevər, məsuliyyətli insanlar olduğunu bildirib: “Mən heç bir halda bu sözləri bütövlükdə azərbaycanlılara ünvanlamamışam. Mənim gözəl dostluq münasibətlərində olduğum azərbaycanlı dostlarım var. Sadəcə bir sıra jurnalistlər səsləndirdiyim sözləri təhrif ediblər”. F. Neqoy Kiyevdən Xersona qayıdan zaman mətbuat konfransı təşkil edərək bu məsələyə aydınlıq gətirəcəyinə də söz verib.
 
R. Tağıyev bildirib ki, deputat bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək mətbuat vasitəsilə üzr istədiyi təqdirdə bu xoşagəlməz münaqişəyə son qoyulacaq: “Hesab edirik ki, ksenofobiya və milli ayrı-seçkilik istənilən halda yolverilməzdir və bu halların qarşısı qətiyyətlə alınmalıdır.

 





13.12.2012    çap et  çap et