525.Az

"Tarixin yaddaşında təkcə hadisələr qalmır”


 

"Tarixin yaddaşında təkcə hadisələr qalmır”<b style="color:red"></b>

"Axırıncı hadisələr bir daha göstərdi ki, tarix hadisələrdən, insanlardan və tarixə düşən deyimlərdən ibarət imiş".

Bunu Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə dilə gətirib. Onun qeyd etdiyinə görə, üç gündür ki, Azərbaycan Bakının Binəqədi rayonunda yanan binada baş verən faciədən şok vəziyyətindədir və  heç kəs bu dəhşətli hadisəyə biganə qalmadı, bu və ya digər formada ona münasibətini göstərdi.

O, qeyd edib ki, FHN qəhrəmanlarının şəkilləri sosial şəbəkələri dolaşır, balaca Fərəh balanın məsum çöhrəsinə isə sakit baxmaq olmur. A.Mirzəzadəyə görə, bu hadisə cəmiyyət və ilk növbədə dövlət üçün ciddi sınaq oldu - mənəviyyat və qəti qərarlar sınağı: "İnamla demək olar ki, Azərbaycan dövləti ilk anlardan bu sınağa hazır olduğunu göstərdi. Azərbaycan vətəndaşının ona qətiyyən şübhəsi yox idi. O həmişə öz dövlətini özünün yanında görüb. Polisin həmin situasiyada vəziyyəti ciddi nəzarət altına alacağına, Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün operativ hərəkət edəcəyinə, səhiyyə ocaqlarının yaralıların qəbuluna və müalicəsinə hazır olacağına inamlı idik. Çünki son illər dövlətimiz bütün fövqəladə hallarda məhz belə hərəkət edibdir.Ölkə Prezidentinin də məsələni diqqətdə saxlayacağına inanırdıq. Birinci Avropa Oyunları ərəfəsində gərgin iş qrafikinə baxmayaraq onun hadisə yerinə şəxsən gəlməsi, birinci xanım Mehriban xanım Əliyevanın yaralılara baş çəkməsi dövlət rəhbərliyinin xalqın problemləri ilə yaşadığının sübutu idi. Ən yadda qalan isə cənab Prezidentin hadisə ilə bağlı müşavirədə dediyi "Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir" fikridir".

A.Mirzəzadə həmçinin qeyd edib ki, tarixi hadisə qarşısında onun vətəndaşının ağrısı hər şeydən üstün tutması əsl dövlətçilik mövqeyi idi, yüksək məsuliyyət və məsələlərə obyektiv yanaşma mövqeyi idi: "Tariximizin yaddaşında tək hadisələr deyil, həmin hadisələr dövründə xalqın dəyərli oğullarının yadda qalan addımları olacaq".

Digər millət vəkili Vahid Əhmədov da mətbuata açıqlamasında qeyd edib ki, Prezident İ.Əliyev Binəqədidə yanan bina ilə bağlı yaradılan Dövlət Komissiyasının ötən gün keçirilən iclasında çox ciddi mesajlar verdi.

Deputat prezident İlham Əliyevin qanunsuz evlərlə bağlı bəyanatına diqqət çəkərək bildirib ki, aidiyyəti qurumlar və vəzifəli şəxslər bundan nəticə çıxartmalıdırlar:"Cənab Prezident qeyd elədi ki, hətta elektrik xətlərinin altında da evlər tikilir. Bundan sonra insanlar öz səlahiyyətlərinin öhdəsindən gəlmək üçün ciddi nəticə çıxarmalı və artıq hərəkət etməməlidirlər". V.Əhmədovun fikrincə, Azərbaycanda heç kim vəzifəli şəxsdən icazə almadan ev tikə bilməz: "Ev tikiləndə istər yerli icra hakimiyyəti orqanlarının, istərsə də digər qurumların bundan xəbəri olur. Azərbaycanda heç bir yerdə icazəsiz daşı daş üstə qoymaq mümkün deyil. Ona görə də ölkə başçısı tamamilə düzgün xəbərdarlıq etdi ki, qanunsuz tikintilərə son qoymaq lazımdır". 

Kamil HƏMZƏOĞLU

 





22.05.2015    çap et  çap et