525.Az

“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans


 

“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans<b style="color:red"></b>

Mayın 20-də Sabunçu rayonu 311 saylı tam orta məktəbdə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə AMEA  Bakıxanov adına Tarix İnstitutunun və Bakı şəhər 311 saylı tam orta məktəbin birgə hazırladığı “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib.

525.az-ın məlumatına görə, konfransı giriş sözü ilə 311 saylı məktəbin direktoru Esmira Muradova açaraq Tarix İnstitutunun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirib və “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin əhəmiyyətindən, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanımasında böyük rol oynadığını qeyd edib.
 
“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə təşkilat komitəsinin sədri Araz Şamil və 311 saylı məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli öz çıxışlarında hazırki dövrdə xaricdən xüsusi sifarişlə xalqımızın görkəmli tarixi şəxsiyyətlərini gözdən salmaq üçün kompaniyaların davam etdiyi bir dövrdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun təşəbbüsü ilə belə bir layihənin həyata keçirilməsinə başlanılmasının böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Konfransda Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli “Qacarların Azərbaycanın siyasi həyatında rolu” adlı məruzəsində Qacarların mənşəyinə aydınlıq gətirib və XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində Qacarların mühüm rol oynadığını vurğulayıb.

O, bu tayfadan görkəmli sərkərdələrin, diplomatların və dövlət xadimlərinin çıxdığını xüsusi olaraq vurğulayıb.
 
Tarix İnstitutunun aparıcı elmi işçisi Vidadi Umudlu “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar” adlı məruzəsində Ağa Məhəmməd şah Qacarın keçdiyi siyasi həyat yolundan, öz dövlətini yaratmaq üçün apardığı əzmkar mübarizə barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, Ağa Məhəmməd şah Qacar xalqımızın XVIII əsrdə yetişdirdiyi ən görkəmli dövlət xadimlərindən biridir. O, nəinki Azərbaycanda, eləcə də dünya tarixində öz yeri olan tarixi şəxsiyyətlərimizdən biridir.

Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov “Azərbaycanın görkəmli sərkərdəsi Abbas Mirzə Qacar” adlı məruzəsində Abbas Mirzənin keçdiyi həyat yolu, Qacar ordusunu Avropa qaydasında təşkili və Rusiya-Qacar müharibəsində dövrünün tanınmış Azərbaycan sərkərdəsi kimi göstərdiyi hərbi rəşadətlə bağlı konfrans iştirakçılarına məlumat verib.

Təhsil Problemləri İnstitunun şöbə müdiri İntiqam Cəbrayılov, Dilavər Əzimli, Faiq Ələkbərov, kiçik elmi işçi Nazim Xəlilov, tarix müəllimi Dövran Abuzərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova həyata keçirilən layihənin əhəmiyyətindən və konfransda qoyulan mövzunun çox aktual olduğunu deyblər.
 
Konfransda edilən məruzələr şagirdlər və konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb və məruzəçilərə ünvanlanmış suallara aydınlıq gətirilib.

 





22.05.2015    çap et  çap et