525.Az

Real gerçəklik və bədii həqiqətin harmoniyası


 

Real gerçəklik və bədii həqiqətin harmoniyası

Sənət əsəri insana təsir gücünü real həyat hadisəsinə bədii münasibətin nisbətindən alır. Yaradıcı sənətkarın bu nisbətə ölçülü yanaşmasını isə çox zaman hadisənin miqyası və cəmiyyətdə doğurduğu rezonans müəyyən edir. Real həyat hadisələrindən uzaq, yalnız təxəyyülə söykənən “sənət əsəri” nə qədər təsiredicidirsə, yalnız real həyat həqiqətini əks etdirən və bədii təxəyyüldən məhrum əsər də o qədər gücsüz və cılız görünəcək. Daha çox gerçək hadisələri, gerçək faktları əks etdirən publisistika şüura ünvanlandığı kimi, bədii təxəyyülə güvənən əsər də daha çox duyğulara ünvanlanır. Lakin sənət əsərinin böyüklüyü onda baş verir ki, o həm şüurlara, həm də duyğulara - ikisinə də eyni zamanda ünvanlanır. Sənətin bu anında reallıqla bədiiliyin harmoniyası kimi vacib bir hadisə baş verir və bu hadisəni yaşayan format sənət əsəri kimi dəyərləndirilir. Mən bütün bu hissləri “Azərbaycanfilm” kinostudiyasının yazıçı, publisist, ictimai xadim Aqil Abbasın “Dolu” romanı əsasında çəkdiyi eyni adlı filmə ictimai baxış zamanı elə o kinoteatrın salonundaca keçirdim. Bu hissləri keçirməyimi isə üç əsas amil şərtləndirirdi: birincisi, Qarabağ uğrunda gərgin xalq mübarizəsinin ağır günlərini az-çox yaşamış bir insan kimi, ikincisi, bu döyüşlərin bir çox cəhətlərini özündə əks etdirən “Dolu” romanını oxumuş adam kimi, üçüncüsü, həmin hadisələrin vizual səhnələrinin ekrana köçürülmüş variantından riqqətə gələn bir tamaşaçı kimi. Bu məqalədə mənim işlədəcəyim çox epitetlər olacaq və bəlkə də buna görə məni sadəlövhlükdə günahlandıranlar da tapılacaq. Amma “Dolu” filmindən aldığım təəssüratları içimdən gələn bir səmimiyyət duyğusu ilə ifadə etdiyim anlarda baş verəcək epitetlərə görə məni qınayacaq hər kəsə belə bir həqiqəti də anlatmaq istərdim: mən “Dolu” romanının nə adi oxucusuyam, nə də “Dolu” filminin adi tamaşaçısı. Mən bu romanda və bu filmdəki hadisələrin nə qədər gerçək olduğunu bir qarabağlı şahid kimi, kəndi, kəsəyi, doğmalarının qəbri düşmən tapdağında olan bir insan kimi içindən keçirən minlərin biriyəm. O biri tərəfdən mən əsərin nə zaman sənət səviyyəsinə yüksəldiyini az-çox bilən, hiss edənlərdən biriyəm. Bu faktlar fonunda Nizami Kino Evinin genişekranlı salonunda tamaşa etdiyim “Dolu” filmi məni lap yaxın keçmişin ən ağır günlərinə qaytardı: xalqın, Vətənin, torpağın, arvad-uşağın yiyəsiz qaldığı o ağır günlərə. Mən o günlərin ağırlığını özündə əks etdirən onlarca publisistik, bədii əsər oxumuşam, şahidlərin nağıllarına qulaq asmışam, onlarca teleproqrama baxmışam. Lakin etiraf edim ki, “Dolu” filminin şüura və duyğulara təsir gücü qədər bir güc görməmişəm.

“Dolu” filmində bu təsir gücü hardandır. Əlbəttə, mən də belə bir nəzəri fikri qəbul edirəm ki, film rejissorundur və filmin sənət səviyyəsinə yüksəlməsi rejissorun istedadına bağlıdır. Ancaq dünyanın kino təcrübəsində şedevr səviyyəsinə çatmış filmlərin hamısında ssenarinin böyük rolu danılmazdır. “Dolu” filminə də tamaşadan sonra ümumiyyətlə fəaliyyətinə çox pessimist yanaşdığım “Azərbaycanfilm” kinostudiyasının yaxşı ssenarilərə ehtiyacı olduğu qənaətinə gəldim. Filmdən belə bir qənaətə də gəldim ki, rejissorun da, aktyorun da, qalan digər yaradıcı heyətin də uğrunda ssenari çox böyük rol oynayır. “Dolu” romanına yaxından bələd adam kimi deyə bilərəm ki, bu romandakı hadisələrin hamısında yazıçının ustalıqla qələmə aldığı qəribə və həm də aydın bir vizuallıq var. Mənə elə gəlir ki, filmin rejissoru Elxan Cəfərovun da bu romana müraciətini şərtləndirən əsas amillərdən biri məhz bu vizuallıqdır. Görmüşük axı, bəzi uğursuz filmlərdə əsərdə vizuallığın olmadığını ört-basdır eləmək üçün rejissor obrazın daxili aləmini onun heç nəyə yaramayan monoloqu ilə kompensasiya edir. “Dolu” belə şeylərdən uzaqdır. Çünki  “Dolu”nu ərsəyə gətirən hər kəs ilk növbədə romanın mahiyyətinə söykənmişdir. Bəs romandakı hadisələr bizə niyə bu qədər doğma və təsirlidir? İlk növbədə ona görə ki, onun müəllifi Aqil Abbas Qarabağ savaşına ürəyinin odunu vermiş bir sənətkar yazıçıdır. Aqilin bu yaxınlarda televiziyada on dəqiqəlik çıxışını qəzetlərdən biri “hadisə” adlandırmışdı. Ağdamın işğal gününün ildönümü ilə bağlı televiziyaya dəvət olunmuş  bu yazıçı və ictimai xadim yalnız həqiqətdən və yalnız səmimi danışdığı üçün onun on dəqiqəlik çıxışı hadisəyə çevrildi. “Şərq” qəzetinin 24 iyul tarixli nömrəsində dərc olunan “Aqil Abbasın on dəqiqəlik teledünyası” sərlövhəli yazıda gənc publisist və jurnalistika nəzəriyyəçisi Könül Niftəliyeva deyir:

“Etiraf edim ki, mən Aqil Abbası-böyük yazıçı, millət vəkili Aqil Abbası hər dəfə efirdə görəndə, yaxud saytda, qəzet səhifəsində imzasına rast gələndə bütün diqqətimi ona yönəldirəm. Təzə söz, cəsarətli fikir sahibidir. Ağdamın işğalını çoxları kimi göz yaşı tökməklə xatırlamır, iş görür, publisistikası, bədii yaradıcılığı ilə iş görür. Təkcə “Dolu” romanına bələd olmaq kifayətdir ki, Aqil Abbasın iç dünyasını, Vətən, torpaq yanğısını anlaya biləsən. “Dolu”nun personajları Aqil müəllimin təxəyyülündən çox, Qarabağ uğrunda döyüş anlarında həndəvərində olan Azərbaycan oğullarıdır. Bir sözlə, iyulun 23-də - Ağdamın işğal günündə ictimai teleradionun efirində sözü və əməli ilə, cəsarəti və bütün gücü ilə ağdamlı olan bir insan - Aqil Abbas göründü. Onun təxminən 10 dəqiqəlik söhbəti hadisəyə çevrildi. Elə bir hadisəyə ki, Vətən, torpaq qədri bilən hər kəsin qəlbində özünə yer tapdı. Aqil Abbas rəsmi dəftərxana üslubundan, millət vəkili imicindən, hətta ədəbi dilə sahib bir yazıçıdan daha çox ürəyi dərdlə dolu bir vətəndaş kimi danışdı. Bu vətəndaşın “Ağdamda döyüş zamanı şəhid olmuş bakılının da, şəkilinin də, gəncəlinin də - hamısının ağdamlı olması” fikri tamaşaçını riqqətə gətirdi. Onun “Ağdamsız türk dünyası yoxdur” kimi yeni fikri və haqq səsi türk dünyasını silkələyə bilər. Onun Ağdamın məşhur Qarağacı qəbristanlığında ölə bilmək arzusu vətəndaşın torpaq uğrunda ölməyinin şərəfini yaşatdı bizə. Onun  Ağdamın tarixi ilə bağlı bəsit fikirlərə qarşı söylədiyi “Ağdamın tarixi  Qarağacı qəbristanlığında yaşı iki min ili ötən qəbirlərdən başlayır” həqiqəti bizi tariximizlə bir daha ehtiyatlı olmağa səslədi. Onun Şuşada vandalların güllələdiyi heykəllərin - Bülbülün, Natəvanın, Pənah xanın büstlərinin Bakıya gətirilməsi, ancaq İncəsənət Muzeyinin dərin bir guşəsində etinasızlıqla saxlanmasına hiddəti bizi də düşünməyə çağırdı. Aqil Abbasın güllələnmiş o heykəllərin şəhərin ən gur yerlərinə köçürülməsi kimi ekspromt bir təklifi bu insanın necə güclü düşüncəyə malik olduğunu göstərdi. Onun Ağdamda Əfətli deyilən bir kəndin hündür təpəsində, cəbhə xəttinin lap yanında Azərbaycan bayrağının ucaldılması təklifi də bir ziyalı mesajı kimi səsləndi”.

“Dolu” real gerçəklik romanıdır. Onun səhifələrində onlarca hadisə, onlarca bədii tapıntı var. Rejissorun metrliyi də ondadır ki, öz estetik ideallarının ifadəsi üçün əsər seçməyi bacarmışdır. Rejissorun bu əsərdəki estetik idealı isə “Dolu” romanında yazıçının əks etdirdiyi həyat həqiqətini kino sənətinin bədii vasitələri ilə tamaşaçıya çatdırmaq olmuşdur. Rejissorun bu andakı estetik  idealının məhz Qarabağ həqiqətlərinə xidmət missiyası ilə ifadəsi isə onun vətəndaşlıq yanğısından doğan bir hadisədir. Deməli, yazıçı Aqil Abbas həqiqəti, üstəgəl rejissor Elxan Səfərovun bədii görümü bütöv bir sənət əsərinin meydana çıxmasına səbəb olmuşdur.

“Dolu” filmini ərsəyə gətirən bütün yaradıcı heyətin  isə ideya-estetik qayəsi Vətən dediyimiz bu torpağın, başına oyunlar açılan, başı siyasi oyunların qurbanı olan Azərbaycanda belə şeylərə bir daha yol verməməkdən ibarətdir.

Mən “Dolu” filmi haqqında Rəbiqə Nazimqızı imzası ilə bir yazı oxudum. “Dolu”- bir filmə sığmayacaq qədər...” sərlövhəli bu yazının özü çox böyük olmasa da, onun ifadə etdiyi fikir çox böyükdür. O yazıdan bir parça: “Müharibədə qalib gəlib yaxşı film çəkmək asandır. Qalibiyyət özü danışır. Və burada təntənə də, pafos da yerinə düşür. Qalib gələn çığıra bilər. Bunu ona bağışlayacaqlar. Məlum həqiqət var: qaliblər mühakimə olunmurlar. Qalibiyyət barədə zəif əsərin qüsurlarına da göz yummaq olar. Çünki bu, daha çox özlüyündə parlaq, bədii, cəlbedici olan zəfərin fiksə edilməsidir...

Məğlub olub elə məğlubiyyətdən film çəkmək olar. Bu daha çətindir, sən ağrınla ağrıtmalısan, bütün məğlubiyyətlərin ədalətsiz olduğunu göstərməlisən. Amma bundan daha çətin bir vəziyyət də var. Sən nə qalibsən, nə də məğlub. Çünki müharibə bitməyib. Müharibə dayanıb. Onun nəticələrini heç bir tərəf qəbul etməyib. Və deməli, onun hər an yenidən başlama ehtimalı var...” Mən Rəbiqə Nazimqızının məqaləsindən bu parçanı qəsdən belə iri şəkildə yenidən təqdim edirəm. Ona görə ki, bu fikirlərdə çox böyük həqiqət var və bu həqiqət “Dolu” filminin motivasiyasını aydın şəkildə üzə çıxarır.

Bəli, doğrudan da qalibiyyət və məğlubiyyət haqqında əsər ortaya qoymaq asandır. Böyük Lev Tolstoy “Savaş və barış” romanını təsvir etdiyi müharibədən çox-çox sonralar yazdı. Həm də qalib tərəfdə oturub yazdı. Hadisələr olmuşdu, təhlil edilmişdi, nəticələr göz qabağında idi. Roman şedevr səviyyəsində alındı. Ötən zaman, tarixi təhlillər L.Tolstoyun bədii həqiqətinin köməyi ilə romanı şedevr səviyyəsinə yüksəltdi. Məğlubiyyət haqqında da zaman keçəndən sonra çoxlu əsərlər ortaya çıxıb. Aqil Abbas hələlik dayanmış bir ağır müharibənin birinci hissəsindəki məğlubiyyətin ağır səbəblərini bir dərs olaraq anladır və rejissor Elxan Cəfərov bu səbəblərin vizual təhlilini göstərməyi qarşıya məqsəd qoyur. Ən əsası da budur ki, film məğlubiyyətdən qələbəyə bircə addım məsafə qaldığına bizi inandıra bilir. Ermənistanın havadarlarının namərdcəsinə Azərbaycana qarşı tədbirləri: quş tüfənglərinin belə xalqdan yığılması, erməni tərəfinin təpədən dırnağadək silahlandırılması, hər cür ideoloji təxribat, düşmənin düşmənçiliyə ruhlandırılması... kimi halların hamısı o zaman bu rəzalətə heç cür inanmaq istəməyən Azərbaycanın çökdürülməsinə yönəlir. Lakin “Dolu”  xalq gücünün, xalq inamının heç vaxt tükənmədiyi ümidini ekrana gətirir, xalqın nəyə qadir olduğunu sübuta yetirir.

Filmin bütün məzmununda xalq gücünə bu inam hissi ilk sırada durur. Əla rejissor tapıntıları tamaşaçını bu müqəddəs hissin gerçəkliyinə yönəldir. Filmdəki obrazların hər biri bizim həqiqətən yaxın tarixdə gördüyümüz, tanıdığımız könüllü dəstələrin döyüşçüləridir. A.Abbas özünün şəxsən tanıdığı, bir çox döyüş səhnələrində yanındaca müşahidə etdiyi xalq hərbçilərinin yüksək bədii obrazlarını ustalıqla yarada bilmiş və reallıq rejissorun məharəti ilə bədii zirvəyə yüksəlmişdir. Bu obrazların hər birinin gerçək həyatda adları, soyadları var. Lakin həm romanın, həm də filmin müəllifləri bu gerçək xalq döyüşçülərini ümumiləşdirməklə millətin torpaq uğrunda əliyalın vuruşunun daha geniş panoramını yaratmağa nail olmuşlar.

Aktyor Məmməd Səfanın canlandırdığı komandir torpaq uğrunda mübarizədə hər cür çətinliyə sinə gərən bir döyüşçüdür. Müharibələrin hamısında komandirlər var və biz onların maraqlı obrazlarını çox tanıyırıq. Lakin A.Abbasın, E. Cəfərovun və Məmməd Səfanın komandiri dünyanın bütün müharibələrindəki döyüş komandirlərindən fərqlidir. Bu komandirin nə nizami ordusu var, nə hərbi sursatı var, nə də söykəndiyi “yuxarıdan” ümid gözlədiyi, kömək umduğu dövləti var. Ətrafına yığılan fədailərdən başqa bu komandirin heç nəyi yoxdur. Yuxarılardan silah tələbi etinasız qarşılanır, “dövlət” adamları sanki hər şeyi Allahın ümidinə buraxıblar. Komandirin yeganə silah yeri döyüşdə öldürülən erməni yaraqlılarından qoparılan avtomat trofeyidir. Filmdə silah ümidiylə “katibin” kabinetinə gələn komandirin bu otaqdan ümidsiz gedişi o zamanın ümumiləşdirilmiş vəziyyəti kimi maraqlıdır. Ancaq komandir ruhdan düşmür. Aktyor Məmməd Səfa acınacaqlı vəziyyətə düşmüş komandirin üzüntülərini, lakin bu üzüntülər içərisində yaşadığı xalq gücünə inam hissini böyük bir ustalıqla yarada bilir. Komandirin əsgərlərlə sərt davranışı, film boyu gərgin vəziyyəti aktyorun ifasında əvəzolunmaz bir dolğunluqla tamaşaçıya çatdırılır.

Bütövlükdə maraqlı süjet üzərində qurulan bu filmdə hadisələrin aydınlıq prosesi obrazların xarakterləri və fəaliyyətləri ilə çox əlaqəlidir. “Drakon” ləqəbli döyüşçünün xeyli dərəcədə kobud görünə biləcək xarakterində əslində son dərəcə zərif və milli keyfiyyətlərə bağlı məqamlar var. Vəhşiliyin miqyası təkcə bu filmdə deyil, yüzlərlə digər tarixi hadisələrdən məlum olan erməni xislətinə nifrət dolu bir intiqamla erməni başkəsəninin kəşfiyyatına çıxmış Drakonun real obrazını aktyor Rza Rzayev məharətlə yaratmışdır. Aktyor Drakonun- sözün həqiqi mənasında ləqəbinə çox uyğun bu döyüşçünün həm savaş xarakterini, həm də milli kişilik xüsusiyyətini əks etdirən insani keyfiyyətini ustalıqla aça bilir. Bu anda ssenari tapıntısından doğan maraqlı bir səhnə var. Xaricdən gəlib Azərbaycan kəndlərinə qan udduran erməni Levonun axtarışı zamanı Drakonun adamları Azərbaycan kəşfiyyatçılarını izlədiyi ehtimal olunan erməni qızını tutub onun yanına gətirirlər. Öldürülən yoldaşlarının, yandırılan kəndlərin, pərən-pərən salınan arvad-uşağın intiqamı ilə yaşayan Drakonun bu saat həmin erməni qadının başına min oyun açacağı ehtimalı ilə ekranı izləyən tamaşaçı tamam başqa bir səhnə ilə rastlaşır: Drakon kişilərlə döyüşdüyünü deyib, vəhşi ermənilərdən fərqli olaraq casus qadını azadlığa buraxır. Drakonun bu milli kişilik hərəkətindən heyrətə gələn erməni qızı onun ayaqlarına düşərək barı heç olmasa  adını öyrənmək istəyir. Drakona isə erməni qadının heç duası da lazım deyil... Bu səhnədə aktyor R. Rzayevin oyunu Azərbaycan kinematoqrafiyası üçün xeyli dərəcədə yeni keyfiyyəti ilə uzun müddət tamaşaçı yaddaşında qalır...

Filmin həm xaraktercə, həm də aktyor oyunu baxımından maraqlı obrazlarından biri də “Pələng” ləqəbli döyüşçüdür. Elvin Əhmədovun oynadığı bu obraz cavan bir döyüşçü olsa da, artıq batalyonda öz yeri olan, formalaşmış xarakterə malik bir insandır. O cəsarətlidir, orijinaldır, cavab verməyi də, əfv etməyi də, özündən böyüklərə hörmətlə yanaşmağı da bacaran bir insandır. Batalyonda dediyini mütləq icra edən, necə deyərlər “tüpürdüyünü yalamayan”, buna görə də çoxlarının ehtiyatla davrandığı Drakonun həyatın ağrı-acılarını yaşayan kənd adamlarına etinasızlıq göstərən bir adamla bağlı artıq hərəkətinə qarşı çıxır və bütün hədələrə baxmayaraq öz xarakterini göstərir. Drakon onu mütləq “vuracağı” ilə hədələyir. Lakin filmin müəllifləri onların bir-birinə münasibətini ayırd etmək üçün tamaşaçıya güclü təsir edən bir məqam “tapırlar”. Erməni cəlladı Levonun axtarışı zamanı meşədə dərin bir yarğana yumalanan Drakonu Rələng xilas edir. Əlbəttə, Drakon bununla Pələngi bağışlayana oxşamır. Ancaq düşmən gülləsi Pələngi yerə sərəndə Drakon onu ağuşuna alır və can verməkdə olan bu cəsarətli oğlanın ölümünə çəkdiyi nərəsi ilə tamaşaçıda qəti bir intiqam hissi yaradır. Filmin bu anında cavan aktyor Elvinin və Rzanın ustalığı tamaşaçını, sözün həqiqi mənasında riqqətə gətirir...

Daha bir obraza diqqət yönəltmək istərdim. Bu həm romanda, həm də filmdə real həyatla təcəssüm olunan, lakin bədii təxəyyülün daha da ucaltdığı “katib” obrazıdır. Biz Kommunist Partiyasının o zaman ideoloji vassalları olan rayon partiya komitələrinin birinci katiblərini sovetlərin süqutundan sonra yalnız damğalamaq və lənətləməklə məşğuluq. Aqil Abbas dövrün yaşadığımız reallığından doğan bir həqiqətə son dərəcə səmimi yanaşmış, yeni ideoloji kanonları aşaraq içərisində yaxşı kadrların da olduğu yaxşı katiblərin ümumiləşdirilmiş obrazını yaratmışdır. Böyük aktyorumuz Fuad Poladovun böyük ustalıqla oynadığı bu katib obrazı “Dolu” filminin  realizmə bədii münasibətinin yadda qalan faktı kimi çox maraqlı alınmışdır. Bu katib qulluğunda durduğu ideologiyadan daha çox Vətən, torpaq, xalq haqqında düşünür. Yuxarıdan ala bilmədiyi köməyə görə xəcalət hissi keçirir. Ermənilərin divan tutduğu kəndlərə, insanlara görə zülm çəkir. Vətənə, xalqa, xalqın faciələrinə biganəlik göstərən yuxarılara qəzəblənir və telefonda tamaşaçının da yəqin etdiyi lap “yuxarıya”, bütün ölkəyə cavabdeh adamın ünvanına səslənərək: “Biqeyrət doğulmusunuz, biqeyrət də öləcəksiniz!” kimi bir nidadan sonra intihar edir. Bu səhnənin təsir gücünün böyüklüyü təkcə onunla təyin oluna bilər ki, həmin epizodda - katibin telefonla “yuxarının” ünvanına səsləndirdiyi əsəbi nidada tamaşa salonundan alqış səsi ucalır və sanki hamı ədalətin zəfərini qarşılayır... Əlbəttə, bu səhnənin möhtəşəmliyini təkcə katibin kəsərli sözü, onun necə intihar etməsinin rejissor tapıntısı deyil, həm də Fuad Poladovun aktyor sənətkarlığı təmin etmişdir.
Filmə tamaşa etdikcə məndə (deməli, tamaşaçıda) belə bir qəribə assosasiya yaranırdı: ssenari, rejissor və aktyor tandemi yalnız o zaman ortaya çıxır ki, onların üçü də sənətkarlıq meyarlarına malik olurlar. Bu qənaət tamaşaçıda Pələngin anası obrazı ilə tamamlanır. Pələngin anası ermənilərin viran qoyduğu, balasını, ərini, qardaşını əlindən aldığı Qarabağ qadınlarının o qədər gerçək obrazıdır ki, bu hadisələri yaşamış hər kəs onu öz anası, öz bacısı, öz doğması hesab edir. Şəxsən mən bu anda oğlu Füzulinin Məngələnata dağında öldürülmüş doğma bacımı, Ağdam uğrunda vuruşlarda şəhid olmuş tanıdığım neçə-neçə doğma anaları xatırladım. Aktrisa Gülzar Qurbanova mənim tanıdığım, şəhid oğullarının meyidləri üstündə ağı deyən həmin anaların ümumiləşdirilmiş obrazını o qədər real detallarla ifa edir ki, o dərdi, o ələmi bir daha yenidən, bəlkə elə həmin ağrı ilə yaşamalı oluruq. Eşq olsun Gülzar xanıma! Onun yerişi də, bütün hərəkətləri də, danışıq tərzi də, üzünün üzgün ifadəsi də mənim tanıdığım o şəhid analarının unudulmaz həqiqətlərini ortaya qoymuşdur.

Bu yazıda obrazlar qalereyasını bütövlükdə təhlil etmək çətindir. Lakin qısaca da olsa qeyd etməliyəm ki, Azərbaycan kino sənətində öz uğurları olan Şamil Süleymanlının müəllim obrazı, Fərhad İsrafilovun milis rəisi, Rövşən Ağayevin, Cavanşir Hadiyevin, Faiq Kərimoğlunun, Vüqar Vəlixanovun döyüşçü obrazları ustalıqla yaradılmışdır. Əjdər Ağayevin yaratdığı Levon obrazı erməni xislətinin xarakterini açmaq baxımından maraqlı alınmışdır. Nair Şirməmmədovun Aram, Mayak Kərimovun həbsxana rəisi, Sadiq Əhmədovun dustaq obrazları da güclü təsir bağışlayır.

Bəstəkar Polad Bülbüloğlunun hadisələrin ovqatına uyğun musiqisi filmin sənətkarlıq keyfiyyətini artıran fakt kimi xüsusi qeyd olunmalıdır.
Mən bir daha Aqil Abbasın əsərdəki sənətkarlığına qayıtmaq istərdim. Azərbaycan oxucuları Aqil Abbası bəlkə yazıçıdan çox vətəndaş qeyrətli bir insan kimi yaxşı tanıyırlar. Aqilin əsərlərinin güc mənbəyi real həyatın özüdür. Bu əsərdə isə o real həyatı yazıçı şəxsən izləmiş, müxtəlif cəbhə nöqtələrində saysız-hesabsız dəfə döyüşçülərin yanında olmuşdur. Amma o zamanlar Aqil döyüş bölgələrində əsər yazmaq üçün olmurdu. Aqili döyüşçülərin yanına vətəndaşlıq vicdanı, qarabağlı ürəyi aparırdı. Mən o vaxtlar Aqilin də taleyindən çox qorxurdum. Amma Aqil o döyüş nöqtələrinə getməyə bilməzdi. Çünki Aqilin özündə də onun yaratdığı Drakon obrazının cəsarəti var.

Aqil Abbas o bölgələrdə gördüklərini bir gün “Dolu” adlı o romanda qələmə aldı. Qələmə aldı və möhtəşəm bir əsər yaratdı. Sonra Elxan Cəfərov bu romandan bir “Dolu” filmi yaratdı. Bu “dolu”lar rusun ölüm saçan “qrad” silahından doğub, bir romanın və bir filmin zaman ağrısı, Qarabağ ağrısı, xalq zilləti ilə dolu bir sənətkarlıq keyfiyyətini ortaya qoydu. Operatorlar Tarıverdi Tarıverdiyevin, Asif Şirəliyevin rejissorlar tərəfindən yaradılan möhtəşəm döyüş səhnələrini lentə almalarından tutmuş bütün yaradıcı heyətin vətəndaşlıq qeyrətilə ərsəyə gətirdikləri bu filmə baxışdan sonra ürəyində azacıq da olsa, Vətən, torpaq, millət qeyrəti olan hər kəs elə kinoteatrın o salonundaca Qarabağ uğrunda ölüm-dirim savaşına yollanmaq istəyir. Filmin bütün qayəsi də bundadır.  

 





15.09.2012    çap et  çap et