525.Az

“Polemikadan sonra Ermənistan təmsilçiləri susdular"


 

“Polemikadan sonra Ermənistan təmsilçiləri susdular"<b style="color:red"></b> "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists - AECR) üzvlüyünə namizədliyi qəbul olundu. Bununla bağlı qərar Alyansın Böyük Britaniyada keçirilən illik toplantısında verildi"
 
APA-nın məlumatına görə, bunu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) Londonda keçirilmiş illik konqresində iştirak etmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
 
Q. Həsənquliyev bildirib ki, Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyans Avropa siyasi partiyalarının ən böyük və nüfuzlu ittifaqlarından biridir.
 
O qeyd edib ki, Alyansa üzv olmaq üçün ötən ilin yaz aylarında müraciət ediblər:

"Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nizamnaməsinə əsasən, üzvlüklə bağlı məsələlərə qurumun illik toplantısında baxılır. Bu məqsədlə, Alyansın Böyük Britaniyada keçirilən ali yığıncağına dəvət almışdım.
 
Xatırladım ki, bizdən xeyli öncə Alyansının üzvlüyünə namizəd olmaq üçün müraciət edən çoxlu sayda partiya  olsa da, budəfəki toplantıda yalnız 3 partiyanın – Azərbaycandan BAXCP-nin, Slovakiyadan Azadlıq və Həmrəylik, İtaliyadan isə Mühafizəkarlar və İslahatçılar partiyalarının müraciətlərinə baxıldı".
 
Q. Həsənquliyev deyib ki, Ermənistan nümayəndələri BAXCP-nin üzvlüyə namizəd kimi qəbul olunmasına mane olmağa cəhd ediblər:

" BAXCP-nin təqdimatından sonra müxtəlif məsələlərlə, o cümlədən bu il keçiriləcək parlament seçkiləri ilə bağlı mənə ünvanlanan sualları cavablandırdım. Bu zaman Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Naira Zoqrabyan söz alaraq, “siyasi məhbusların olduğu ölkəni təmsil edən bir partiyanın Alyansa üzvlüyünün quruma heç bir müsbət divident gətirməyəcəyini” vurğuladı.
 
Qalmaqalları ilə Azərbaycanda da yaxşı tanınan erməni deputatın sualdan daha çox mövqe ifadəsinə bənzəyən fikirlərinin cavabında bildirdim ki, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları barədə danışmağa, ümumiyyətlə, mənəvi haqqı çatmır. Naira Zoqrabyana burada Azərbaycanın müxalifət partiyasını təmsil etdiyimi xatırlatdım. Qeyd etdim ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da insan haqları ilə bağlı problemlər var.

BAXCP dəfələrlə Azərbaycan hökumətinə bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi motivlərlə həbs olunduqları iddia olunan, haqlarında məhkəmə hökmü olan şəxslərin əfv edilməsi, digərlərinin isə haqlarında həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə müraciətlər edib. Lakin bütün hallarda, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları ilə bağlı Azərbaycandakı vəziyyət haqqında danışması ağlasığmazdır. Azərbaycanda Ermənistanda olduğu kimi fərqli siyasi xətt götürən şəxsləri – ölkə parlamentinin sədrini, baş naziri başqalarına da dərs olun deyə, xof yaratmaq üçün ictimaiyyətin gözü qarşısında, canlı yayımda edam etmirlər. Yaxud seçkilərin nəticələrinə etiraz edənləri güllələmirlər.

Bütün bunlar sübuta yetirir ki, Ermənistan təmsilçiləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə sussalar, daha yaxşı olar. Çünki onların ölkəsində fərqli düşünən insanlar fiziki cəhətdən məhz edilir".
 
Q. Həsənquliyev həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və nəticədə 1 milyon insanın öz evlərindən didərgin düşməsi barədə də danışıb.
  
"Bu polemikadan sonra Ermənistan təmsilçiləri susdular və partiyanın üzvlüyə namizədliyi səsə qoyulanda heç bir etiraz etmədilər. Sonradan məlumat aldım ki, Ermənistan təmsilçiləri ilə bu barədə öncədən müzakirə aparılıb və onlara deyilib ki, Azərbaycanı təmsil edən bu və ya digər siyasi partiyaya qarşı əsaslı iddiaları olmadıqları üçün etirazları qeyri-səmimi təsir bağışlayacaq. Beləliklə BAXCP-nin Alyansın üzvlüyünə namizədliyi səsə qoyuldu və qərar yekdilliklə qəbul olundu" deyə, partiya sədri bildirib.
 
Onun sözlərinə görə, partiyanın Alyansa üzvlük məsələsinə isə noyabrın 14-də Tunisdə keçiriləcək toplantıda baxılacaq. 6 ay sınaq müddətində isə Alyansın təmsilçiləri Bakıya gələcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaqlar.
 
Q. Həsənquliyev qeyd edib ki, Alyansda 16 Avropa ölkəsi ilə yanaşı Avstraliya, Kanada, Mərakeş, Yeni Zelandiya və ABŞ-ı təmsil edən partiyalar Alyansın tərəfdaşlarıdır. Böyük Britaniyada keçirilən toplantıda ABŞ-ın Respublikaçılar Partiyasını 2 senator təmsil edib:
 
"Cənubi Qafqaz regionundan isə yalnız Azərbaycan bu qurumda təmsil olunmurdu. “Çiçəklənən Ermənistan” və Gürcüstanın Xristian Demokratik Xalq Partiyası Alyansın üzvləridir. Bu qurumda kifayət qədər nüfuzlu, öz ölkələrinin ictimai rəyinə təsir göstərməyi bacaran, o cümlədən hakim partiyalar təmsil olunur. Qardaş Türkiyənin hakim partiyası da Alyansın üzvüdür.

Bütün bunlar isə deməyə əsas verir ki, BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçlar Alyansına üzvlüyü partiyanın beynəlxalq əlaqələrinin genişlənməsinə, təcrübə qazanmasına, Azərbaycanla bağlı həqiqətlərin geniş təsir imkanları olan bir auditoriyaya çatdırılmasına imkan yaradacaq, partiyamızın və bütövlükdə çoxpartiyalı sistemin inkişafına təkan verəcək. Azərbaycanla bağlı aparıla biləcək hər hansı bir kampaniyanın qarşılığının verilməsinə zəmin yaradacaq.

Bu baxımdan, BAXCP-nin Alyansa üzvlüyü həm partiya, həm də ölkəmiz üçün önəmli hadisədir".
 





26.05.2015    çap et  çap et