525.Az

2050-ci ilədək meşə altında olan ərazilər kolluqla əvəz oluna bilər


 

2050-ci ilədək meşə altında olan ərazilər kolluqla əvəz oluna bilər<b style="color:red"></b> İqlim dəyişmələrinin Azərbaycana təzahürü nəticəsində istilik qurşaqlarının sərhədləri dəyişə bilər.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya” şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru aparıcı elmi işçi Məhərrəm Həsənov APA-ya bildirib ki, Azərbaycanda 2050-2100-cü illərdə isti və mülayim qurşağın sərhədinin genişlənməsi və soyuq qurşağın sərhədinin azalması müşahidə ediləcək.
 
Onun sözlərinə görə, Azərbaycanda 2050-ci ilədək isti qurşağın sərhədi genişlənəcək. Aparıcı elmi işçi qeyd edib ki, dağ meşələrinin aşağı sərhədi 100-150 metr yuxarı qalxa və nəticədə indi meşə altında olan ərazilər kolluqla əvəz oluna bilər:

“Bu hadisə kənd təsərrüfatına da müəyyən formada təsir edə bilər. İstilik qurşağının sərhədinin dəyişməsi bizə vadar edəcək ki, daha isti sevən bitkilərin arealını genişləndirək.

Nəticədə bitkilərdə vegetasiya dövrü də uzanacaq. Hazırda isti ehtiyatı çatmadığına görə əkib-becərmədiyimiz orta-dağlıq zonada və 2000 metrə qədər olan ərazilərdə əkinçilik işləri görüləcək”.
 
M.Həsənov əlavə edib ki, hazırda əkinçilik 1400 metrə kimi olan ərazilərdə aparılır. İstilik qurşaqlarında olacaq dəyişiklikdən sonra əkinçiliyin 1600-1700 metrə kimi aparıla biləcəyini deyən institutun əməkdaşı qeyd edib ki, 200 metr şaquli hündürlük sahə baxımından böyük bir rəqəmdir.
 





26.05.2015    çap et  çap et