525.Az

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir qurumla əməkdaşlığa başlayır


 

SİNERGETİK TƏDQİQATLAR İCTİMAİ BİRLİYİ İLƏ İMZALANAN MEMORANDUM SAYƏSİNDƏ YAXIN GÜNLƏRDƏ BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLƏCƏK

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir qurumla əməkdaşlığa başlayır<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Sinergetik Tədqiqatlar İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd hər iki təşkilatın gələcək əməkdaşlıq imkanlarının konkret layihələr əsasında birləşdirilməsini nəzərdə tutur.

Sinergetik Tədqiqatlar İctimai Birliyinin rəhbəri Anar Tahirovun sözlərinə görə, bu sənəd müştərək elmi-humanitar simpozium, konfrans və forumların keçirilməsini, nəşrlərin hazırlanmasını, həm ölkə daxilində, həm xaricdə milli ədəbiyyatı və milli kimliyi tanıtmaq istiqamətində səylərin ortaq məxrəcə gətirilməsini ehtiva edir:

“Düşünürük ki, AYB-nin çox vacib, ölkə xaricində geniş tanınan strukturlarından olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təcrübəsi, imkanları, eyni zamanda, bizim imkanlarımız Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, elmimizin təbliğ üçün geniş perspektivlər açır”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib ki, imzalanan sənəd çox əhəmiyyətlidir və lap yaxın günlərdə öz bəhrəsini verəcək:
 
“İyunun 5-də Gənc Şairlər Birliyinin təşkil etdiyi 5-ci Şairlər Günü keçiriləcək. Biz də həmin proqram çərçivəsində Sinergetik Tədqiqatlar İctimai Birliyi ilə artıq ilk tədbirimizi - “Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə fərdlərin və topluluqların fərdi və mənəvi təhlükəsizlik problemləri” mövzusunda Beynəlxalq Simpozium təşkil edəcəyik”.

 





27.05.2015    çap et  çap et