525.Az

Rusiya ilə nikbin danışıqlar


 

MÜBARİZ ƏHMƏDOĞLU: "RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİNDƏ DÖNÜŞ YARADA BİLƏR"

Rusiya ilə nikbin danışıqlar<b style="color:red"></b>

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Sergey Lavrov arasında Moskvada baş tutan görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş fazadan çıxarılması barəsində olub.

Rusiyalı həmkarı ilə birgə brifinqdə E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi üzrə ehtiyatlı nikbinliyini ifadə edib. Dağlıq Qarabağ probleminin həllinin vaxtının çoxdan yetişdiyini deyən nazir əlavə edib ki, həmkarının səsləndirdiyi nikbinlik notlarını bölüşür.

S.Lavrov da öz növbəsində təsdiq edib ki, nizamlanma prosesinə real baxır. Rusiya xarici işlər naziri danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyin Moskvanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib.

Eyni zamanda, bu görüşün bəlli olan təfərrüatlarından irəli gələrək Azərbaycan ictimaiyyətində də münaqişənin həlli ilə bağlı son dövrlər olmadığı qədər nikbin əhval-ruhiyyə hökm sürür. Azərbaycanın bir nömrəli problemi ətrafında iki ölkə arasında müsbət mənada təmasların yaranmasına heç şübhəsiz ki, rəsmi Bakının xarici siyasətdə atdığı addımlar, xüsusilə Ukrayna münaqişəsindən sonra Moskvanın üzləşdiyi çətin şəraitdə Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmaması, şimal qonşumuzla iqtisadi, siyasi əlaqələri daha da inkişaf etdirmə meyllərini ortaya qoyması səbəb olub. Hərçənd Azərbaycanın Ukrayna böhranından sonra Avropa İttifaqının həyata keçirdiyi sanksiyalara qoşulmamasının səbəbi sırf Dağlıq Qarabağ münaqişəsində dünya birliyinin tutduğu ədalətsiz mövqe ilə bağlıdır. Yəni, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələri qüvvədə olduğu halda bugünə qədər İrəvana heç bir sanksiya tətbiq olunmayıb. Ona görə də, rəsmi Bakı Qərbin bu ikili standartlarına cavab olaraq hər hansı bir dölvətə qarşı sanksiyalara qoşulmaq fikrində deyil. Lakin Azərbaycanın bu balanslaşdırma siyasətinin Rusiya ilə münasibətlərin müsbət istiqamətdə inkişafı üçün etdiyi təsirləri də inkar etmək olmaz. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzü, iyirmi faiz torpaqlarını işğal etməsi faktı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə öz əksini tapdığı halda, iyirmi ildən artıqdır Ermənistana qarşı nə təzyiq siyasəti, nə də iqtisadi sanksiyalar hərəkətə gətirilib. Əksinə, dünən olduğu kimi bu gün də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri təkcə Ermənistana deyil, eyni zamanda Dağlıq Qarabağ separatçılarına hərtərəfli dəstək nümayiş etdirirlər. Moskva görüşü isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində Azərbaycanın xeyrinə dəyişiklik etmək niyyətlərini ortaya qoyub. Eyni zamanda, bu münaqişənin real əsaslarla həlli Rusiyanın xüsusilə post-sovet məkanında imicini yenidən yüksəldə, siyasi nüfuzunu geri qaytara bilər.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının direktoru, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, Rusiyanın Ukraynaya müharibə elan etməsi, Krımın ilhaqı, Donbas separatçılarına dəstək olması ona qarşı embarqoların tətbiqi ilə nəticələnib. O bildirib ki, bu da şimal qonşumuzun dünya miqyasında həm nüfuzuna xələl gətirib, həm də onu müəyyən qədər zəiflədib: "Buraya neftin ucuzlaşması, rublun məzənnəsinin aşağı düşməsini aid etmək olar. Yəni əvvəllər Rusiya güclü Azərbaycanın isə nisbətən zəif olanda Dağlıq Qarabağ münaqişəsi çərçivəsində ikitərəfli danışıqlar aparılıbsa, indi rəsmi Moskva öz qüdrətini itirir, Azərbaycan əksinə olaraq daha da güclənir və bu vəziyyətdə müzakirələr baş tutur. Bu gün dövlətimiz iqtisadi gücünü artırır, sosial tərəqqi yaşayır, geosiyasi proseslərə sürətlə nüfuz edir, həlledici qərarlarda iştirak edir, idman ölkəsi kimi beynəlxalq mötəbər təsbirlərə uğurla ev sahibliyi edir, eyni zamanda Birinci Avropa Oyunlarını keçirməyə hazırlaşır. Rusiya isə düşdüyü vəziyyətdən çıxış yolu axtarır. Ona görə də belə danışıqlarda Rusiya kifayət qədər vədlər verə, Azərbaycanın xeyrinə sözlər deyə bilər. Lakin biz yaddan çıxarmamalıyıq ki, Dağlıq Qarabağ probleminin yaradıcısı Rusiyadır, məqsəd də Qafqazı yenidən öz təsir dairəsinə keçirməkdir.

Politoloqun sözlərinə görə, əgər Rusiya xarici siyasətində dəyişiklik edərsə, Ermənistana verdiyi dəstəyi dayandırarsa, onlara silah-sursat verməzsə, hərbi bazalarını gələcəkdə Ermənistandan çıxararsa, o zaman Azərbaycana xoş niyyətini göstərmiş olacaq: "Ancaq hələ ki, bu haqda danışmaq tezdir. Çünki danışıqlarda deyilən nikbin fikirlər Rusiyanın zəifləməsinin, Azərbaycanın isə güclənməsinin nəticəsidir. Belə halda danışıqların aparılması müsbət qiymətləndirilməlidir. Ruisya isə dünən dediyi sözlərin sabah arxasında durmalıdır. Ölkə prezindenti İlham Əliyev bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ torpaqlarını heç kəsə güzəştə gedən deyil. Biz həmişə bu mövqedən çıxış edirik. Rusiya əgər danışıqlarda irəli addım atar, haqq-ədalətin bərpa olunmasına yardım edərsə, əlbəttə ki, bu Azərbaycanın işinə yarayacaq".

M.Zülfüqarlı əlavə edib ki, Azərbaycan müstəqil siyasət yürüdür və atdığı addımlar hər hansı bir dövlətin mənafeyini qorumaq üçün deyil, öz dövlət maraqlarımızı təmin etmək məqsədi daşıyır: "Riqa sammitində ölkə başçısının iştirak etməməsinin əsas səbəbi də Birinci Avropa Oyunları ərəfəsində anti-Azərbaycan qüvvələrin apardığı qərəzli kampaniyalarla bağlı idi. Avropa Birliyi ölkələrinin bu siyasəti başadüşülən deyil. Qərb Rusiyanın enerji resurslarından asılılığı azaltmaq üçün Azərbaycana bel bağlayır, eyni zamanda ölkəmizə qarşı təzyiq siyasəti də yürüdür. Ona görə də Azərbaycan öz qəti mövqeyini bildirib ki, ölkəmizə qarşı hər hansı bir əsassız iddiaların nəticəsi olmayacaq. Çünki Azərbaycan qərəzli kampaniya aparan dövlətlərə addekvat cavab vermək iqtidarındadır. Əgər Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramında bizimlə əməkdaşlıq etmək istəyirsə, o zaman Azərbaycanın da maraqlarına uyğun layihə təqdim etməlidir. Buna görə də, Riqada rəsmi Bakını yalnız xarici işlər naziri Elmar Məmmədyarov və Prezindent Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil edib. Bu bir daha göstərib ki, müstəqil siyasət yürüdən Azərbaycan dövləti heç kimin diktəsi ilə oturub durmur. Eləcə də Rusiyanın beynəlxalq arenada təklənməsi ona gətirib çxıarıb ki, Kreml rəhbərliyi Azərbaycanla münasibətlərdə nisbətən yumşaq siyasətə keçsin. Moskva çalışır ki, Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara davam gətirsin. Azərbaycan isə Qərb koalisiyasının embarqo siyasətinə qoşulmayıb. Ona görə də, Rusiya Avropadan ixrac edə bilmədiyi istehlak məhsullarını, meyvə-tərəvəzi Azərbaycan kimi sanksiya siyasətinə qoşulmayan ölkələrdən alaraq özünə tədarük görür. Yəni, Rusiya görür ki, Azərbaycan xoşniyyətli ölkədir. Bununla biz Moskvaya qarşılıqlı qonşuluq və dostluq münasibətlərimizi qorumaq iradəsini ortaya qoymuşuq. Kreml rəhbərliyi bundan nəticə çıxarmalı, Dağlıq Qarabağın işğalına son qoyulması üçün Azərbaycana dəstək verərək, ölkəmizlə mövcud əlaqələrin daha da dərinləşməsi üçün zəmin hazırlamalıdır".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun son iki-üç ildə verdiyi bəyanatların dinamikasını izləyəndə məlum olur ki, Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə keçmə məsələsində nikbin olmağa əsas var: "Lavrov öz fikirlərinin dinamikasına söykənərək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib ki, danışıqlarda "böyük nikbinlik" var. Azərbaycan-Rusiya əlaqələri sınaqlardan keçərək daha da möhkəmlənir. İki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr nə qədər çalışsalar, bu məqsədlə Ermənistandan istifadə etsələr də nəticədə onların məkrli planları baş tutmayıb. İndi Rusiya başa düşür ki, Azərbaycanın öz yolu, öz siyasəti var. Bu siyasətdə Rusiya ilə münasibətlər xüsusi yerdə qərarlaşıb. Bu reallığı dərk edən Moskva hazırda iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı istiqamətində fəaliyyət göstərir. İndi biz Rusiya rəsmilərinin dediyi sözlərə daha çox inana bilərik. Eyni zamanda, xatırlatmaq lazımdır ki, Lavrov bu sözləri Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən təxminən iki-üç həftə öncə deyib. Yəni, Moskvada xarici işlər nazirlərinin razılaşdırdığı məsələlərin nəticəsi olaraq Putin Bakıda dövlət rəhbəri İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tutduğu mövqeyin daha da konkretləşməsi ilə bağlı qərar verə bilər".

M.Əhmədoğlu qeyd edib ki, Sergey Lavrovun Riqada Avropa İttifaqının sammitinin keçirilməsindən xəbəri olduğu kimi Azərbaycanın da hansı mövqe nümayiş etdirdiyi barədə məlumatı var: "Bu baxımdan, hesab edirəm ki, həm Riqa sammitinin yekunları, həm də Moskva görüşündən sonra Putinin Bakıya gözlənilən səfəri Rusiyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müəyyən dönüş yarada bilər".

Ceyhun ABASOV

 





27.05.2015    çap et  çap et