525.Az

"İlk Avropa Oyunlarının Bakıda keçirilməsi qürurvericidir"


 

"İlk Avropa Oyunlarının Bakıda keçirilməsi qürurvericidir"<b style="color:red"></b>

"Bakıda keçiriləcək I Avropa Oyunlarının start götürməsinə sayılı günlər qalır.Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək və 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək".

Bu fikirləri mətbuata açıqlamasında  Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. "Bu mənada, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir". S.Vəliyeva bildirib ki, Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. "Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı"-deyən,  deputat sonra vurğulayıb ki, kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Təsadüfi də deyil ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsləndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son London-2012 Yay Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü.
 
Eyni zamanda, Azərbaycanın 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz, bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır".

O həmçinin, qeyd edib ki, I Avropa Oyunlarına hazırlıqla bağlı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirməkdədir: "Bu baxımdan, həyata keçirilən işlərin nəticəsi olaraq, I Avropa Oyunları Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividentlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir. Lakin bu cür tədbirlərdən sonra onların sayı daha da artacaq, ölkənin nüfuzu, reytinqi yüksələcək".

Millət vəkili Sevinc Hüseynova deyib ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Onun dediyinə görə, təsadüfi deyil ki, Avropa məkanında da birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirirlər. "Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək"-deyən, deputatın sözlərinə görə, Azərbaycanın bütün dünyada nüfuzlu idman ölkəsi kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Millət vəkili qeyd edib ki, hazırda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə ölkəmizdə çox böyük işlər görülür, yeni idman obyektləri tikilir, bəziləri isə əsaslı təmir edilir:"Yeni idman komplekslərinin yaradılması həm yeni iş yerləridir, həm də beynəlxalq idman yarışlarının təşkilinin yeni standartlarını müəyyənləşdirir.
 
Hesab edirəm ki, bu baxımdan başqa ölkələr də gələcəkdə Azərbaycanın təcrübəsindən yararlanacaqlar. Bütün bunları ümumiləşdirsək, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Azərbaycanın yeritdiyi siyasətin əsas məzmunu və mahiyyəti ondan ibarətdir ki, xalqımızın, dövlətimizin maraq və mənafeyi, rifahı və gələcək inkişafı istiqamətində addımlar atılır və bu yöndə bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə biz çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız yaxşı mənada çox dəyişib. Bu dəyişikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur. Artıq inkişafın Azərbaycan modeli dünyaya təqdim olunub. İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaqlar".

"Bir Azərbaycan vətəndaşı, bir sənətçi, bir musiqiçi olaraq ilk Avropa Oyunlarının doğma Bakımızda-canımız Azərbaycanımızda keçirilməsindən çox sevinir və qürur duyuram". Bunu isə tanınmış kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov dilə gətirib. "Oyunlarla bağlı idmançılarımıza da uğurlar arzulayıram. İnanıram ki, idmançılarımız öz uğurlu oyunları, qələbələri ilə xalqımızı bir daha sevindirəcəklər".

E.Əhmədov eyni zamanda, belə bir möhtəşəm idman yarışmasına ev sahibliyi etməklə Azərbaycanın həm də bir daha tarix yazdığını bildirib. "Bu, həm möhtəşəm idman yarışmasıdır, həm də böyük mədəni-siyasi hadisədir. Bunun xalqımız, dövlətimiz üçün çox böyük əhəmiyyəti var. Bu oyunlar Azərbaycanın dünyada bir daha imicinin, nüfuzunun artmasına, ölkə həqiqətlərinin dünyaya daha yaxından və daha obyektiv şəkildə çatdırılmasına öz töhfəsini verəcək. Mən eyni zamanda, ona çox sevinirəm ki, dünyanın hər bir yerindən gələn idmançılar, turistlər Azərbaycanımızın mədəniyyətinə, milli mətbəxinə, ümumilikdə bütün gözəlliklərinə şahid və valeh olacaqlar.Odur ki, bir daha dövlət başçımız İlham Əliyev cənabları başda olmaqla, bütün xalqımızı bu münasibətlə ürəkdən təbrik edir, idmançılarımıza da uğurlar, zəfərlər arzulayıram. Bir arzum da var- gün o gün olsun ki, doğma Qarabağımızda belə tədbirlər keçirilsin. Bayrağımız həmişə yüksəklərdə dalğalansın".

Kamil HƏMZƏOĞLU

 





27.05.2015    çap et  çap et