525.Az

Oqtay Rəcəbovun yeni operası təqdim edildi


 

Oqtay Rəcəbovun yeni operası təqdim edildi<b style="color:red"></b>

Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar müəllim, professor Oqtay Rəcəbovun "Sərçənin sərgüzəştləri" adlı yeni uşaq operasının premyerası olub.

Təqdimat 28 May - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib.

Nümayişdən əvvəl ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qurumun uşaq musiqisinə həmişə yüksək qiymət verdiyini vurğulayıb: "Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov və digər görkəmli bəstəkarlarımız uşaqlar üçün musiqi yazıblər. Uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər. Azərbaycan uşaq musiqisinə öz töhfəsini verən bəstəkarlardan biri də Oqtay Rəcəbovdur. Uşaqlar üçün xeyli sayda musiqi yazan bəstəkar 4 uşaq operasının müəllifidir".

Firəngiz Əlizadə O.Rəcəbovun yalnız bəstəkar kimi deyil, həmçinin pedaqoq kimi də uğurla fəaliyyət göstərdiyini vurğulayaraq deyib ki, o, yazdığı dərsliklərdə, tədris vəsaitlərində musiqini necə ifa etməyin nəzəriyyəsini açıqlayır. Qeyd edib ki, bəstəkarın bu gün nümayiş olunacaq operası bir növ onun böyük fəaliyyətinin bəhrəsidir.

Sonra Bakı şəhəri 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivinin ifasında "Sərçənin sərgüzəştləri" operası təqdim edilib. Operanın librettosunun müəllifi uşaq yazıçısı, "Qızıl kəlmə" mükafatı laureatı Sevinc Nuruqızıdır.

Nümayişdən sonra çıxış edən Oqtay Rəcəbov operanın həm "Bənövşə" uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alındığını söyləyib. Diqqətə çatdırıb ki, operanı Bakıdan kənarda hazırlamaq qərarına gəldik və Əmircanda olan bu məktəbin kollektivi tərəfindən səhnələşdirdik. Bəstəkar bildirib ki, tədricən Azərbaycanın bölgələrini də əhatə etməyə çalışmalıyıq.

Oqtay Rəcəbov məktəbin kollektivini təbrik edərək yaradılan şəraitə görə Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib.

Opera ilə bağlı fikirlərini bölüşən Sevinc Nuruqızı deyib: "Çalışmışam ki, sözlər çox yumşaq, az hecalı, uşaqlar tərəfindən rahat qavranılan olsun. Ümumiyyətlə, mən uşaqlar üçün yazılmış əsərlərin xoşbəxt sonluqla bitməsini xoşlayıram. İstəyirəm ki, bu əsərlər uşaqların psixologiyasına pis təsir etməsin".

Sonda tamaşanı hazırlayanlar, 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimləri Könül Talıbova və Ülkər Hüseynova, konsertmeyster Leyla Atakişiyeva və Sərçə rolunun ifaçısı Aygün Hüseynova Bəstəkarlar İttifaqının diplomları ilə təltif edilib.

S.ABDULLAYEVA

 





27.05.2015    çap et  çap et