525.Az

İlyas Əfəndiyev irsində tarix və dil yaddaşı


 

İlyas Əfəndiyev irsində tarix və dil yaddaşı<b style="color:red"></b>

Mayın 26-sı Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Görkəmli ədibimizi bu münasibətlə ehtiramla anır, onun yaradıcılığına həsr olunmuş yazını oxuculara təqdim edirik. 

(Əvvəli ötən sayımızda) 

İlyas Əfəndiyevin tarixi keçmişimizin müəyyən dövrünü real hadisələr əsasında qələmə aldığı  daha bir əsərindən - "Üçatılan" povestindən  dialektizmlərə aid nümunələrə müraciət edək:

Deyirdi, soraqlaşa-soraqlaşa gəlib gördüm sizin küçə qapısında eyzən  (burada tamamilə, bütünlükdə, başdan-başa)  teleqraf simləridi;  Ərşad gülümsəyib: -Sənin sözün sınınca, düşmanın boynu sınsın, - deyərək toğlunun (on aylıq qoyun balası) quyruğundan  bir şırım (tikə) kəsib, qar kimi dişlərilə bir anda yedi;  Buna görə də, Tapdıq əvvəlcə göy qurşağını belindən açıb, bir tərəfindən qoburlu qəmə (xəncər) ilə bıçaq itiləyən sətil (burda kəsərli alətləri itiləmək üçün polad alət) asılmış keçmiş qayış-kəmərini bağlayır; Günlərini eyzən (burada həmişə)  qışda Haramıda, yayda isə dağlarda qoyun-quzunun arasında keçirir ki, camaat onun seyidliyini yaddan çıxarsın;  Çöllərdə, dağlarda səllimi (boş, bekar) həyat keçirən tərəkəmələr yavaş-yavaş Tapdığın "ağa"lığını unudurlar;  Ona görə də, hərləyirdilər (fürsət axtarmaq) ki, girəvə düşən kimi onu öldürsünlər; Gəlin mis parç dolusu ovduq (ayran)  qayırdı;  Eyvaz əmi bilirdi ki, nə vaxt-lap gecəyarısı da Hacının evinə getsən, onun quzu bozartması, ərik qaysavası (xörək adı)  dərhal hazırdır;  Ərşad da çox həməyir (işdənqaçan, tənbəl), oğru olduğundan Şahmarla dostluqları yaxşı tuturdu;  Hacı bilirdi ki, Fərhad ilxıdakı cavan atlar kimi bozqırlarda (susuz, otsuz çöl), yaylaqlarda, Haramılarda səllimi böyüyüb, ona görə də, hökumətin, dünyanın  işlərindən nə başı çıxacaq;  Ərşad arvadının sözünə əhəmiyyət verməyərək, iki acıtmalı (xəmiri maya ilə yoğrulmuş) çörəklə bir kasa qatığı yeyib qalxdı ayağa;   - Obada heyvan kəsib alışma (bir neçə  adamın şərikli (qoyun, mal və s.) müəyyən bir şey alıb bölüşməsi) eləsələr, sən də götür, gəlib pulunu verərəm;   Ərşad gecənin qaranlığında eyzən (burada tamamilə)  ayaq dəyməyən yerlərlə at sürərək, gəldi çatdı Kürdobanın qənşərinə (əvvəl);   -Ə, axı, neyləyirsən Şahmarı? Arazın hər keçələtinə (keçid) bələdsən; Deyirlər, Rzaqulunun yeddi saytal (igid, qorxmaz) oğlu var;  Əli dedi:-Ə, qağa, nəbadə (birini bir işdən çəkindirmək üçün işlədilən söz) obaya üzükəsən (burada gəlmək);  Ərşad dedi:-İnanmıram ona, təlləyir (aldatmaq). Apardı basdı dama (burada qazamat), sonra əlim hara çatar?!  Bağın hasar-çəpəri çoxdan tərk olub (xarab olmaq) getmişdi;   -Ə, bir bölük gəlsə məni bu səngərdən dəbərdə (tərpətmək) bilməz, özünüzü havayı qırğına verməyin, cəhənnəm olun!   ...Atının başını döndərib, işıq gələn  şenliyə (burada kənd, oba, yaşayış məntəqəsi)  tərəf çapdı;  Lap birinci dəfə bura gəldiyi zamandan Ərşadla ləc  düşən    (tərs düşmək, düşmən olmaq)  həmin milis Ərşadı görüb əvvəl təəccüb elədi;  Ərşad atını addım-addım sürüb, qaranlıqda obadan çıxandan sonra dörddəmə (dördayaq çapma) çapdı...;  Ərşadla Kərəm diqqətlə baxıb tapdanmış  otları və nəm torpaqdakı  at rədlərini (ləpir, iz) gördülər; Onların ondan xəbərləri yox idi ki, lap qədim zamandan bu böyük damın tövləyə açılan külfəsi  (tövlədə pencərə əvəzinə  qoyulmuş deşik) var idi ki, heç kəs bilməsin deyə qabağına da yorğan-döşək  yükü yığmışdılar;  Elat (köçəri) hələ yaylağa qalxmayıb. 

Möhtəşəm tarixə malik ana dilimizə tükənməz sevgi ilə yanaşan yazıçı bu əsərində də istənilən qədər dialektizmlər, eləcə də xalq danışıq dilinə məxsus söz və ifadələr  işlədir ki, bu da obrazların xarakterinin açılmasına, təbii canlandırılmasına, hadisələrin hansı yerdə baş verdiyini göstərməyə  kömək edir.              Hər iki əsərində əhvalatlar Qarabağın Araz boyu tərəkəmələrinin yaşadıqları ərazidə baş verir.

İlyas Əfəndiyevin Qarabağın tarixindən bəhs edən daha bir əsəri Azərbaycanın  sayılan-seçilən, igid oğullarından biri olan XIX əsrin əvvəllərində yaşamış Qaçaq Süleymanın həyatından bəhs edən "Qaçaq Süleymanın ölümü" povestidir. Bu əsərində də ədib dialektizmlərdən istifadə etmişdir. Nümunələrə müraciət edək:

Qaçaq Süleyman dedi:  - Özün də elə bilmə ki, bu pullar soyğunçuluqdan-zaddandır. Bunu mənə erməni hampası (varlı, dövlətli) Şahnəzəryan bac göndərib! Sonra onlar yavaş-yavaş Araz boyu uzanan dahara (təpə)tərəf getdilər və dahar boyu gəzməyə başladılar; Daharın üstündəki qalın böyürtkən kolluğunun qənşərindən yarğana qəfil bir adam yıxılan kimi, biz yıxılana selləmə atəş açmalıyıq!  Asta yorğa (at yerişinin bir növü)  ilə gedən on iki atın ahəngdar ayaq səslərinin təsiri ilə Qaçaq Süleyman bir az bundan qabaq naçalnikin evindəki əhvalatı təkrar xatırladı; Qaçaq Süleyman  şəhər rəisini xəbərdar elədi ki, əgər ermənilər köçün qabağını kəssə, evlərdən çıxanları bir-bir buradan dənləyəcəklər (bir-bir qırmaq, öldürmək);  Bu əclaf çar çinovnikləri min verstlərlə uzaqlardan durub bura ağalığa gələn kimi erməni kösələrini (burada: tərəkəmələr ermənini belə adlandırırlar) tapırlar;  Mən də bunun üçün Kasparova təpindim (acıqlanmaq, hədə-qorxu gəlmək).

Ədibin yaradıcılığından - müasir Azərbaycan nəsrinin ən gözəl nümunələrindən olan əsərlərdən  gətirdiyimiz misallardan  da göründüyü kimi,   İlyas Əfəndiyev ümumxalq dilinin incəliklərini duyan, onun fövqəladə qüvvəsindən bacarıqla istifadə etməyi bacaran şirin dilli bir sənətkardır. O, dil vasitəsilə yalnız öz fikirlərini oxucuya çatdırmaqla kifayətlənmir,  həm də onun qəlbinə və hissinə təsir göstərir, onu duymağa və düşünməyə təhrik edir. İlyas Əfəndiyevin əsərlərini oxuduqca bir daha əmin olursan ki, dilin və xalqın tarixinin qədim qatları ilə bağlı  olan bir sıra əlamətlər bu gün canlı dildə və xalq yaradıcılığında yaşayır. Xalqın danışdığı dil, onun yaratdığı ədəbiyyat tükənməz bir xəzinədir. Əsrlərin dərinliyindən gələn bu söz xəzinəsi xalqın  müdrik və işıqlı zəkasını, qədim və zəngin dilini göstərir.

Tədqiqat göstərir ki, dialektizmlər bədii əsərdə obrazların səciyyəvi keyfiyyətlərini və onların hansı dialekt və şivənin nümayəndəsi olmasını müəyyənləşdirməkdə mühüm rol oynayır. Eyni zamanda dildəki sinonim sözlər cərgəsini zənginləşdirir. İlyas Əfəndiyevin nəsr əsərlərində istənilən qədər həm fonetik, həm də qrammatik dialektizmlərə rast gəlmək mümkündür.

 Mağıl dayna... tay dabanı çatdaq Xəlcənin oğlunun açığı tutdu, dünya dağılacaq, uşağın üzünü o qədər danlayır ki, evdən-eşikdən də perikir (didərgin düşür); - Ə, bilmirsiniz ki, Bəndalı heylə binamus işə qol qoymaz?  -Tay yekə oğlan olmusan...;  Xanım apardığı şeyləri Şuşa bazarında satıb-sovandan sonra köhnə müştəriləri baqqal Tağıya dedi ki, onlar üçün bir tapança alsın. Tağı istədi desin ki, "sizdə kişi xeylağı yoxdur, nağarırsan tapançanı?" ("Geriyə baxma, qoca");   -Deynən məni nahaq qana salmasın! Deynən bacın oğlu anasının goruna and içib ki, öldü var, döndü yoxdu bu işdən!  Oğlan tutulub deyir:-Neynək, mən baş götürüb gedərəm içərilərə;  Eyvaz əmi deyir:-Heylə şey olmaz! Biz qapıya gələni boş qaytarmarıq; -Ə, nə təhər gəlmisinizsə, heylə də qayıdın! Bizi qana salmayın!   -Nayran olma. Tez-tez gəlib sənə dəyəcəm; Kişi düz deyirdi  dayna. Qəfil evə dürtülüb arvad-uşağın yanında yaraqsız adamı  öldürmək  kişilikdən döyül, axı;  -Tay niyə gedim, gəlmişəm, tut dayna;  -Düzü, nəçərnik, kim olur-olsun, adamı namərdliklə öldürmək arıma gəlir ("Üçatılan"); Vicdansızın biridirlər, vəssalam! Heylələri ilə pişiyim-pişiyim eləmək olmaz;  Gözüyün ağı-qarası bircə oğlun var;   İndi sözüyün kütahı nədir, Bağdagül? - deyə bayaq birinci dillənən arvad soruşdu ("Dağlar arxasında üç dost");  Kişi dilxor oldu:-Sən Allah, şit-şit danışma. Nə gözəl oğlanbazlıqdır. Deynən, sənətini yaxşı bilən, ağlı başında oğlandır, vəssalam ("Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı");   Qaçaq Süleyman  söyünmə səslə dedi: - Qələt eləyər. Sizə yaxşı yol ("Qaçaq Süleymanın ölümü"); -Xeyir xəbər, sağsağan, xeyir xəbər!.. Oğluyun oğlu olub, qızıyın da oğlu olacaq! ("Sağsağan")

Göründüyü kimi, yazıçının təsvir dilində, xüsusilə də  obrazların dilində işlənən belə sözlər mətndə yerinə düşür, təbii səslənir, oxucu tərəfindən asanlıqla anlaşılır. Bu, əsərdəki surətlərin xarakterini müəyyənləşdirməyə, hər nəsildən olan insanların öz yerli danışıq dili xüsusiyyətlərinin saxlamasına, eləcə də əsərin təsir qüvvəsinin artmasına  kömək edir. Ümumi şəkildə baxsaq, İlyas Əfəndiyevin yaradıcılığında çətin başa düşülən, dolaşıqlıq yaradan dialektizmlər yox dərəcəsindədir.

Möhtəşəm tarixə malik Vətənimizə əvəzsiz  sevgi ilə bağlı olan İlyas Əfəndiyevin nəsrində  doğma Qarabağa aid xeyli sayda  toponomik adlara rast gəlirik ki, bunlar da Azərbaycan tarixinin ən qədim qatlarından xəbər verir.

Şahlarla Səlimə tövlədən çıxanda Qartallı Dərənin evlərindən  zəif işıqlar gəlirdi.  "Dəvə boynu" deyilən dağı aşandan sonra Çınqıllı gədik başladı.            ("Dağlar arxasında üç dost");   Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda "Kürdoba" deyilən bir tərəkəmə obası var idi.  "Gəyən" deyilən düzdə igidlər cıdıra çıxardılar.  (Köç) Sonra Dəliçay yaylağına çatıb, "Eşşək bulağı" deyilən yurdda keçə alaçıqlar - komalar qurardılar.  Qışda qışlaqda olardılar, yazda hər tərəfi qıpqırmızı lalə olan, min cür çiçək dolu otu dizə çıxan, göz işlədikcə uzanıb gedən Haramılara köçərdilər. Dünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın "Kirs" deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı.("Geriyə baxma, qoca");  Yaylağa köç zamanı adət idi: Çinarlı düzə çatanda atlılar cıdıra çıxardılar.  Qız-gəlin bilirdi ki, bu gün cahıllar  Altıntaxtada cıdıra çıxacaqlar. ("Üçatılan");  Qaryagin qəzasının  birinci nahiyəsinin pristavı Bayram bəy Araz qırağı Qarabağın Kürdmahmudlu, Qaçaq Süleyman isə, Əhmədallar deyilən qədim tərəkəmə obalarından idilər ("Qaçaq Süleymanın ölümü");  Bu yolun üstündəki "Yelli gədik"də çox karvanlar çovğuna düşmüş, isti  "Pirağbulaq" dərəsində çox karvanların qabağı kəsilmişdir ("Şuşa yollarında")   və s.

Həqiqətən də, ədibin əsərləri  Azərbaycan ədəbi tənqidində deyildiyi kimi, böyük yazıçının yaratdığı bir "Qarabağnamə"dir. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev yazır: "Qarabağın tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm! Qarabağın taleyi və gələcəyi barədə düşüncə, nigarançılıq və həsrət bu "Qarabağnamə"dən həmişə eşidilib".

Sevinc HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 





27.05.2015    çap et  çap et