525.Az

Parklanmaya nəzarət zonaları yaradılacaq


 

Parklanmaya nəzarət zonaları yaradılacaq<b style="color:red"></b> Bakı-2015 Birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq.
 
“APA-Economics”in verdiyi xəbərə görə, bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib.
 
Onun sözlərinə görə, bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək: "Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər”.
 
O bildirib ki, belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər: “Həmin zonada rəsmi saxlama  icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər".
 
A. Hüseynli deyib ki, Bakıya Avropa Oyunları ilə əlaqədar uzaqdan gələn tamaşaçılar avtomobillərini Mərkəzi Parkda ( Qış parkı) və Gənclik metrosunun yaxınlığında yerləşən parkdakı dayanacaqda saxlayıb idman arenalarına gedə bilərlər. Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 manat ödəməli olacaqlar”.
 
BEGOC rəsmisi əlavə edib ki, "express" avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər: “Lakin arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər”.
 





29.05.2015    çap et  çap et