525.Az

KOİCA-nın təşkil etdiyi sərgidə "Azərbaycan pavilyonu"


 

KOİCA-nın təşkil etdiyi sərgidə "Azərbaycan pavilyonu"<b style="color:red"></b> Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)  nəzdində fəaliyyət göstərən “KOİCA Qlobal Kənd”ində İpək yolu ölkələri – Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyətini əks etdirən sərginin açılış mərasimi keçirilib.

“APA-Economics”in verdiyi xəbərə görə, tədbirdə KOİCA-nın prezidenti Kim Yonq-mok, Koreya Parlamentinin üzvü Şim Yun-co, KR Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlığı Bürosunun (İdarə) baş direktoru Oh Yonqcu, Özbəkistanın Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət naziri Elyor Qəniyev, Azərbaycan, Özbəkistan və Qırğızıstanın Koreya Respublikasındakı Diplomatik missiyalarının rəhbərləri daxil olmaqla 100-dən artıq qonaq iştirak edib.

Açılış mərasimində çıxış edən rəsmilər bu cür sərgi və təhsil proqramlarının təşkil edilməsinin ölkələrin coğrafi yerləşməsindən, dini mənsubiyyətindən və  etiqadından asılı olmayaraq xalqlar arasında biliklərin artırılması, dostluq və mədəni münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına əminliklərini bildiriblər. 

Daha sonra “İpək Yolu” adlı sərgi mərkəzinin rəsmi açılış mərasimi keçirilib və sərgiyə baxış təşkil olunub.

Sərgi mərkəzində yaradılmış “Azərbaycan pavilyonu”nda səfirlik tərəfindən təqdim olunmuş milli xalça nümunələri və ölkəmizin qədim xalça sənətinə dair kitablar, musiqi alətləri və milli geyim nümunələri, miniatürlər və qədim abidələrimizə dair şəkillər nümayiş etdirilir.

2016-cı ilin iyun ayınadək davam edəcək sərginin keçirilməsinə əsas məqsəd Koreya vətəndaşları və KOİCA-nın təlim proqramlarında iştirak edəcək xarici ölkə rəsmiləri və qonaqlarını  Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyəti barədə məlumatlandırmaqdır.
 





29.05.2015    çap et  çap et