525.Az

İlham Əliyev: “Azərbaycanın siyasi çəkisi Ermənistanla müqayisəedilməz dərəcədədir”


 

“AZƏRBAYCAN HEÇ BİR DÖVLƏTİN YOX, ÖZ MİLLİ MARAQLARININ YANINDA OLACAQ”

İlham Əliyev: “Azərbaycanın siyasi çəkisi Ermənistanla müqayisəedilməz dərəcədədir”<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı Respublika günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edərək Azərbaycanın keçdiyi tarixə yola yenidən nəzər salıb, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi - bugünki müstəqil dövlətimizin qazandığı uğurlar, beynəlxalq aləmdə artan nüfuzu, dünyanın siyasi-iqtisadi proseslərində, enerji təhlükəsizliyi, qlobal sülhün əldə olunmasında oynadığı əhəmiyyətli rol barədə söhbət açıb, daxili və xarici siyasətdə bir sıra vacib məsələlərlə bağlı fikirlərini bildirib.
 
Prezidentin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi:

“Çünki bununla müsəlman aləmində ilk demokratik respublikanın əsası qoyulub. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

İlham Əliyevin çıxışda diqqət çəkən əsas məsələlərdən biri dövlətimizin bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsi barədə həm Azərbaycan, həm işğalçı Ermənistan, həm də dünya ictimaiyyətini əlaqələndirən mesajlar idi. Dövlət başçısı bildirib ki, xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Burada da bizim siyasətimiz və mövqeyimiz birmənalıdır.

Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir. Üçüncüsü, iqtisadi amildir.
Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir”.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, 28 May - Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbuldakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Onun sözlərinə görə, ölkə başçısının daxili siyasətlə bağlı söylədiyi iki fikir özəlliklə diqqət çəkib: “Onlardan biri maliyyə və dövlət qulluğunun digər sahələrində də ASAN xidməti metodlarının tətbiq olunacağı haqda idi.

Bunun nə demək olduğunu fikrimcə, şərh etməyə ehtiyac yoxdur. İlham Əliyevin qanunsuzluqların qarşısının alınmasında cəmiyyəti daha fəal olmağa çağırması, ictimai nəzarətin gücləndirilməsi haqda söylədikləri də həm düşündürücü, həm də son dərəcə mühüm bir ismarıcdır”.

Millət vəkili qeyd edib ki, xarici siyasətə gəldikdə dövlət başçısının bundan sonra da ikitərəfli əlaqələrə üstünlük veriləcəyini vurğulaması məncə, ötən həftə başa çatan Riqa sammiti və xarici işlər naziri Elmar Məmmədyarovun bu həftə Moskvada apardığı danışıqlar sonrası Azərbaycanın kimin yanında yer alacağıyla bağlı dolaşan suallara dəqiq cavab idi: “Ölkəmiz heç bir dövlətin yox, öz milli maraqlarının yanında olacaq.

Azərbaycanın milli maraqları deyiləndə isə öncə ağıla iki mühüm və bir-birilə sıx bağlı olan məsələ gəlir: müstəqillik və Dağlıq Qarabağ məsələsi. Dövlət başçısının xarici siyasətlə bağlı çıxışında vurğuladığı əsas məqam bu idi ki, həmin məsələlərdə kimsəyə güzəştə gedilə bilinməz və gedilməyəcək.

Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixində iki ən təəssüf doğuran haldan danışarkən onlardan birinin müstəqilliyin tez bir zamanda itirilməsi, ikincisi isə İrəvanın Ermənistana verilməsi olduğunu bildirib. Azərbaycanın dövlət başçısı ötən əsrin əvvəllərinə Ermənistana verilən torpaqlar məsələsini ardıcıl olaraq elə-belə qabartmır. Hesab edirəm ki, bu təkcə gənc nəslin həqiqəti bilməsi məqsədilə edilmir.

Əgər nəzərə alsaq ki, bu haqda danışılarkən mütləq hər iki ölkədəki demoqrafik vəziyyətə də toxunulur və potensiallar tutuşdurulur, onda ermənilərlə havadarlarına yeni bir reallığın təqdim edildiyini görürük.

Dağlıq Qarabağı bizə unutdurmağa çalışanlara bildirilir ki, Azərbaycanın təkcə ötən əsrin sonlarında deyil, əvvəllərində də ələ keçirilən torpaqları var. Bu torpaqlar da ya qaytarılacaq, ya oraya qayıdılacaq. Kimsə indi buna şübhə edə bilər. Ancaq unutmayaq ki, çox yox, 30 il bundan öncə deyəndə ki, biz Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki kimi müstəqil ola bilərik adama gülərdilər və gülürdülər də. Halbuki bu gün biz müstəqilik”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, təvəllüd tarixi təkcə fərdlərə aid deyil. Onun sözlərinə görə, millətlərin bətnindən doğulan varlıqların da həyatında əlamətdar günlər mövcuddur: “Doğrudur, müstəqil Azərbaycanın təqvimi elə yüklüdür ki, orada qırmızı və qara rənglərin dəqiq harmoniyasını tapmaq elə də asan deyil. Lakin bütün məhrumiyyətlərə baxmayaraq, milli iradəni vahid bir orqanizmdə-dövlətdə birləşdirmək mümkün olub. Siyasi və sosial statusundan asılı olmadan, hər kəsin hesablaşacağı fakt budur.
Cümhuriyyət məfkurəsi azadlığı tərənnüm edir, xalqın öz güvənini artırır və hər bir fərdin potensialını üzə çıxarmağa şərait yaradır. İndi keçmiş Sovet nəslinin tarixdəki yerinə də, xanlıqlar dövrünə də ayıq nəzərlərlə baxmaq, ibrətamiz nəticələr çıxarmaq imkanındayıq. 28 May istiqlalını ərsəyə gətirənlərə, müasir Azərbaycan dövlətinin qurucusuna - müstəqilliyin təkcə bəyannamə və aktlardan ibarət olmadığını dünyaya nümayiş etdirən böyük liderimizin ruhuna ən yüksək hörmət və ehtiramımızı göstərmək də bizim insanlıq borcumuzdur. Dəyərlər hər kəsə layiqli qiymət verməkdən başlanır!

Rəşadətli Sovet şairi kimi dünyaya milli pasportunu təqdim edərək “biz varıq” deyə bilməyin fərəhini sizcə hansı hislərlə ifadə etmək olar? Hamınızı qanadları üstünə alan müstəqilliyin istənilən daxili sarsıntıya, fəlakət və işğala sonda qalib gələcəyinə ürəkdən inanın. Bəli, millətlər şəxsiyyət vəsiqələrini qanlı mübarizələrdə qazanırlar. Azadlıq təkcə xiyabanlar deyil, həm də uğur və qələbə səlnamələri yazan milyonlarla insan deməkdir. Hər birimizin həyatda qurban və itkiləri olacaqdır, lakin təki dövlətimiz var olsun.Təki dövlətimiz bir daha itirilməsin”.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev 28 May - Respublika günü münasibətiylə keçirilən rəsmi qəbulda ölkənin daxili və xarici siyasətiylə bağlı vacib məsələlərdə bir daha öz mövqeyini ifadə edib.
 
Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır:

“Əgər sülh danışıqları heç bir nəticə verməyəcəksə, son söz demək hüququ yenə dövlətimizin üzərinə düşür. Silahlı Qüvvələrimiz dəfələrlə sübut edib ki, erməni tapdağında olan torpaqları qısa müddətdə işğaldan azad etməyə hazırdır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal altında saxlayır. Lakin bu onillər ərzində nə Ermənistan, nə də onun arxasında duran dövlətlər Dağlıq Qarabağın “müstəqilliy”ini tanıya bilməyib. Bu heç şübhəsiz ki, dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir.

İşğalçı ölkə Azərbaycanın əldə etdiyi böyük inkişaf fonunda daim kölgədə qalıb və tənəzüllə üz-üzə dayanıb. Diqqət yetirsək, Ermənistanı hər il 60-70 min insan birdəfəlik tərk edərək başqa dövlətlərdə özlərinə sığınacaq tapır. Bu ölkənin ordu quruculuğuna da nəzər salsaq, şahid olarıq ki, erməni əsgərlər acınacaqlı şəraitdə xidmət etmək istəmir, hərbi qulluqdan yayınmağa çalışırlar. Bu hal təkcə təmas xəttində qulluq edən ermənilərə aid deyil. Çünki Ermənistan ordusunda ölüm və intihar halları yalnız təmas xəttində baş vermir. O cümlədən, Ermənistanın özündə də bu kimi hallar erməni əsgərlərin valideynlərini dövlətə qarşı etirazlara qoşulmağa sövq edir. Ona görə də, əgər Ermənistan hərtərəfli böhran şəraitində xilas olmaq, beynəlxalq, irimiqyaslı layihələrə qoşulmaq istəyirsə, Dağlıq Qarabağın işğalını dayandırmalı və zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”.

Azərbaycanın güclü ordusuna güvənərək qısa müddətdə Dağlıq Qarabağ torpaqlarını erməni işğalından azad etmək iqtidarında olduğunu deyən M.Mehdiyev bildirib ki, hələ münaqişənin danışıqlar yolu ilə həll variantları tükənmədiyi üçün biz vasitəçilərlə bərabər Ermənistanla bir masa arxasında əyləşib müzakirələr aparırıq: “Bununla paralel olaraq, Azərbaycan öz hərbi potensialını da günü-gündən artırır”. Azərbaycana qarşı xarici qüvvələrin tətbiq etdiyi ikili standartların hələ də davam etdiyini xatırladan M.Mehdiyev hesab edir ki, Qərb və Amerika dairələrinin sözləri ilə əməlləri üst-üstə düşmür: “Birmənalı olaraq ABŞ Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, Ermənistanın atdığı qeyri-konstruktiv addımları dəstəkləyir”.

M.Mehdiyev əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı və dövləti Dağlıq Qarabağ torpaqlarının erməni işğalından azad ediləcəyi günün yaxında olduğuna inanır: “Biz daim əzəli torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmağa hazır olmalıyıq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, beynəlxalq təşkilatlar birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edirlər: “Onlar bir növ xristian dövlətlərinin maraqlarına uyğun hərəkət edirlər. Bu mənada regionda xristian dövlətinin güclənməsi, əlavə ərazi ələ keçirməsi onların maraqlarına cavab verir.
Ona görə də bu təşkilatlar Azərbaycanın haqlı mövqeyini başa düşən deyil”. Onun “SİA”ya açıqlamasına görə Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə bildiriblər ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində obyektiv mövqe nümayiş etdirmirlər: “Onların məsələyə nə vaxtsa obyektiv yanaşmasına ümid yoxdur. Beynəlxalq təşkilatlar bu mövqedə dayandıqlarına, işğalçı Ermənistana qarşı real addım atmaq istəmədiklərinə görə, Azərbaycan özü öz problemlərini həll edir. Bunun üçün kifayət qədər əlverişli şərait yetişib. Bu gün Rusiyanın özünün ciddi problemləri var və Ukrayna məsələsi ilə məşğuldur. Belə bir vəziyyətdə Azərbaycan hərəkətə keçməlidir”.

A.Nağı əlavə edib ki, artıq Qərbin də Ermənistanı müdafiə edəcəyinə ümid yoxdur: “Digər tərəfdən bu gün Türkiyə dövləti kifayət qədər güclüdür. Türkiyənin ehtiyacı var ki, Azərbaycanda və regionda öz mövqeyini daha qabarıq şəkildə göstərsin. Azərbaycan hərbi cəhətdən güclüdür. Ölkəmiz bunu nəzərə almaqla torpaqlarını azad etməyə hazırdır”.

Ceyhun ABASOV

 





30.05.2015    çap et  çap et