525.Az

Quba hadisələrinə görə daha 7 nəfər buraxıldı


 

Quba hadisələrinə görə daha 7 nəfər buraxıldı<b style="color:red"></b>

Quba Rayon Məhkəməsində bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 9 nəfərə bu gün hökm oxunub.

 APA-nın şimal bürosunun xəbərinə görə, hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Fayizi Səxavət Ağahüseyn oğlu 5  il, Yunusov Xəyyam Sahib oğlu isə 4 il müddətinə azadlıqdan məhrum edilib, təqsirləndirilən digər 7 nəfərə isə 3 il şərti iş kəsilib.
 
Qeyd edək ki, bu ilin martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu və Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirdilər.
 
Prokuror məhkəmədən Fayizi Səxavət Ağahüseyn oğlunun 6 il, digər təqsirləndirilən 8 nəfərin isə 5 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Quba Rayon Məhkəməsində dünən keçirilən prosesdə martın 1-də Qubada baş verən hadisələrdə təqsirləndirilən daha 8 nəfərə hökm oxunub.
 
Təqsirləndirilənlərdən Abdurəhmanov Fərhad Nəsib oğlu 5 il, Ələsgərov Səxavət Şakir oğlu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər isə 3 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.
 
Xatırladaq ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

 





14.12.2012    çap et  çap et