525.Az

“Mən bir sirrəm...”


 

“Mən bir sirrəm...” <b style="color:red"></b>

Yaqut ƏLİYEVA

Şairə Xəzangül Hüseynova Borçalıdan başlayan ömür yolunun 65-ci baharını geridə qoydu. 7 kitab müəllifi olan şairə, həm  bu mənalı ömrünün 38 ilini Vətən övladlarının təhsilinə, elminə, tərbiyəsinə həsr edib.

 

Xəzangülün yaradıcılığının sərhədləri yoxdur. Ən gözəl sevgidən, ən böyük fədakarlıqdan, ən dözülməz ağrı-acıdan, ən bitməz çilədən yazır. Təkcə yazmır, yaşayır bütün bu hissləri, qəlbindən, ruhundan keçirərək misralara düzür...

 

Şeir səssiz bir nəğmədir ki, könül ruhla yazılır.

 

Bir başqa dünya yaradır, şairə Xəzangül Hüseynova öz şeirlərində. Elə bir dünya ki, orada dahi Nizami ilə Mövlanənin ruhu, iki cahana sığmayan sevgisi hökm sürür. O dunyada özü bir rahatlıq içərisindədir, çünki orada hər şey görmək istədiyi, arzuladığı kimidir. Kin-küdurətdən, qan-qadadan, nifrətdən, düşmənçilikdən uzaq bir dünya. Barış var, sülh var, sevgi var, mərhəmət var Xəzangül Hüseynovanın şeir dünyasında:

 

    

 

Xəyalımda kainatı dolaşdım

 

Gah Nizami türbəsinə yol açdım

 

Gah Mövlana məzarına qol açdım

 

Gəl, gəl,- dedin, Ya Mövlana, gəlmişəm...

 

     

 

Şairə qəlbində hər zaman böyük bir sevgi daşıyır. Özünün yaratdığı bir sevgi dünyası vardır, amma bu dünyada o, təkdir. O dünyaya kimsənin daxil olmasına icazə vermir. heç bir açar o dünyanın qapısını aça bilməz. O dünyaya vaxt girər, qədər qalar, buna yalnız şairə özü qərar verir:

 

 

Mən elə əzəldən tənhayam, təkəm.

 

İstədim dünyanı sevgiylə tikəm.

 

 

Xəzangül qəlbinin dərinliklərindən gələn müqəddəs bir duyğu ilə yazdığı şeirlərdə İsaq, Musaq quşuna dönüb sevgisini arayır, sevgisini haraylayır, axtarır:

 

    

 

Bir uca dağların dumanı, sisi,

 

Bir qərib bülbülün təklik nəğməsi.

 

Xəzangül qəlbində bir umu-küsü,

 

Hardasan, hardasan, hardasan deyir.

 

    

 

Milyon ildi axtarıram mən səni,

 

Milyon ildi hey çəkirəm qüssəni.

 

Soraqladı təpə səni, düz səni,

 

İsaq, Musaq quşu oldum tapmadım...

 

    

 

Tapanda isə sevməyə qorxur. Çünki sevməközündən imtina etmək deməkdir. Sevməksevdiyini bütün varlığın ilə mənimsəmək, ruhuna hopdurmaq deməkdir. Sevdiyinin aldığı nəfəs, gördüyü göz, çırpınan ürəyi olmaq deməkdir.  Şairə Xəzangül gözünün bəbəyi kimi sevir sevdiyini. Ona görə daha çox platonik bir sevgi yaşadır qəlbində. Reallığa yansıtmaq istəmir, maddiləşdirmək istəmir. Sanki yaxınlaşarsa, toxunarsa xəyalındakı o böyük, əlçatmaz, müqəddəs sevgini itirər:

 

 

Onda nəfəsin gərək mən olam,

 

Onda hər kəsin gərək mən olam.

 

Baxışa dönərək gözündə qalam,

 

Qorxuram mən səni sevərəm birdən...

 

 

Umu-küsüsünü, incikliyini, həsrətini gecənin qaranlığında gizlədir şairə. Ürəyinin nisgili, gözlərinin dərinliyində saxladığı sirri ilə  siradaşı gecənin sirr yuvası köksünə sığınır:

 

    

 

Onun nəvazişindən doya-doya.

 

Qəlbinin hərarətini duya-duya.

 

Gecənin qolları üstə.

 

Gedirəm yuxuya...

 

    

 

Bəzən ədalət hissinin itirildiyi, insanların biri-birinə canavar kəsildiyi, on minlərlə günahsız insanın  mənafe uğruna bir göz qırpımında məhv edildiyi bu dünyamıza özünəməxsus sevgi ilə yanaşır, bu həyatı hər halı ilə sevir:

 

 

Mən dünyanın balasıyam,

 

Bu dünyadan keçəmmirəm...

 

    

 

Pisliklərə üsyan edir, riyakarlığı, qorxaqlığı rədd edir şairə Xəzangül. Şeirləri, yaradıcılığı ilə mübarizə aparır bu mübarizədə özünü gücsüz hiss edəndə yenə içindəki insan sevgisini saxlayır, yenə  öz ruhunu qoruyur, Allaha üz tutur,

 

Allah, məni daş elə, – deyir.

 

Şairə Xəzangülün yaradıcılığında Vətən sevgisi önəmli yerlərdən birini tutur. Vətəninə, elinə bütün varlığı ilə baglanıb, şeirlərində onu ucalardan uca, müqəddəs öz canından bir parça kimi ən ülvi duyğularla vəsf edir:

 

    

 

Dünya qədim yaşı sənsən,

 

O, bir üzük qaşı sənsən.

 

Toprağı sən, daşı sənsən,

 

Adım odur, sanım odur,

 

Damarımda qanım odur.

 

Ruhum odur, canım odur...

 

    

 

Qəlbinin dərinliklərindən süzülüb gələn ən gözəl, ən müqəddəs hissləri böyük bir ustalıqla qələmə alan gözəl şairəmiz Xəzangül Hüseynovanın yaradıcılığına qısa bir nəzər saldıq bütün gözəllikləri onunla birgə yenidən yaşadıq. 65 yaş yaradıcı bir insan üçün ən məhsuldar, ruhani dövrdür. Gözəl şairəmizi bu gun münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.

 

Ürəyində dünya boyda sirr daşıyan Xəzangül xanım, gününüz mübarək!

 

    

 

Mən bir sirrəm,

 

Sirri özüm açammıram.

 

Tale mənim taleyimdir,

 

Bu taledən qaçammıram...  
 





14.12.2012    çap et  çap et