525.Az

Qərb dairələri ATƏT-i hərəkətə gətirir?


 

MÜBARİZ ƏHMƏDOĞLU: "İVİTSA DAÇİÇ BAKIDA OLARKƏN ANCAQ ERMƏNİLƏRİN SÖZÜNÜ DEYİB"

Qərb dairələri ATƏT-i hərəkətə gətirir?<b style="color:red"></b>

Azərbaycanın Rusiya ilə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində apardığı son danışıqlar Qərb institutlarının da aktivləşməsinə səbəb olub.
 
Bu baxımdan, ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini qeyd etmək olar. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ilə görüşərək münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində fikir mübadiləsi aparıb.

İ.Daçiç xarici işlər naziri E.Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, bura Avropanın sabitliyi üçün əhəmiyyətli regiondur.  O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu deyib: "Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk Qrupu vasitəsilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk Qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar. Erməni həmkarımla görüşdə bir sıra təşəbbüslər irəli sürəcəyəm. Hesab edirəm ki, Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik".

E.Məmmədyarov deyib ki, Daçiçin səfərindən sonra münaqişə ilə bağlı hansısa irəliləyiş olacağını gözləyir. Nazir bildirib ki, artıq məsələni yerindən tərpətmək vaxtı yetişib: "Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu Minsk Qrupu formatı çərçivəsində olacaq".

Nazir Kəlbəcər sakini olan iki girovumuzun məsələsini də qaldırıb: "ATƏT-in fəaliyyətdə olan sədrindən xahiş etdim ki, İrəvanda olarkən azərbaycanlı girovların məsələsinə toxunsun. Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır".

Nazir xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar: "Azərbaycan münaqişənin həlli ilə bağlı son sənədlər üzərində tam şəkildə işləməyə hazırdır. Gözləyirik ki, İrəvanda keçirilən görüşlərdə bu məsələ yerindən tərpənəcək".

İ.Daçiçin Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ilə görüşü zamanı isə B.Səfərov münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdıraraq vurğulayıb ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

Lakin nəzərə alsaq ki, ATƏT-in fəaliyyətdə olan sədri Serbiyanı təmsil edir və bu dövlətin rəhbəri qondarma erməni soyqırımının 100 illik tədbirlərində iştirak etmək üçün İrəvana səfər edən 4 ölkə başçısından biridir, eyni zamanda iki ölkə arasında ciddi strateji əməkdaşlıq, yüksək iqtisadi əlaqələr yoxdur, o zaman Daçiçin tutduğu mövqedə əvvəlki tək qeyri-konstruktivliyin olacağı qənaətinə gəlmək olar. Hesab etmək olar ki, Qərb bununla yalnız vaxt qazanmağa və ya danışıqların müddətini daha da uzatmağa çalışır. Bu baxımdan onların Azərbaycan -Rusiya yaxınlaşması fonunda növbəti aktivləşməsini sadəcə Qərbin narahatlığı kimi qiymətləndirmək olar.

Qeyd edək ki, İvitsa Daçiç Azərbaycan səfərini yekunlaşdıraraq Gürcüstana, oradan isə Ermənistana yola düşəcək.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, ATƏT artıq özünü nüfuzdan salmış bir təşkilatdır.
 
Onun sözlərinə görə, ATƏT Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarını xeyli müddətdir itirib:

"Daçiçin regiona səfərini Qərbin narahatlığı kimi qiymətləndirmirəm. Buna əsas da yoxdur. Çünki ATƏT sözdə əməkdaşlıq təşkilatı olsa da, fəaliyyətsizliyi ilə formal xarakter daşıdığını ortaya qoyub. Eyni zamanda, qurumun qitə dövlətlərinin təhlükəsizliyi baxımından da heç bir təsir imkanlarının olmadığı göz qabağındadır. Ukrayna böhranında dövlətin təhlükəsizliyinə zəmanət verildiyi təqdirdə, bu qurum öz işini layiqincə görə bilməyib. Nəticədə, Rusiya Krımı ilhaq edib və Donbasda iki separatçı rejim yaranıb. Hətta mən deyərdim ki, Ukraynanın ərazi bütövlüyünün qorunması üçün ciddi cəhdlər də olmayıb. Bu baxımdan Azərbaycanın haqq işi ola-ola Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin olunması məsələsində də ATƏT-dən heç bir gözləntimiz yoxdur".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Serbiya Dağlıq Qarabağ probleminin tənzimlənməsiylə bağlı bundan daha əvvəl çox ciddi addımlar atacağına söz verib. Onun sözlərinə görə, bu ilin yanvarından Serbiyanın ATƏT-ə sədrliyə başlayandan sonra isə məlum olub ki, rəsmi Belqrad əvvəllər səsləndirdiyi bəzi fikirlərdən geri çəkilib:

"Yəni, ilin əvvəlində İvitsa Daçiç ATƏT-in sədri kimi BMT-də çıxış edəndə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əvvəlki həll formatını saxlayacaq. Bu o deməkdir ki, Minsk qrupu olduğu kimi qalacaq, bugünə qədər işlənən terminlər, frazalar əvvəlkitək danışıqlarda əsas ifadə vasitələri olacaq.

Bununla o, faktiki olaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aktivlik göstərməyib".

İndi isə regiona səfəri çərçivəsində İvitsa Daçiçin ilk olaraq Azərbaycana gəldiyini xatırladan politoloq deyib ki, daha sonra onun Gürcüstan və Ermənistana səfəri olacaq:

"Bakıda iştirak etdiyi danışıqlarda o özündə ikili görünüş yaradıb. Çünki Böyük Sülh Sazişinə hazırlıq mərhələsi ilə bağlı Daçiç bir kəlmə də işlətməyib. O, xarici işlər naziri Elmar Məmmədyarovla iştirak etdiyi birgə brifinqdə iki məsələ üstündə dayanıb: Helsinki yekun aktının prinsipləri və atəşkəs rejiminə əməl olunması. Yəni, bu terminlərin hər ikisi Ermənistanın xeyrinədir. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prinsipləri barədə deyirlər ki, Helsinki Yekun Aktının üç müddəası əsasında sənəd imzalansın və qeyri-müəyyən vaxtda Böyük Sülh Sazişinin hazırlanmasına baxılması haqqında razılığa gəlinsin. Bu qeyri-müəyyənlik isə beş-on il və ya daha artıq müddəti əhatə edə bilər".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistan etimad mühitinin möhkəmləndirilməsində ancaq atəşkəs rejiminə əməl olunması məsələsini qeyd edir:
 
"Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, Böyük Sülh Sazişi hazırlansın, buraya Helsinki Yekun Aktının üç prinsipi də əlavə olunsun, etimad tədbiri kimi təkcə atəşkəs rejiminə əməl olunması, eləcə də qoşunların təmas xəttində relyeflərin ölçülüb-biçilməsi, snayperlərin geri çəkilməsi yox, digər vacib məsələlər də öz əksini tapsın.

Rəsmi Bakı konkret olaraq təklif edir ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dialoq qurulsun. Ona görə ki, bu ən yaxşı etimad yaradan tədbirdir. İvitsa Daçiç isə Bakıda olarkən ancaq ermənilərin sözünü deyib. Lakin gecə radələrində ATƏT Daçiçin adından bəyanat yayaraq qeyd edib ki, qurumun sədri Bakıda Böyük Sülh Sazişinin hazırlanmasını müzakirə edib. Bu artıq mənzərəni bir qədər dəyişir. Əgər Daçiç Ermənistan Böyük Sülh Sazişinin hazırlanması məsələsini müzakirə edəcəksə, bu beynəlxalq hüquqa da uyğundur, münaqişənin tənzimlənməsini də irəliyə daşıya bilər. Azərbaycanın da çalışdığı məhz budur. Yox, əgər Ermənistanda da desə ki, üç prinsip barədə sənəd hazırlanmalıdır və snayperlər geri çəkilməli, atəşkəsə riayət olunmalıdır, bununla artıq  o ermənilərin sözünü danışdığını təsdiqləyir. Ona görə də, son nəticəyə baxmaq üçün bir qədər gözləmək lazımdır".

Ceyhun ABASOV

 





03.06.2015    çap et  çap et