525.Az

Komitə sədrindən “Freedom House”-a sərt təpki


 

Komitə sədrindən “Freedom House”-a sərt təpki<b style="color:red"></b>

“Freedom House”-nin bu mövqeyinin qərəzli və reallıqdan uzaq olduğu üçün artıq onun  növbəti hesabatlarında da başqa münasibətin olacağı ehtimal edilmir”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Freedom House”-un növbəti hesabatında Azərbaycanın qeyri-azad   ölkələr  sırasında   göstərilməsinə münasibətini bildirərkən dilə gətirib. Komitə sədri qeyd edib ki, Azərbaycan artıq 8-ci ildir ki, “azad olmayan ölkələr” kateqoriyasına daxil edilib. “Elə buna görə bəri başdan  demək olar ki, 8 il sonra da “Freedom House”-un nə deyəcəyi məlumdur və heç bir əhəmiyyəti də yoxdur”-deyən, R.Aslanovanın sözlərinə görə, həmin qurum Azərbaycanla  bağlı reytinqlərdə mütəmadi olaraq obyektivlikdən uzaq olmasını sübut edib:

“2 il əvvəl Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin-Ermənistanın da adını yazaraq, əvvəlcə “mübahisəli ərazi” kimi göstərməsi, sonra isə  bu səhvinə düzəliş etməsi     yaddaşlardadır. Savadları və beynəlxalq hüquqla bağlı təsəvvürləri bu qədər olan təşkilatın rəyini necə ciddi qəbul etmək olar?  Builki hesabatda da Dağlıq Qarabağ Azərbaycanın erməni separatçılarının idarə etdiyi işğal edilmiş deyil, “mübahisəli” ərazisi kimi göstərilir. Eyni zamanda, ilk dəfə builki hesabatda ermənilərin qondarma rejimi “qeyri-azad” kimi qiymətləndirlib. Reytinqlərin reallığa əsaslanmadığını nəticələrin  əvvəlcədən bəlli olması da  göstərir.  Sual olunur: məgər  Azərbaycan 8 il əvvəlki ölkədirmi? Bu ölkədəki inkişaf və artım dünyada etiraf olunursa, həmin  təşkilat nəyə əsaslanaraq bu cəfəngiyyatları yazır? Aydın məsələdir ki, stereotiplərə əsaslanır. Məhz buna görə  bilirik ki, gələn il də Azərbaycan yenə həmin onluqlarda yer alacaq. Azərbaycan xalqı hər şeyin mənfi obrazda təqdim ediləcəyinə, korrupsiya, demokratiya və insan inkişafının pis vəziyyətdə olmasına dair səslənən iflas ssenarilərinə və proqnozlarına artıq vərdiş edib. Vəziyyəti dəyişmək mümkündürmü? Cavab nikbinlik yaratmır”. Millət vəkili bildirib ki, çünki soyuq müharibə dövründən qalma stereotipləri dəyişmək, soyuq müharibə mentalitetini reytinq mentalitetinə transfer etmək çox rahatdır və sərfəlidir:
 
“İdeoloji qarşıdurma dövrünün təsir formaları hələ də dəyişməyib və islahatları gözləməyə dəyməz. Biz bunu həmin təşkilatların yalnız müsbət olsun və ya mənfi-fərqli bir  mövqe söylədiyi zaman görəcəyik. Hesabatların verilməsində monopoliyanın olması özü də düşündürücüdür və ikili standartların səbəblərindəndir. Dövlət başçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ 

Azərbaycana və azərbaycanlılara qarşı tarix boyu ədalətsizliklər olub, bizə qarşı qərəzli münasibət olub. Biz həmişə ikili standartlarla üzləşirik, bu gün də üzləşirik”. Bu qəbildən olan hesabat və dəyrləndirmələrin nə kimi mənası, rolu var? Siyasi reytinq-  müəyyən məqsədlə seçilmiş ölkələrin, dövlətlərin və ya qrupun araşdırılması   vasitəsi  ilə konkret zamanda keçirilən,  faiz və ballarda ifadə olunan rəqabət qiymətidir. Son illərdə bu sahədə proqnoz və reytinqlərin  obyektivlik səviyyəsinin iflas həddinə qədər enməsi dünyanın demək olar ki, əksər intellektuallarının müzakirə etdiyi mövzulardandir”. Komitə sədrinin bildirdiyinə görə, siyasi dəyərləndirmələr olduqca ciddi məsələdir, sübut və əsaslı mühakimələr  tələb edir və elə  buna görədir ki,  ən məşhur Qərb alimləri bu  təşkilatların fəaliyyətinə - siyasi reytinqlərə münasibət bildiriblər: “Məşhur fransız alimi, ictimaiyyətşünası Pyer Burdye qeyd edir ki, reytinqlər sevimli məşğuliyyətə çevrilib. Burada çalışanlar xüsusi növ “mütəfəkkirlər”dir. Onların ciblərində qeyd dəftərçələri və orada yazılmış konkret ünvanlar olur.  Sağlam  məntiqə görə, yaxşı təhlilçi o kəsdir ki, onu alimlər nüfuzlu hesab etsinlər. Lakin haradansa bir təşkilat   peyda olur və bütöv dövlətlər haqda “hökm kimi”  fikirlər bəyan edir. Bu anti-intellektualizmdir və getdikcə meylə çevrilib.  Daha sonra o qeyd edir ki, sitat: “Biz demokratiya naminə reytinqlərlə mübarizə aparmalıyıq və apara bilərik. Bu bəzilərinə paradoksal görünə bilər, çünki bunların fikrinə görə dünyada özlərindən  demokratik başqa heç nə ola bilməz”. Bir amerikalı jurnalistin frazası isə geniş yayılıb. O deyir ki, əvvəllər  harasa tankla daxil olmaq lazım idisə, indi onu reytinq əvəz edir. Hazırda ölkənin reytinqini aşağı salmaq kifayət edir və nəticə tankın vurduğu ziyana bərabər olur. İlk baxışda düşünmək olardı ki, bu müəyyən təşkilatların öz işlərinə daha məsuliyyətlə yanaşmasını şərtləndirəcək. Lakin əfsuslar olsun ki, belə deyil.
Dünyada bu qəbildən olan məşhur təşkilatın sabiq əməkdaşı ölkələrə necə qiymət verdiklərini belə təsvir edir: “3 nəfər ölkədə bir neçə gün keçirir, özlərinin lazım bildiyi mətbuatı oxuyur və şəxslərlə görüşür, sərin içkiləri içib evlərinə qayıdır vəssalam; o  biri gün reytinqləri nəşr edirlər”. Başqalarını dəyərləndirmək çox  asan məsələ hesab olunur. Maraqlıdır ki, “Freedom House” 2008-ci ildə öz yaşadığı ölkənin siyasi sistemini  ilk dəfə dəyərləndirib”. 

Bəs görəsən, Azərbaycanın iqtisadi inkişaf və demokratiya göstəriciləri arasında fərqin olması nə ilə bağlıdır? “Cavab birdir: yalnız obyektivliyin, reallığa adekvat təhlilərin olmaması ilə. Yəni, nə baş verir, niyə dünyada ictimai rəy sahəsində ən nüfuzlu və peşəkar tədqiqat aparan  “Gellap” təşkilatı  Azərbaycanda vəziyyəti olduğu kimi, real, ancaq qalanlar, məsələn,  bəhs edilən təşkilat pis qiymətləndirir?  Umumiyyətlə, sağlam məntiqə görə bu dünyada bunların arasında belə uçurumun olması mümkündürmü?  İqtisadi inkişaf və rifah, əsaslar olmadan siyasi azadlıq və imkanlardan danışmaq olarmı?”- deyə, suala suallarla cavab verən R.Aslanova eyni zamanda deyib ki, dünyada iqtisadi reytinqlərdə səhvlərin hətta, qanunvericilik çərçivəsində tənzimlənməsinə çox ciddi fikir verilir, yəni, yanlış, düzgün olmayan reytinqlərin milyonlarla maddi ziyanı, ən vacibi mənəvi ziyanları qeyd edilir: “Elə isə yenə sual yaranır ki,  siyasi reytinqlərin yanlış verilməsinin hesabını kim ödəməlidir?  Belə ki, iqtisadiyyat sahəsində  bank və maliyyə sektorunun etibarlılıq ölçüsü hesab olunan reytinq agentlikləri var. Agentliklərin rəhbərlərinin dəfələrlə dediyinə baxmayaraq, praktika onların ardıcıl olaraq, sərmayə qoyanların itkilərinə səbəb olan proqnozlarla  yanıldığını sübut edib. 2000-ci illərin qalmaqallı  hadisələrini yada salmaq kifayətdir.Hələ iqtisadi reytinqlə bağlı görünməmiş hadisə baş verib. Amerikanın kredit  reytinqinin aşağı olması bəyan edilən kimi birjalar dalbadal iflasa uğramağa başlayıb. Bunu görə Ədliyyə Nazirliyi aşağı reytinq verən həmin təşkilatları yoxlamağa qərar verib. Yuxarı qiymət verənləri isə yoxlamayıb. Necə deyərlər şərhə ehtiyac yoxdur.Artıq KİV-lərdə bu  reytinqlərin yanlışlıq  statistikası  müəyyənləşir və nəşr edilir. Digər tərəfdən, iqtisadi hesabatlarda  bu da var ki, reytinq  istifadəçini  təmin  etməyəndə o, bundan  imtina  edir. Güman edirik ki, “Freedom House” və bu qəbildən olan  təşkilatların Azərbaycana münasibətdə  verdiyi qiymətlər də həmin statistikanın tarixində mühüm yer tuta bilərdi. Artıq neçə illərdir  puça çıxan proqnozları sonda bu təşkilatın da heç olmasa, öz işinə yenidən nəzərə salmasına,  mənəvi haqqı olub- olmamasını düşünməsinə səbəb ola bilərdi”. R.Aslanovanın sonra qeyd etdiyinə görə, demokratik tarixi ənənələrə malik Avropa ölkələrində separatist, ultramillətçi qüvvələrin seçkilərdə üstünlük qazanması narahatlıq doğurur:  

“İndiki Ermənistan siyasi rəhbərliyinin - Azərbaycana qarşı  işğal və müharibədə, insanların məhvində, cinayətlərdə əli , günahı olan populist və radikal siyasi partiya təmsilçilərinin hakimiyyətə gələrək, özlərini sığortalamasını demirik. Bu, adi hala çevrilib. Bütün bunlar ciddi suallara səbəb olur. Beynəlxalq münasibətlərdə  demokratik dəyərlərin yeri və roluna dair mövcud olan boşluqlara dair müzakirələrə yenidən qayıtmağı zəruri edir. Demokratiyanın dəyərləndirilmə metodologiyasının qüsurları aradan qaldırılmalıdır.
Dünya dövlətlərinin böyük  əksəriyyəti demokratik inkişaf yolunu seçib. Bu gün dünyada 194 dövlət, 22 din, 7 min dil və bundan daha çox etnos və millət mövcuddur. Yəni, bir QHT-nin potensialı və imkanı nə qədər planetar, yaxud, “ilahi” səviyyədə olmalıdır ki, bu qədər dövlətin demokratik inkişafına qiymət versin.Demokratik inkişafın dəyərləndirilməsi, daha doğrus,u onun monopoliyaya alınması çox ciddi məsələlərdən biridir. Çünki bu, əlüstü, müxtəlif qərəzli maraqlarla istifadə olunur və ikili standartlar yaranır. Təsəvvür etmək çətindir ki, XXI əsrdə demokratiyanın dəyərləndirilməsində  monopoliya mövcuddur. Hər il bir təşkilat demokratiyanın inkişafını “ölçməli”, öz məhsulunu təqdim etməli, qiymət qoymalıdır.  Lakin: “demokratiya tərəzisi kimin əlindədir?” sualı cavab tələb edir. Tərəzi  soyuq müharibə dövrünün stereotiplərinə və ya lobbiçiliyin dəstəyinə söykənənlərin əlindədir”.
 
Komitə sədri hesab edir ki, demokratiya fenomeni texnoloji təlimat deyil ki, bir ölkə hazırlasın, digəri tətbiq etsin, etməyənlər isə cəzalandırılsın:

 “Bu düşüncə tərzindən əl çəkilməlidir. Bəli, təkcə bizi deyil, çox ölkələri tənqid edirlər. Buna məhəl qoymamaq da olar. Lakin bir məsələ var: Demokratiyanın dəyərləndirilməsi üsulları qüsurludur, hətta şübhəlidir, onun nəticəsi, qərəzli əks-sədası  isə real ədalətsizlik, inamsızlıq və haqlı inciklik yaradır. Nəticədə itkilər daha ağır olur: insanların ədalətə dair təsəvvür və inamı itir, demokratiyanın nüfuzuna xələl gəlir. Məntiqə görə, hətta, ən radikal tənqid belə müzakirə predmetinin-yəni, demokratiyanın mövcudluğunu nəzərdə tutur.Dəyərləndirmədə ən mühüm çatışmazlıq maksimalist və yaxud da, minimalist yanaşmaların tətbiqidir. Maksimalist yanaşmada  demokratiyaya yeni qədəm qoyanlar  yüzillərlə tarixə malik olan ölkələrlə bir səviyyədə olması tələb olunur, minimalist yanaşmada isə demokratiya yalnız hər hansı bir elementə, məsələn insan hüququna və ya seçki prosesinə və sairə aid edilir. Hər iki yanaşma qüsurludur. Burada ABŞ-ın keçmiş dövlət katibi xanım Raysın sözlərini yada düşür: “Əgər uşaq hələ yeriməyi öyrənməyibsə, ondan qaçmağı tələb etmək olmaz”. Müasir dünyada  heç bir   demokratiya mütləq və ideal ola bilməz. Barak Obamanın fikrini misal gətirmək istərdik. O qeyd edir: “Demokratiya odur ki, hər bir xalq öz taleyini özü müəyyən edir”. Demokratiya bəşəri və tarixi inkişaf meyli kimi, həm beynəlxalq, həm də milli inkişafın şərtlərindən asılı olan, çoxçalarlı formalara malik bir fenomendir.  Demokratiya  ehkam  deyil, həm də  inkişaf etdirilən, məzmunu reallıqlara adekvat olaraq obyektiv surətdə zənginləşdirilən anlayış deməkdir.   

Azərbaycanda demokratiyanın zamanın və  dövlətimizin qarşısında duran konkret məsələləri həll edə bilən modeli var. Demokratik model məhz belə işlək model olmalıdır. Əksinə bu gün xalqları, milyardlarla insanı böhran girdabına sürükləyən  idarəetmə formaları mükəmməl demokratiya  deyil. İşğal cinayəti-beynəlxalq hüququn ən ağır cinayət növü sayılır. Azərbaycan ərazisi parçalanmış, işğal edilmiş  şəraitdə demokratik dövlət qurur. Bu spesifika heç bir dəyərləndirmədə öz əksini tapmır. Mülkiyyət hüquqlarının pozulmasını qeyd edirlər.  Qarabağda ata-baba mülklərindən, işğal edilmiş torpaqlarından qovulan, zorla didərgin salınanların mülkiyyət hüquqları barədə   heç bir şey yazılmır?  Bakının müasir arxitekturasının tələblərinə uyğun aparılan  abadlıq işləri gedişində  sakinlərin köhnə evlərdən çıxarılmasını “onların zorla, məcburi köçürülməsi” adlandırırlar. Sual olunur: o zaman  “Freedom House” təşklatı  Qarabağdan etnik təmizləmə siyasətinə məruz qalıb zorla köçürülənlərə, didərgin salınanlara hansı adı qoyacaq?  Onun insan hüquqları anlayışı budurmu? İnsan hüquqları geniş anlayışdır. Bu insanın işğal edilmiş ərazi bütövlüyünün bərpası, etnik təmizləməyə məruz qalan qaçqın və köçkün əhalisinin öz torpaqlarına qayıtmaq haqlarını təmin etmək, həm də daim inkişaf edən ölkədə yaşamaq, böhran və xaosdan, qeyri-müəyyən risklərdən, iflasdan sığorta olunmaq,  təhlükəsiz və sabit ölkədə yaşamaq hüququ deməkdir. Hesabatda Dağlıq Qarabağ münaqişəsi və zorla didərgin salınan 1 milyondan artıq qaçqın və məcburi köçgün haqda məlumat bir cümlə ilə əksini tapsa da, münaqişənin BMT sənədlərində öz əksini  tapmış işğal faktoru nəticəsində olması qeyd edilmir. Azərbaycanın azadlıq və inkişafını hansısa təşkilat deyil, ancaq xalq qiymətləndirə bilər”.R.Aslanovanın fikrincə, söhbət xalqın etimadına əsaslanan, onun gələcəyinə hesablanaraq düzgün həyata keçirilən dövlət siyasətindən gedir:

“Cəmiyyətin dəstəyinə arxalanan güclü dövlət demokratiyaya qarşı deyil, əksinə yalnız sabitliyin hökm sürdüyü şəraitdə demokratik institutlar təbii təkamül yolu ilə inkişaf edə, risklərə dayanıqlı olan azad iqtisadi sistem qurula bilər. Lakin biz nə görürük: ən böyük səhv də məhz burada baş verir. Yəni, güclü dövlət anlayışı ilə avtoritar sözünün bəzən qarışıq salınması, əvəz olunması   artıq nəzəri səviyyədə yanlışlığa yol açır.
Lakin baş verən qlobal böhran göstərdi ki, bu məhz demokratiyanın milli spesifika ilə səciyyələnən modelidir. Beləliklə, tənəzzülə uğrayan azad-qeyri-azad “hökmləri” deyil, demokratik modelə dair yanlış stereotiplər, təsəvvürlər,nəzəriyyələr və dəyərləndirmələrdir. Robert Dahl yazır ki, demokratiya özü də inqilablar yaşayır və hər dəfə daha da təkmilləşir və təkmilləşməlidir. Bu gün demokratiya antik Yunanıstandakı və ya 1898-ci ildəki  ilə bir deyil. O təkmilləşir, dəyişir. Məsələn, Amerika Birləşmiş Ştatları da demokratik ölkə kimi bu yerə gəlib çatmaq üçün uzun yol keçib.  Şübhəsiz, demokratiya yolu, istər Birləşmiş Ştatlar və Avropa, istərsə də Azərbaycan üçün sonsuz bir yoldur. Amerikada XIX əsrin demokratiyası ilə bu günün demokratiyası arasında oxşarlıq çox azdır. Təkcə onu yada salmaq olar ki, Amerikada “Təsisçi Ataların” dövründə  yalnız mülkiyyəti olan kişilər səs vermə hüququna malik idilər. Afroamerikalılar nəinki səs verə bilmirdilər, hətta onlar qullara çevrilmişdilər.Bu gün afroamerikalı prezidentdir.1920-ci ilə qədər qadınların səsvermə hüququ yox idi. Bu gün seçicilərin çox hissəsini qadınlar təşkil edir. ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi “Azadlıq aktı”na düzəliş 19 ildir ki, qüvvədədir. Azərbaycanın təcavüzə məruz qalmasına və torpaqlarının işğal olunmasına baxmayaraq,  “907-ci düzəliş” Azərbaycanı ittiham edən mövqedən çıxış edir. Bu ziddiyyət hələ də aradan qaldırılmır və düzəliş ləğv edilmir. Baxmayaraq ki, BMT, AŞ PA və İslam Əməkdaşlıq Təşkilatı məhz Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini öz qətnamələrində təsdiq ediblər.Azərbaycan xalqı üçün obyektivlikdən uzaq olan istənilən bu cür hesabatların əhəmiyyəti yoxdur. 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi üçün Azərbaycan xalqının haqq səsi dünyaya çatmır. Ancaq mülkiyyət haqları pozulur deyə, abadlıq işləri ilə bağlı görülən tədbirlərdə qeyri obyektiv olaraq hay-küy qopardırlar. Bunu görməmək mümkün deyil.  1941-ci ildə yaradılan, 1973-cü ildən demokratiyaya dair  məruzələr hazırlayan “Freedom House” təşkilatı yalnız 67 il keçəndən sonra, yəni 2008-ci ildə ABŞ-da demokratiyanı qiymətləndirib. “Bu günkü amerikalı. O nə dərəcədə azaddır?” adlanan məruzəni oxuyanlar bilirlər ki, dünyanın ən inkişaf etmiş ölkəsində  37 nəfərdən biri ömründə ən azı bir dəfə həbsxanada saxlanılıb.

Hazırda 3000 nəfər ölüm hökmü alan məhbus həbsxanada  bu hökmün icrasını  gözləyir.  11 sentyabr hadisələrindən sonra “Vətənpəvərlik aktı” adlanan tədbirlər sistemi çərçivəsində məhkəmə sanksiyası olmadan telefonların dinlənilməsinə icazə verilir. Azərbaycan hələ yüz il bundan əvvəl Avropaya inteqrasiyanı siyasi xətt kimi müəyyən edib və xalqımızın bu seçimin,  hər hansı təşkilatın qərəzli mövqeyindən asılı qalmasına qətiyyən yol vermək olmaz. Adi   düşüncə kifayət edər ki, cəmi   8 il əvvəlki Azərbaycan və indiki Azərbaycan tamamilə başqa-başqa ölkələr olduğunu dərk edəsən. Dövlətin iqtisadi tərəqqisi, demokratik quruculuğa yönəlik siyasi iradəsi, islahatlar üçün vacib olan ictimai-siyasi sabitliyi təmin edilib. Soyuq müharibə dövrünün stereotiplərindən, ikili standartlardan, başqa xalqlara demokratiya dərsi keçməkdən  əl çəkilməlidir.  Son illər dünyanın qaynar nöqtələrində bu cür demokratiya dərslərinin diamertral əks nəticəyə səbəb olması, hesabat müəlliflərini düşündürməlidir. Azadlıq və demokratiyadan ədalətlə danışmaq üçün əvvəlcə obyektiv məlumata əsaslanmaq, dəyişmək yəni stereotiplərdən azad olmaq  lazımdır. Azərbaycan 20 ildən çoxdur ki, müharibə şəraitində, müharibə dövrünün qanunlarını da nəzərə alaraq demokratiya və milli  təhlükəsizlik, iqtisadi inkişaf və insan hüquqları  arasında qızıl orta həddi taparaq irəliləyir. Qoy müharibə şəraitində, yaşayan başqa bir xalqın bundan artıq nə edəcəyinə dair bir misal çəksinlər, amma edə bilməzlər”.

Kamil Həmzəoğlu

 





14.12.2012    çap et  çap et