525.Az

Bu gün “Bilik günü”dür


 

Bu gün “Bilik günü”dür

 Bu gün Azərbaycanda yeni dərs ili başlayır.

525.az xəbər verir ki, bu il ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.

Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Ölkə üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. Bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub.

Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.

S.QARAYEVA

 

 





15.09.2012    çap et  çap et