525.Az

Türkiyə prezidentindən Aydın Doğana sərt tənqid


 

RƏCƏB TAYYİB ƏRDOĞAN: "TÜRKİYƏNİN QARANLIQ DÖVRLƏRİ GERİDƏ QALIB VƏ AYDIN DOĞANIN HEGEMONLUQ DÖVRÜ BİTİB"

Türkiyə prezidentindən Aydın Doğana sərt tənqid <b style="color:red"></b>

Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrdən biri də "Doğan Holdinq" şirkətlər qrupunun rəhbəri, media maqnatı Aydın Doğandır. Bu şəxs özünün çoxsaylı media resurslarından istifadə edərək Birinci Avropa Oyunlarını keçirməyə hazırlaşan Azərbaycana və parlament seçkiləri ərəfəsində olan Türkiyə hakimiyyətinə qarşı anti-təbliğat aparır. A.Doğanın adı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, PKK, Xalqların Demokratik Partiyası, nurçular və erməni lobbisi ilə yanaşı hallanır. Bu onu deməyə əsas verir ki, A.Doğan türk dünyasına qarşı xarici qüvvələrin əsas "silahdaş"larından biri kimi çıxış edir.

Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığını gözü götürməyən, Ermənistanla sərhədlərin açılmasına, Ankaranın Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya verdiyi dəstəyin azaldılmasına çalışan mediamaqnat rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətini bu istiqamətdə quraraq məkrli niyyətlərini həyata keçirmək istəyir. Bu məqsədlə o, Azərbaycanda insan hüquqları, demokratiyanın durumu və digər mövzular haqqında çoxsaylı qeyri-obyektiv və qərəzli materiallar yayır, Türkiyəni isə Ermənistanla əlaqələr yaratmağa, qondarma soyqırım iddialarını tanımağa çağırır. Eyni zamanda, nurçuların mövqeyinin Azərbaycanda zəifləməsi bu qüvvələrin böyük narahatlığına səbəb olub. Çünki Prezident İlham Əliyev bu məsələdə türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğana dəstək verərək onların qara planlarının üstündən xətt çəkib.

İyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Bingöl şəhərində mitinqdə çıxışı zamanı  media maqnatı Aydın Doğanı sərt sözlərlə tənqid edib. Media maqnatını bir sıra xarici güclərin maşası olmaqda ittiham edən Ərdoğan, onu homo seksuallarla birlikdə Fətullah Gülənə dəstək verməkdə ittiham edib. Türkiyənin qaranlıq dövrlərinin geridə qaldığını söyləyən Ərdoğan A.Doğanın hegemonluq dövrünün bitdiyini bildirib. Türkiyədə kürd mənşəli vətəndaşların səsinə iddia edən HDP də Ərdoğanın qəzəbindən yan keçməyib. Bu partiyanın sədri Səlahəddin Demirtaş Ərdoğan tərəfindən bar müğənnisinə bənzədilib.

Türkiyə dövlət başçısı qeyd edib ki, dünən Adnan Menderesi şər-böhtanlarla məhkəmə önünə çıxararaq edamına nail olanlar bu gün oxşar oyunu bizə qarşı həyata keçirmək istəyirlər. Lakin biz vaxtında onların iç üzünü aça bildik. Türkiyə vətəndaşları olan türk, kürd və digər millətlərin nümayəndələrinin bərabər hüquq çərçivəsində azad yayaşıya sahib olduğunu deyən Ərdoğan bu gün dövlətə qarşı kampaniya aparan şəxslərin kürdləri bir-birinə qırdırdığını bildirib. O vurğulayıb ki, onlar kürdləri küçələrə - etiraz aksiyalarına səsləyir və nəticədə insanlar faciəvi şəkildə həlak olurlar. Bu cür şəxslərin nə din, nə də insanlıqla heç bir əlaqəsi yoxdur: "Onlar özlərinə necə müsəlman deyə bilirlər?"

 "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyev hesab edir ki, türk qanı daşıyan insan heç vaxt türk dövlətinə və millətinə qarşı qərəzli mövqe tutmaz, xalqına qarşı soyqırımlar törədən düşmənlərinə dəstək nümayiş etdirməz. Onun sözlərinə görə, Aydın Doğanın media orqanlarında dəfələrlə Azərbaycana qarşı tənqidi materialların dərc olunduğunun, reportajlar hazırlandığı, Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması istiqamətində təbliğat aparıldığı müşahidə olunub: "Bu şəxs türk dünyasına qarşı qarayaxma kampaniyaları aparır, türk dövlətlərinin nüfuzunun aşağı salınması üçün əlindən gələni edir. Aydın Doğan bununla da kifayətlənməyərək uydurma erməni soyqırımın tanıdılması üçün hətta Türkiyə hakimiyyətinə qarşı da təzyiqlər göstərməyə çalışır. Halbuki, türklərə qarşı soyqırımlar törədən, milyonlarla türkün qaçqın və məcburi köçkün vəziyyətinə düşməsində səbəb olan ermənilər bu gün özləri beynəlxalq hüquq qarşısında cavab verməlidir. Lakin onun mətbu orqanlarında işğalçı Ermənistanın terror siyasəti barədə, yaxın tarixdə - 1992-ci ildə Xocalıda, insanlıq əleyhinə törətdiyi vəhşiliklər - soyqırım aktı barədə bir kəlmə də olsun yazılmayıb. Bu onların bədxah niyyətlərindən xəbər verir. Ona görə də bu gün mətbuat orqanlarının üzərinə də böyük yük düşür. Media nümayəndələri daim bu cür məkrli niyyətlər güdən şəxslərə qarşı təhlillər aparmalı, onların əsl məqsədlərini, iç üzlərini açmalıdır. Hesab edirəm ki, bu yolda ən böyük mənbə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına dair qəbul etdiyi qətnamələrdir. Bu gün beynəlxalq hüquq da qəbul etdiyi sənədlərlə Azərbaycanı dəstəklədiyini göstərir. Lakin əksər hallarda tətbiq olunan ikili standartlar Azərbaycanın haqq işinin həyata keçməsinə mane olur".

Söz, fikir və ifadə azadlığı bu gün Türkiyə və Azərbaycan kimi müstəqil dövlətlərdə tam təmin olunduğunu bildirən Ə.Nuriyev qeyd edib ki, Aydın Doğan kimi media rəhbərləri bu hüquqlardan sui-istifadə edərək, şər-böhtan kampaniyaları aparır, dövlətin və xalqın mənəvi haqlarını kobud şəkildə pozurlar: "Bu isə öz növbəsində qanunvericiliyin müvafiq bəndlərinin də pozulması deməkdir. Ona görə də, bu cür şəxsləri faktlarla ifşa edərək, qanun qarşısında cavab vermələrini təmin etmək lazımdır. Onlar yol verdikləri xətalarla həm də fundamental haqları - insan hüquq və azadlıqlarını ləkələyirlər. İmkan vermək olmaz ki, əlini milyonlarla türkün qanına batıran ermənilərin günahları özümüzə qarşı çevrilsin. Çünki işğalçı Ermənistanın törətdiyi bütün pozuntular bu gün Türkiyə və Azərbaycanı ləkələmək üçün istifadə olunur. Ona görə də hesab edirəm ki, bu cür şəxslərin yürütdüyü qərəzli fəaliyyətə aldanmamalıyıq. Əksinə həm dövlət, həm cəmiyyət, həm də qeyri-hökumət təşkilatları olaraq onlara layiqli cavablarını verməliyik".

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyənin "Doğan Holdinq" şirkətlər qrupunun rəhbəri, iş adamı A. Doğanın Azərbaycana qarşı sərgilədiyi ermənipərəst mövqeyi pisləyib. O deyib ki, Aydın Doğanın Azərbaycana qarşı fəaliyyət göstərən anti-milli qüvvələrin arasında yer alması təsadüfi deyil. Onun sözlərinə görə, Aydın Doğan ermənilərə bilavasitə bağlı və onların dairəsində olan bir şəxsdir: "İmkan düşən kimi, Aydın Doğana tapşırılan missiya onun tərəfindən dərhal icra edilir. İndi Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır və bu anti-Azərbaycan təbliğat kampaniyasında Aydın Doğan da yer alıb. Əslində, Aydın Doğan bununla öz iç üzünü, ermənilərin yanında olduğunu və onlara işlədiyini bir daha ortaya qoyur. Mən Aydın Doğanın ermənilərlə təkcə işbirliyində deyil, həm də etnik cəhətdən birbaşa bağlı olmasına qətiyyən şübhə etmirəm. Heç zaman əsl türk öz türk qardaşı olan Azərbaycana düşmən mövqeyi sərgiləyə bilməz. Bu cür hərəkətləri yalnız ermənilərdən gözləmək olar".

Millət vəkili hüquqi baxımdan da türkiyəli iş adamı Aydın Doğanın üzərinə gedilməsinin vacibliyini vurğulayıb: "Onun Azərbaycana qarşı olan böhtan və iftiralarının qarşısında iradəmiz olmalıdır. Bu cür iftira və böhtanlara görə hətta ona qarşı məhkəmələrə də müraciət olunmalıdır. Bunun üçün bizim Türkiyədə fəaliyyət göstərən səfirliyimiz artıq işə başlamalıdır. Çünki bu, birinci hadisə deyil".

Ceyhun ABASOV

 





05.06.2015    çap et  çap et