525.Az

Xalq üçün yaşanan həkim-vətəndaş ömrü


 

Xalq üçün yaşanan həkim-vətəndaş ömrü<b style="color:red"></b>

30 ilə yaxın bir müddət ərzində azdan-çoxdan sözlə işləmişəm. Çox mövzularda irili-xırdalı yazılarım olub. Lakin bəzən elə mövzular olub ki, onlar əməlli-başlı məni küncə sıxıb.

Mövzuya "açar salmağa" çətinlik çəkmişəm. Elə bu yazıda olduğu kimi. Erməni faşistlərin dağıdıb viran etdikləri bir elin ziyalısı, cavan yaşında ağsaqqalı adını qazanan, gözəl həkim, zamanından hamıya zaman ayıran, sevincləri bölüşüb, qəmlərə şərik olan, ömrünü təkcə öz ailəsi, yaxınları, doğmaları üçün deyil, həm də qonşularından, dostlarından, tanışlarından ötrü yaşayan, hamının doktor Katib kimi tanıdığı bir insan haqqında yazmaq, əlbəttə ki, çətindir. Mənim üçün isə ələlxüsus. Niyəsini deyim. Doktoru çoxdan - 50 ildir - tanıyıram. Uşaqlığımız, gəncliyimiz, indi də zamanın acığına yaşadığımız bu çağlarımız birlikdə keçib və keçir. O səbəbdən də həm sərhədləri keçə biləcəyimdən və həm də bu yazının qəhrəmanı haqqında xəsisliklə "söz xərcləyəcəyimdən" ehtiyatlanıram.

Neçə onillik tarixə malik dostluğumuz olsa da, hələ də belə bir sualı özümə verməkdəyəm: hansı keyfiyyətləridir doktor Katibi el-obanın, işlədiyi kollektivin, dost-tanışın, onunla təmasda olanların gözündə ucaldan? Şübhəsiz, onun sadəliyi və təvazökarlığı, nəfsinin quluna çevrilməməsi, əsl həkim ömrü yaşaması, közü öz qabağına çəkməməsi, millətini və dövlətini canı qədər sevməsi, ailəsinin üstündə əsməsi, valideynlərini başının tacı etməsi.   

Doktor deyir ki, tək özü, ailəsi üçün yaşayanlar yalquzaq həyatı sürürlər. Həqiqətən yetkin bir insan həyatı yaşamağı Allah Təala onun ömrünə yazıb. O, içərisində işıq gəzdirənlərdəndir. "Ot kökü üstündə bitər" - deyiblər. Uzun müddət Ağbabada rəhbər vəzifələrdə çalışmış atası Rəsul İsa oğlu həyatını, taleyini millətinə, xalqına, torpağına, övladlarına həsr edən, eldən-obadan, adət-ənənədən güc alan, çətin sınaqlardan, elin ağır imtahanlarından üzüağ çıxan bir kişi olub. 80 il ömür sürüb haqq dünyasına köçəndə onu uğurlayanların sayı "göz qaraldırdı". Yaxın dostlarından birinin: "Bu mərasimdə ata ilə oğulun payı əllinin-əlliyədir.  Gələnlərin yarısı Rəsul İsaoğluna vəfa borcunu ödəmək, yarısı da doktora başsağlığı vermək üçün buradadır" - deməklə danılmaz bir həqiqəti ifadə etdi. Həmin anlarda doktorun gözünə baxmaq mümkün deyildi. Sanki kədər onu ağuşuna alıb ümmanlara qaldırmışdı. Oradan isə, yalnız, tanıyanların Xanımzər yengə deyə müraciət etdikləri anasını görürdü. Doktor bütün varlığı ilə anasına sarılmışdı. Şükürlər olsun ki, onlar bu gün də bir yerdədirlər və Katib hər gün gördüyü işlər haqqında həm də ata yadigarı hesab etdiyi anasına hesabat verir - özü də vaxtı-vaxtında. Başqa cür də ola bilməz. Xanımzər yengə vəfalı, dözümlü, geniş ürəkli, həm də zabitəli bir xanımdır. O cür ata-anadan belə də oğul doğular - doktor Katib kimi.

Doktorun iş həyatı, xüsusilə də gənclik illəri gərginliklə dolu olub.  Bir müddət Ermənistanda əhalisi sırf erməni olan Ane rayonunda işləyib. Ara-sıra yanına gedib-gəlir, vəziyyətinin ürəkaçan olmadığını görürdüm. Bir dəfə əlinin kəsildiyini gördüm. Soruşdum ki, nə məsələdi? Dedi, heç nə: bir gənc erməninin valideynləri azərbaycanlı olduğuma görə xəstəni cərrahiyyə stolundan qaldırdılar. O qədər əsəbiləşmişdim ki, skalpeli necə sıxdığımdan xəbərim olmayıb. Şəfqət bacısı spirtlə pambıq uzadanda əlimdən döşəməyə qan töküldüyünü gördüm. Daşnaklarla işləmək çətindir, çətin! Bunların bizi görməyə gözləri yoxdur. Türkü söyməkdən yorulmurlar. Utanmaz-utanmaz övladlarına türk adları da qoyurlar. Məsələn, raykomun qadın katibinin adı Təzəgüldür.

Həkim deyirdi ki, xəstəxana bütün tədbirlərini Türkiyə ilə sərhəddə - Anenin (ermənilərin iddialarına görə Türkiyə ərazisində olan qədim Ane şəhəri ermənilərə məxsusdur. S.A.) xarabalıqlarına tamaşa etməklə keçirir, gözyaşları tökürlər. Bu vaxt rus sərhədçiləri və zabitləri də onlara imkan yaradırlar. Erməniləri ta sərhədin məftillərinə qədər buraxır, "lobnıy kamen"i göstərirlər. Guya 1915-ci ildə türklər ermənilərin başını həmin o "lobnıy kamen"in - yekə qaya parçasının üstündə kəsiblər. Belə olan halda hansı vəziyyətə düşdüyümü təsəvvür edirsənmi? - deyə sual edirdi.

Bir neçə il keçdi. 1988-ci il hadisələri başladı. Qərbi Azərbaycanın azərbaycanlı sakinlərinə divan tutulmağa başladı. Ağbabaya başqa rayonlardan saqqallı daşnak ermənilər axışmağa başladılar. Doktor Amasiya rayon mərkəzində onlardan birini mənə göstərib: "Anedəndir, tanıyıram. Adı da Aşotdur" - dedi. Sonralar isə daha dəhşətli hadisələr oldu. Ermənistanda nə azərbaycanlı həkim, nə də azərbaycanlı sakin qaldı...

Katib doktor düz 17 il Bakı şəhərində 11 saylı Birləşmiş Xəstəxananın baş həkimi olub. Bu illər ərzində Keşlə qəsəbə camaatına elə qaynayıb-qarışmışdı ki, elə bil göbəyini "NZS"də kəsmişdilər. Uşaqdan-böyüyə hamı onu tanıyırdı, hər kəslə öz dilində danışırdı. Çalışırdı ki, bir nəfər də müraciət edən onun qəbulundan narazı getməsin. Ona aidiyyatı olmayan məsələyə görə müraciət edənlərə də: "Yaxşı, baxım-görüm nə kömək edə bilərəm" - deyib, xoş üzlə uğurlayar, kimsəsiz, imkansız adamları heç vaxt unutmazdı. Bu səbəblərdəndir ki, doktor indi başqa sahədə çalışsa da, bayramlarda, əziz günlərdə onun təbrik edənlərin çoxu elə qəsəbənin sadə sakinləridir. Doktor indi Əmək və Əhalinin Sosial Müdafiəisi Nazirliyi sistemində - Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində çalışır.

"Hər gün xəstə, əlil adamlarla görüşür, onları dinləyir, müayinə edirik. Təbii ki, narazı gedənlər də, haqsız tələbdə bulunanlar da olur. Amma heç kəsin haqqı kəsilmir. Nazirliyin rəhbərliyinin də tələbi budur. Bizim borcumuz isə rəhbərliyin müəyyənləşdirdiyi tələblər səviyyəsində işləmək, əvvəllər yol verilmiş nöqsanları birdəfəlik aradan qaldırmaqdır. Əgər sənə etibar göstərilib, bir sahəyə rəhbərlik etmək tapşırılıbsa, orada "zəhmət çək, məsuliyyət yükünü daşı, ya da çıx get!" prinsipi işləməlidir" - deyir katib həkim.     

Doktor dəqiq ictimai-siyasi mövqeyi olan ziyalıdır. Uzun müddət YAP Nizami rayon təşkilatının Keşlə qəsəbəsi üzrə rəhbər nümayəndəsi kimi fəaliyyət göstərən həkim bu gün də hakim partiyanın bütün tədbirlərində fəallıq nümayiş etdirir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin alternativsiz siyasətinin həyata keçməsində həkim-vətəndaş-partiya üzvü kimi o da əlindən gələni əsirgəmir. Doktora həmişə etibar olunub, o da etimadı doğruldub. İllərin qanadında saçlarına dən düşüb. Geriyə baxmağa da, yaşamağa da dəyər, sevimli doktor. Hələ görüləsi çox işin var.

Az qala unutmuşdum. İyunun 6-sı ad günündür. Bu münasibətlə sevənlərin, dərdinə dərman etdiklərin və dostların adından səni təbrik edirəm. Hələlik 50-nin kürəyini yerə vurmusan. Beləcə davam et, yüz yaşa!

 





05.06.2015    çap et  çap et