525.Az

Azərbaycanın 600-dən çox QHT-si “Freedom House”nin hesabatına qarşı birləşdi


 

Azərbaycanın 600-dən çox QHT-si “Freedom House”nin hesabatına qarşı birləşdi<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti birliklərinin konfederativ qurumu-Milli QHT Forumu “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Freedom House” təşkilatının yaydığı sənədin əksər hissəsi qeyri-obyektiv mülahizələr əsasında tərtib olunub. Bu hesabat özünü beynəlxalq təşkilat hesab edən bir qurumun Azərbaycana qarşı növbəti qərəzli mövqeyidir.

Milli QHT Forumunda birləşən 600-dən artıq təşkilatın rəhbərləri və üzvləri hesab edirlər ki, əgər “Freedom House”a görə bir qrup məsuliyyətsiz insanın şəhərin mərkəzində icazəsiz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə qarşı asayiş keşikçilərin qanunauyğun tədbirlər görməsi, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı salırsa, bu zaman oxşar hadisələrin baş verdiyi əksər ölkələrə də eyni mövqe nümayiş etdirilməlidir: “Sivil vətəndaş cəmiyyəti quran Azərbaycanda peşə sahəsindən asılı olmayaraq, hər bir şəxs öz fəaliyyətinin məsuliyyətini dərk etməli, qanunvericiliyin tələblərinə, eləcə də başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır”.

Bəyanatda bildirilir ki, bu hesabat müəlliflərinin Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların erməni işğalçıları tərəfindən zəbt edilməsinə, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından qovulmasına göz yummaları yolverilməzdir.

Sənətdə deyilir: “Freedom House”un jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının sıxışdırılması, bloqqerlərin həbs edilməsi, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. kimi qərəzli fikirlərinə gəldikdə hesab edirik ki, onlar da subyektiv mülahizələrdən başqa bir şey deyil. Bu antiazərbaycan meylli hesabat Qərb dairələrindən maliyyələşən qeyri-obyektiv QHT-lərin yalan və böhtan xarakterli məlumatları əsasında tərtib olunub və bu məlumatların Azərbaycanın bugünkü reallıqları ilə heç bir əlaqəsi yoxdur. Bu kampaniyanın arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan erməni lobbisi və bəzi antiazərbaycan dairələr dayanırlar”.

Bəyanatda diqqətə çatdırılır ki, “Freedom House”un bu hesabatı neçə illərdir bəzi QHT-lərin hazırladığı hesabatlardan heç nə ilə fərqlənmir. “Freedom House” hesabatları hazırlayarkən məlumatları əsasən məqsədyönlü fondlardan maliyyələşən və Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlı olan QHT-lərdən götürür.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın hərtərəfli inkişafına və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin gerçəkliklərini təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Məhz belə təşkilatlardan biri olan “Freedom House”un insan haqları və azadlıqlarının durumuna dair növbəti illik hesabatında Azərbaycanla bağlı irəli sürülən iddialar qeyri-obyektiv və qərəzlidir. Bu, həmin təşkilatın mövqeyində ikili standartların olmasını açıq-aydın nümayiş etdirir. “Freedom House” 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya Təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdir.

Bəyanatda deyilir: “Freedom House” təşkilatının sənədlərində göstərilir ki, təşkilatın əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, “Freedom House” bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini tənqid hədəfinə çevirmişdir. Vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin “Freedom House”a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirmişdir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, bu təşkilatın Azərbaycanla bağlı iddiaları gerçəkliyi əks etdirmir, qeyri-ciddidir və xarici antiazərbaycan dairələrin sifarişinin məhsuludur.

Vətəndaş cəmiyyəti təşkilatları belə qərəzli hesabatların müəlliflərini həqiqəti öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət edirlər”.

 





15.12.2012    çap et  çap et