525.Az

Şeirimizin sübhçağı


 

Şeirimizin sübhçağı <b style="color:red"></b>

Mikayıl Müşfiqin qocalıq şəklini heç kim görməyib. Çünki o yoxdur, Müşfiq qocalmayıb. Ömrünün sübh çağında - 29 yaşında

Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?!
Bu yerlə çarpışan göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim? -

- deyə-deyə 1937-ci il iyunun 4-də işıqlı dünyadan qaranlıq zindana, oktyabrın 13-də isə ünvansız məzara atıldı, zorun amansız gücü ilə işıqlı dünyaya əbədi əlvida dedi. Ancaq əbədi olan bir şey də var idi: Müşfiqin gəncliyi! Minillik ənənələri olan Azərbaycan şeirinin sübh çağı, gənclik nəfəsi idi Müşfiq. Onun bütün şeirləri özünə oxşayır. Ancaq mənə elə gəlir ki, “Yenə o bağ olaydı” şeiri Müşfiqə daha çox oxşayır. Müşfiq məhz o şeirin içindən boylanıb gələcəyə baxır:

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım səhər, axşam
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?

Həsrət, nisgil, sevgi və bədii suallardan ibarət bu poetik simfoniyanın yaranma tarixçəsi var.  Əcəba, bu nə nisgil idi, o hansı bağ idi, tellərindən incə misraların o bəxtəvər sahibi kim idi?

Müşfiqin fədakar tədqiqatçısı Gülhüseyn Hüseynoğlu etiraf edir: bu vaxta qədər 6 qadın mənə deyib ki, Müşfiq “Yenə o bağ olaydı” şeirini mənə yazıb. Əlbəttə, şeir nəinki həmin qadınlara, heç Müşfiqin qadını Dilbərə də  yazılmamışdı.

“Yenə o bağ olaydı” şeirində Müşfiqin və dostlarının - 37-ci il qurbanlarının sonuncu xoşbəxt yayından bəhs olunur. 1936-cı ildə Abşeronun füsunkar guşəsində - Pirşağıda kirələdikləri bağa - Rəsul Rzanın və Ənvər Məmmədxanlının bağına ən tez-tez gələn Müşfiq idi. O, Ənvər Məmmədxanlının anasına “ana” deyər və başını onun sinəsinə qoyub, anasızlığının acısını çıxararmış. Bu bağa Hüseyn Cavid və Əhməd Cavad, Sabit Rəhman, Əliağa Vahid, Mikayıl Rzaquluzadə, Məmməd Arif qonaq gələr, onlar gecə keçənə qədər ədəbi söhbətlər aparardılar. 28 yaşlı məşhur şair Müşfiq ona “Yenə o bağ olaydı”nı yazdıran ilham pərisini də həmin o sonuncu xoşbəxt yayda Pirşağıda görmüşdü. Bu, Ənvər Məmmədxanlının kiçik bacısı 16 yaşlı Arifə idi. Arifə bu sirri bacısı Həbibəyə düz 50 il sonra - 1986-cı ildə, Rafael Hüseynova isə xərçəng azarından ağır yatdığı 1994-cü ildə - ölümündən az əvvəl etiraf edir. Etiraf edir ki, “Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Bu, nə xoş təsadüf. Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəyəm sənə”. Bükülmüş dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama.

Sonra açıb baxanda gördüm ki, yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir”.
Məlum olur ki, Arifə ərə gedəndə əri İbrahimin qısqanclığından ehtiyat edərək Müşfiqin şeirini cırıb atıb.

Arifə xanımın bu qeydlərindən və şeirdəki “Bu yaz bir başqa yazdır...” misrasından məlum olur ki, 1936-cı ilin sonuncu xoşbəxt yayı haqqındakı bu şeir 1937-nin ümid və nigarançılıqla dolu yazında yazılıb.

Bu həlim, məhrəm şeirin bir neçə romantik obrazı var: Bağ, Dəniz, Sevgi, Həsrət və əsas lirik qəhrəman, yəni şairin özü. Gəlin əvvəlcə zərif, pünhan, sevgi dolu misralara üz tutaq:

Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla ruhumu dindirəydin
Məni sevindirəydin
Gizli söhbət açaydıq ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli
Sən ey əsmər bənizli!

Bu misralarda heç vaxt reallaşmayacaq ülvi bir sevginin, müqəddəs bir eşqin dipdiri, canlı obrazı, həyata keçməsi müşkül arzuların əbədi nisgili poetikləşib.

Həmin o 1936-cı ilin gözəl yay axşamlarında bağın sakinlərini mavi dəniz isti gəlin qucağı kimi qoynuna alanda, gənc sevgilisinin gözəl əndamını dəlisov dalğalar qucaqlayanda Müşfiqin ehtiraslı qəlbində qasırğalar qopurmuş:

Yenə o bağ olaydı, yenə o qumlu sahil
Sular ötəydi dil-dil
                Saçın kimi qıvrılan dalğalara dalaydım
Dalıb ilham alaydım
Əndamını həvəslə  qucaqlarkən dalğalar
Qəlbimdə qasırğalar
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı
Məni hirsim boğaydı;
Cumub alaydım səni dalğaların əlindən
Yapışaydım belindən
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
İlhamımın yelkəni zərrin saçın olaydı
Sular xırçın olaydı.

Bu, sadəcə şeir deyil. Müşfiqin öz sözləri ilə desək, “varlığın eynidir”, poetik obrazların elə kamil vəhdətidir ki, dahi rəssamın tablosundan çıxıb qaçan gözəllik kimi insanın üzərinə yürüyür, kəpənək çiçəyin ləçəyinə qonduğu kimi qəlbdə sakin olur. Bu qısqanclıqda ülvi bir gözəllik, nakam bir sevginin əbədi təsdiqi var.

Müşfiq elə nadir bir şəxsiyyət, elə büllur bir istedad, elə romantik xəyal sahibi idi ki, o ətrafındakı hər şeyə şeirin gözü ilə baxır. Dənizi seyr etmək onun üçün “mavi şeirə dalmaq” demək idi.

Müşfiq başdan-ayağa şeiriyyət idi. Azərbaycan poeziyasında onun qədər şəffaf ikinci şair tapmaq mümkün deyil. O, hətta yuxuda da şeir yazırmış. Dilbər Axundzadə belə xatırlayır: “Müşfiq bütün məhəbbət şeirlərini mənə həsr etməyib. Məndən əvvəl yazdıqları da vardı, ikincisi də Müşfiq surətpərəst idi, hətta bircə dəfə görüb gözəlliyinə heyran qaldığı qıza da məhəbbət şeiri yaza bilərdi. Nəinki bircə dəfə rastlaşdığı, lap yuxusuna girmiş bir gözələ də şeir həsr etdiyi olub. Özü danışırdı ki, yuxuda da şeir yazır.

Neçə dəfə görmüşdüm ki, səhər yuxudan qalxanda dərhal kağız-qələm götürərək birnəfəsə uzun bir şeiri kağıza köçürüb. Deyirdi ki, yuxuda yazmışam, tez kağıza salım ki, yadımdan çıxmasın”.

Müşfiq kitablarından birini “Çağlayan” adlandırmışdı. Bu söz onun özünə hər kəsdən, hər bir şairdən daha çox yaraşır. Həqiqətən də Müşfiq Azərbaycan şeirinin çağlayan bulağı, “susmaz duyğular səltənəti”nin (C.Cabbarlı) əbədiyyət nəğməsi idi.

Onun nəğmələrinə əbədiyyət bəxş edən şairin həyat sevgisi idi.

Həyat dedikləri bu keşməkeşdən.
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu
Bu saçı leyladan necə əl çəkim?

Hələ çox gənc yaşlarında Azərbaycan klassik poeziyasının poetik ənənələrinə dərindən, yaradıcı şəkildə sahib olmuş Müşfiq XX əsrin 20-30-cu illərində böyük istedadı sayəsində həmin ənənələri yeni poeziyanın xidmətinə gətirə bildi, novator sənətkar kimi şöhrət qazandı. “Sənətkar” şeirində şair bu poetik icadın feyzindən bəhs edərək yazırdı:

Ah, nə böyük şərəfdir sənətkar olmaq
Könüllər dünyasından xəbərdar olmaq!
Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz.

Müşfiq gənc yaşlarında belə bir böyük şərəfə nail olmuşdu. O, nikbin, gələcəyə nurlu bir ümidlə baxan sənətkar idi. Hətta taleyinin tufana düşdüyü, başının üstündə repressiyanın qara buludları sıxlaşmaqda olduğu bir dövrdə də qəlbi həyat eşqi, gənclik ehtirası ilə dolu Müşfiq yazırdı:

Mənim könlüm deyir ki,
hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər,
hələ qarşımızdadır!

Qarşıda isə onu 1937-nin tufanı gözləyirdi. Buna baxmayaraq, şairin şaqraq səsi zamanın bağrını şimşək kimi yarırdı:

Cahan ki, solmayan bir bağça-bağdır
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!

Müşfiqin şeirlərində qüvvətli bir romantika var. Bu, dahi Füzulidən baş alıb gələn, Tofiq Fikrət və Namiq Kamal nəhrində durulan, Müşfiqdə büllurlaşan səmavi bir romantikadır.

Şairin belə şeirlərində ana dilimizin ən incə söz və ifadələri ilə süslənmiş bədii həqiqət həyat həqiqətindən güclüdür. Müşfiqin poetik üslubu lirik-romantik pafosla qanadlanan və yalnız uca zirvələrə can atan qartala bənzəyir. O, bir uçuşla Azərbaycan şeirinin ən uca zirvəsini fəth etdi.

Millətindən, sevgi və nəşə dolu həyatdan, dostlarından ilham alıb yazdığı başabəla “Duyğu yarpaqları” şeiri ilə 1937-ci ildə Müşfiq bir daha sübut etdi ki, o, gələcəyin şairidir.

Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.

Qara yel əsdi, şairi tarixin əbədiyyətinə apardı, həmin o bağı da xəzana döndərdi, fəqət onun istiqbalını tarixin üfüqündən qopara bilmədi. Müşfiqin bədirlənməmiş hilalı bu gün Azərbaycanın istiqlal rəmzi olan üçrəngli bayrağın üstündə dalğalanır. Hər dəfə dünyanın müxtəlif ölkələrində  müstəqil Azərbaycanın üçrəngli bayrağının üzərində Müşfiq kimi əbədi gəncin bədirlənməmiş hilalını görəndə bir şeir yada düşür: kaş “Yenə o bağ olaydı”... Müşfiq sağ olaydı!

 





08.06.2015    çap et  çap et