525.Az

Yaşam fəlsəfəsi


 

Yaşam fəlsəfəsi  <b style="color:red"></b>

İctimai, siyasi və iqtisadi həyatda geriqalma və onun səbəbləri barədə suallara bir əsrdir ki, İslam dünyasının  alim və ziyalıları (Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə...)  cavab axtarır.  Ancaq elmdə (həm də təhsildə) geriqalmanın səbəbləri son 20-30 illərin söhbətidir. Təəssüf ki, biz elmin tarixini, elmin fəlsəfəsini öyrənməyə zamanında diqqət yetirməmişik. Yaxşı ki, son zamanlar elmin geri qalmasını bizim filosof alimlər və araşdırmaçılarımız (professorlar S.Xəlilov, H.Quliyev, E.Əliyev, S.Əlisoy...) də tədqiq edirlər.

Karl Yaspersə görə, “bəşəriyyət eyni mənşəyə və ümumi məqsədə malikdir”. Əgər belədirsə, bəs onda səbəbi nədir ki, Şərq ilə Qərb biri-birindən bu qədər fərqlənir?  Müasir dövrdə müsəlman Şərqinin elm və təhsildə geri qalmasının səbəbi nədir?  Bu yazıda bu suallara cavab axtarılır.

Orta əsrlərdə İslam dünyasının  bəşər elminə böyük töhfələri olub. Ancaq bu töhfələr obyektiv dəyərləndirilməyib, əksinə bir sıra səbəblərdən, (o cümlədən, dini-siyasi) gözdənsalma təbliğatı aparılıb.  Müsəlman dünyasının özü də bu təpkilərə layiqincə cavab verə bilməyib, bugünkü geriliyi demək olar ki, tarixi gerilik kimi qəbul edib. Bu cür mövqesizlik Sovet dönəminin ideologiyasına da uygun idi.

İslam dünyasındakı elmi  fəaliyyəti düzgün qiymətləndirmək üçün 15 əsrlik dövr iki yerə bölünür:

1.Orta  əsrlər islam dünyasında  elm.

2. Müasir islam dünyasında elm.

Məsələyə bu cür yanaşma bir tərəfdən bizə obyektiv nəticə çıxarmağa, ikinci tərəfdən gənclərimizə bugünkü geriliyin səbəbini izah etməyə imkan verir. 

ORTA ƏSRLƏR İSLAM DÜNYASINDA  ELM

“Qüvvət elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!”

Nizami Gəncəvi

Bu beytdən də görünür ki, zamanında islam dünyasında elmin böyük gücə malik olduğunu biliblər. Böyük Nizami bu misralarla o zamankı ictimai şüuru bədii formada ifadə edib.  Orta əsr müsəlman elminin bəşər elminə töhfəsi professor  Həsən Quliyev tərəfindən kifayət qədər geniş araşdırılıb. Ona Allahdan rəhmət diləyərək bu məqalədə onun bəzi fikirlərindən geniş istifadə edəcəyik.

Müsəlman mədəniyyətinin təşəkkülünün obyektiv və tarixi səbəbləri olmuş və bu inkişaf  bir sıra hadisələrin mürəkkəb qarşılıqlı təsiri zəminində baş vermişdir. Bunlardan biri:  489-cu ildə Bizans imperatoru Zenonun fərmanı ilə məşhur Edesa təbiətşünaslıq və fəlsəfə məktəbi bağlanır və onun bütün nümayəndələri təqiblərdən qaçaraq, Sasanilər İranına köçür və Yunanıstandakı akademiya kimi yeni bir akademiya yaradırlar. 529-cu ildə digər Bizans imperatoru Yustinyan Afina akademiyasının fəaliyyətini qadağan edir və bu akademiya da Sasanilər şəhəri Gündəşapura  köçür. Bu regionun başqa şəhərlərində də buna oxşar elmi məktəblər fəaliyyət göstərir. Beləliklə, V əsrdən başlayaraq  bugünkü müsəlman coğrafiyasında  yunan elmi ənənələrinin  möhkəm bünövrəsi qoyulur. Buna paralel olaraq elə həmin dövrdə Bizans və Hind mədəniyyətlərinin yayılması prosesi də baş verir. Bununla  bərabər “yerli” ənənəvi intellektual mədəniyyətin (islamdan əvvəlki ərəb idrakı dəyərləri, zərdüştlük və s.) inkişafı prosesi də müşahidə olunur.

Nəticədə VIII əsrdən başlayaraq müsəlman elmi ənənəsinin intensiv formalaşması prosesi başlayır. Müsəlman aləmi  özgünlüyünü saxlayaraq tədricən dünya elminin mərkəzinə çevrilir. Bir çox xəlifələr hədiyyə olaraq ləl-cəvahir deyil, məhz kitab qəbul edirdilər. Kitab kultu cəmiyyətin yeni  idealı, and yeri  olur. Təsadüfi deyildi ki, artıq ilk xəlifələr messenat olur, “müdriklik evləri”, şəxsi kitabxanalar yaradır və alimləri öz ətrafına cəlb edirlər. İnsanın ictimai vəziyyəti, şəxsiyyətin nüfuz və elitaya mənsub olması şəxsi bilik fondunun nə dərəcədə zəngin olması ilə müəyyənləşdirilir. Bilikli insan bir növ mədəni örnəyə, nümunə götürmək üçün etalona çevrilir.  İstər ictimai, istərsə də şəxsi kitabxanalar Qərbdə yox, ilk dəfə Şərqdə yaranmışdı.

Müsəlman elmi ənənəsində  obrazlı (humanitar) və məntiqi (rasional) idrak formaları arasında həmişə dinamik tarazlıq saxlanılırdı. Rasional və ya humanitar elmi ənənəyə səmtləşməsindən asılı ol-mayaraq, müsəlman alimi bu və ya digər dərəcədə aralıq hadisəsini də əxz etmişdir. Alim həm də şair idi və tərsinə. Alimin elmi maraqlar spektri bəzən onlarla elmi əhatə edirdi:  riyaziyyat, fizika, astronomiya, məntiq, fəlsəfə, təbabət, poetika, musiqi və şeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya, əlkimya və s. İslam dünyasında  elmin və alimin özgürlüyü baza prinsipi bu idi. Humanitar alimlərin marginallığı bundan ibarət idi ki, onlar hər bir halda rasional təfəkkürə öz münasibətlərini müəyyənləşdirməyə məcbur idilər.

Alimliyin və ya elmiliyin Qərb modelində adətən poetiklik ilə məntiqliyin  eyni zamanda bir adama xas olmasını istisna edirdi bu səbəbdən də “fiziklər və liriklər” bölgüsü mövcud idi.

Qərb universtlərində tələbənin hazırlığı üçün kollektiv məsuliyyət daşıyan alimlər korporasiyasına, təkmilləşmiş ierarxiyaya malik orta əsr Avropa universitet olduğu halda, müsəlman universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi.

Müəllim və alim arxetipi

Müsəlman dünyasında  müəllim şagird (mürşüd -mürüd)  münasibətləri nüfuz, təqlid, isnad və başqa prinsiplər əsasında fəaliyyət göstərirdi. Müəllim şəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə sistemində əsas amil idi.Bir çox alimlər (V. Sementsov) hesab edirlər ki, ənənəvi Şərq tərbiyə sistemində  şagirdlə müəllim arasındakı canlı ünsiyyət Şərq mədəniyyəti üçün fundamental əhəmiyyət kəsb edir.

Müsəlman alimliyi  kitab mədəniyyəti mühitində  formalaşırdı. Savad və ensiklopedizm kultu həm də müsəlman elmi ənənəsi özgünlüyünü səciyyələndirir. Özgür alim şəxsiyyət  tipi formalaşmışdı: alimdən, hər şeydən əvvəl, qədimdən qalan sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və hafizə, obrazlı və assosiativ təfəkkür tələb olunurdu.

Öz müəlliminin yaradıcı surətdə hər şeydə təqlid edərək onun həyatı ilə yaşayan zaman, gələcək alim kimi şagirddə tədricən müəlliminin “örnəyi” (arxetipi) formalaşır. Müəllimi ilə birlikdə şagird yaradıcılığın sirlərinə yiyələnir, lakin bu zaman o, yaradıcılığın hansısa universal bir modelini deyil, öz müəlliminin özgün, orijinal yaradıcılıq laboratoriyasını dərk edir. Bəhmənyar maraqlı fikir söyləmişdir: “Əqli elmləri dərk edərək onların daşıyıcılarının keyfiyyətlərini mənimsəməyənlər elmlərin mahiyyətindən məlumatsız olaraq qalırlar, bağda yazın nişanələri göründüyü kimi, alimin hərəkətlərindən də onun müəllimlərinin müdrikliyi özünü göstərir”.

Nobel mükafatına layiq görülmüş pakistanlı fizik Əbdüs Səlam “İdeallar və gerçəkliklər” kitabında yazır:  “Orta əsrlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi... Quranın yeddi yüz əlli ayəsi -təxminən səkkizdə biri inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etməni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir”.

Belə tədris metodunun uğuru ilə bərabər qüsuru da var idi. İslam alimləri bu qüsuru görmüş və tənqid etmişlər. Misal üçün, Əl-Məarri korkoranə nüfuz sahibinə inanan tədris metodunu , qədim örnəkləri qeyri-yaradıcı tərzdə təqlid edən ənənəvi alimliyi kəskin tənqid etmişdi.

İslam elm və təhsilin əsaslandığı  prinsiplər: nüfuz, təqlid, isnad, müxtəliflik prinsipi, canlı ünsiyyət, məhsuldar mükalimə (seminar).

Maraqlıdır ki, müsəlman alim hazırlama sistemində də şəxsi amil aparıcıdır. Alimi obyektivləşdirilmiş intellektual mühit deyil (şəxsizləşdirilmiş mətnlər və ya alimlərin korporasiyaları),  tələbənin bilavasitə müəllimlə ünsiyyəti formalaşdırır. Tələbəyə təkcə müəllimin ona verdiyi obyektivləşdirilmiş bilik fondu deyil, həm də müəllimin həyat tərzi, düşüncə üslubu və xüsusilə onun şəxsiyyəti təsir göstərir.

Müsəlman şəxsiyyət tərbiyəsi sistemində təhsil metodunun xüsusi bir müxtəliflik prinsipi  işləyirdi. Tədris üsullarının fəlsəfi dərkindən bəhs edərkən İbn Xəldun göstərirdi ki, ənənəvi müsəlman tərbiyəsi elmilik xüsusiyyətlərindən məhrumdur, çünki o, vahid şəklə salınmamışdır.  İbn Xəldun yazır ki, “bilik öyrənmək sənətdir ki, tədris üsulları arasındakı mövcud fərqlər də buna şəhadət edir. Hər bir məşhur müəllimin özünün tədris üsulu və əvvəlcədən müəyyən edilmiş tədris qaydası vardır: bu, ümumiyyətlə, bütün sənət növlərinə xas olan cəhət, məhz onu göstərir ki, belə tədris üsulu elmə aid deyil, zira, əgər o, elmə aid olsa idi, onla-rın hamısı üçün vahid olardı. Sən elmin hər bir sahəsinin tədrisi üsullarında fərqlərə rast gələ bilərsən və bu onu göstərir ki, hər üsul bir sənətdir: axı elm vahid və ziddiyyətsizdir”.

İslam dünyasında alimlərə hörmət böyük idi və bu İslam mədəniyyətindən gəlirdi. “Alimlər bu dünyanın işığı, axirətin nurudur” paradiqma səviyyəsinə qalxmışdır. Padşahlar, şahlar, sərkərdər zaman-zaman alimləri ziyarət edir və bu hadisələr geniş yayılırdi və nəticədə gənc nəslin elm dalınca getmələrini stimullaşdırırdı. Tarixdən məlum olan bir neçə hadisəni yada salaq.

Əbu Reyhan əl Biruni

Əbu Reyhan Biruni ömrünün son saatlarını yaşayanda bir tələbəsi onu ziyarət edir. Tələbə onu salamlayanda səsindən tanıyır və deyir: - Sən filankəs deyilsən? Tələbə: - Bəli, - deyir. “Mənə deyilənə görə sən İslamın miras hüququnda dolaşıq bir məsələnin cavabını tapmısan, belədirmi? Tələbə: “Ya Əbu Reyhan, indi sağlamlıq haqda düşünmək...”. Əbu Reyhan onun sözünü kəsir: “Bunu bilmədən ölməkdənsə, bilib ölmək daha xeyirli deyilmi, səncə?”  

Zünnun əl Misri 

Sufiliyi, vəlayəti ( mürşid -mürid  bağlarını) və sufi vəllərini orda-burda inkar edən bir dəliqanlı gənci ədəbə dəvət etmək üçün böyük ustad Zünnun əl Misrinin (796 -859) yanına gətirirlər.  Moizələrində uca Yaradanı  “insan oğlunun Tək və Mütləq Dostu, Sevgilisi” adlandıran bu sufi ustadı barmağındakı qiymətli daşa malik üzüyünü çıxarıb, həmin gəncə uzadır və deyir: - Bunu adi bazara (I bazar) aparıb, bir altun sikkəyə sat.

Bazarda heç kəs bu üzüyə heç gümüş sikkə də vermədi. Çarəsiz gənc Zünnunun yanına qayıdıb durumu ona söyləyir.

Bu səfər Zünnun ona deyir ki, üzüyü mücəvhərlər (II bazar) satılan bazara çıxarsın.  Qızıl-zinət əşyaları satılan bazarın sərrafları min altun sikkə təklif edirlər. Eyni mala iki müxtəlif  bazarda  fərqli qiymətlərin qoyulması təcrübəsi gənci çaşdırır. Gənc böyük sufinin yanına qayıdır və olanları danışır. Zünnun ona belə deyir: - Sufiliyin və o yolu tutub gedənlərin dəyəri ondan anlayanlara yaxşı bəllidir. Arif olmayanların aşağalaması ilə onlardan heç nə əskilməz. Sənin onlara verdiyin dəyər isə elminin və idrakının dayazlığından qaynaqlanır. Elə buna görə də o qara bazarda bu nadir üzüyə verilən qiymətdən zərrəcə fərqlənmir.

Çingiz xan

Çingiz xan Buxaranı fəth edəndə atını şah sarayının pilləkəninə sürür. Bütün bəylər, zadəganlar, tacirlər gəlib səmənd atın ayağından öpürlər. Əllərini qurşağına qoyan 5-6 nəfər isə başları ilə fatehi salamlayırlar və gəlib atın ayağından öpmürlər. Çingiz xan soruşur: “Bəs onlar niyə gəlib atı öpmədilər?” Cavab verirlər ki, onlar da olar - alimlərdir.

Əmir Teymurun vəsiyyəti

İslam mədəniyyətində alimin və müəllimin nüfuzu çox böyük idi. Bir çox padşahlar, sultanlar zaman-zaman nüfuzlu alimləri ziyarət ediblər. Bu insanlar dünyasını dəyişəndə, həyatlarının son anlarında da, vəsiyyətlərində də alimi yada salıblar. Əmir Teymur dünyasını dəyişəndə vəsiyyət edir ki, məni Seyid Bərkənin ayaq tərəfində basdırın... 

Müsəlman rasionalist fikrinin görkəmli nümayəndələri İbn Sina, Fərabi, Biruni, Tusi və digərləri dünya təbiətşünaslıq və fəlsəfi biliklər sisteminin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişlər.

Əl-Qəzali hesab edirdi ki, həqiqət meyarı haqda məsələdə “ürəkdə inam” kimi başa düşülən din mövqeyində durmaq lazımdır və “biliyin həqiqiliyi” meyarı din əsl bilik, hər bir əsl bilik isə dindir.

(Ardı var)

 





08.06.2015    çap et  çap et