525.Az

Rusiya-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ problemi


 

QƏRBİN TƏZYİQİNƏ QARŞI AZƏRBAYCANIN İRADƏSİ VƏ ƏZMİ

Rusiya-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ problemi<b style="color:red"></b>

28 May - Respublika günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır:

"Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya dövlətləri tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edilib. Bu gün siyasi müstəvidə, Azərbaycanla Ermənistan müqayisəedilməz dərəcədədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Post-Sovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir".

Dövlət başçısının vurğuladığı kimi, bütün hüquqi sənədlər, normativ aktlar Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı tərəf olduğunu, işğala, təcavüzə məruz qaldığını sübut edir. Lakin əfsuslar olsun ki, hələ İkinci Dünya Müharibəsi başa çatandan dərhal sonra - 1945-ci ilin 26 iyununda dövlətlərarası dialoq əlaqələrini gücləndirmək, dünya nizamını vahid mərkəzdən idarə etmək üçün yaradılan Birləşmiş Millətlər Təşkilatı bu gün öz hüquqi əhəmiyyətini itirmək üzrədir. Dünya gücləri baş verən proseslərə daha çox milli maraqlar nöqteyi-nəzərindən qiymət verirlər ki, bu zaman da ikili standartların, riyakar mövqelərin, oxşar məsələlərə fərqli yanaşmaların şahidi oluruq.

Beynəlxalq hüququn tələblərinə zidd olaraq son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən Fransa və ABŞ separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələrini daha da möhkəmləndirir.
 
"Fransa-Dağlıq Qarabağ parlamentlərarası qrup"un üzvləri senatorlar - Sofi Juassen, Mişel Amyel, Marlen Murye separatçı rejimin "müstəqilliyinin" tanınması üçün məkrli fəaliyyətlərini davam etdirir, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində mayın 3-də keçirilən saxta "parlament seçkiləri"ndə bir qrup fransalı deputat müşahidəçi kimi iştirak edir, mayın 17-19-da isə qondarma rejimin rəhbəri Bako Saakyan Fransaya səfər edir.Fransa ilə separatçı Dağlıq Qarabağ rejiminin əlaqələrini təsdiqləyən digər məqam Drom departamentini Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın Şuşa və Ağdərə şəhərləri arasında "dostluq və qardaşlıq xartiyası"nın imzalanmasıdır.

Bundan daha əvvəl separatçıların rəhbəri ABŞ-a da səfər edərək rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.

Bütün bunlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətinin neytrallığı tamamilə pozaraq ermənipərəst mövqe nümayiş etdirdiyini, separatçılara dəstək verdiyini, Azərbaycana qarşı isə ikili standartlar tətbiq etdiyini, münaqişənin həllində maraqlı olmadığını deməyə əsas verir.

Siyasətdə ədalət və əxlaqdan uzaq olanlar...

Əgər Ermənistan işğal etdiyi Dağlıq Qarabağ torpaqlarını və ətraf yeddi rayonu geri qaytarsaydı, bu gün səfalət içində deyil, müasir standartlara, normalara uyğun olaraq sabit həyat tərzi keçirərdi. Dövlətimizə qarşı qərəzli mövqe tutan beynəlxalq dairələrə də məlumdur ki, işğalçı dövlətin taleyi regionun aparıcı dövləti olan Azərbaycanın əlindədir.
 
Beynəlxalq hüququn tələblərini ciddi şəkildə pozaraq işğal siyasəti yürüdən Ermənistana qarşı yalnız Azərbaycan və Türkiyə siyasi, iqtisadi sanksiyalar tətbiq edib. Dünya dövlətlərinin haqsız iradlarına baxmayaraq regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı, transmilli layihələrin hər birindən Ermənistan kənarda qoyulub.

Biz buna "Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri, "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələri işlənəndə, Avropanın enerji təhlükəsizliyi baxımından alternativ variant olan "TAP" və "TANAP" layihələri həyata keçiriləndə də nail olduq. Eyni zamanda, qardaş Türkiyə 1992-ci ildə Kəlbəcərin işğalından sonra Ermənistanla dövlət sərhədlərini bağlayaraq, siyasi, iqtisadi əlaqələrə xitam verib. Xarici dairələr isə ermənipərəst mövqe nümayiş etdirərək, regionda haqq-ədalətin bərqərar olmasında maraqlı olmadıqlarını sübut edirlər. Ona görə də, Avropa İttifaqının nümayəndələrinin son olaraq "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində təşkil etdikləri Riqa sammitində özlərini təkəbbürlü aparmaları, Azərbaycana qarşı ayrı-seçkilik etmələri, ölkəmizin problemlərini kənara qoyub gündəliyə dəxli olmayan məsələləri müzakirə etmələri təəccüb doğurmur.

Sammitin yekunlarına dair qəbul olunan 30 bəndlik yekun bəyannamədə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Avropa İttifaqının hansı işlər görə biləcəyi öz əksini tapmayıb. Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü pozmasıyla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamənin mövcudluğu haqda bir kəlmə də qeyd olunmayıb. Bir sözlə Dağlıq Qarabağ probleminə diqqət yetirilməməsi Azərbaycanı tədbirli davranmağa məcbur edib.

Görünən odur ki, ATƏT-in 1996-cı il Lissabon, Avropa İttifaqının 2013-cü il Vilnüs sammitlərində olduğu kimi bu zirvə görüşündə də Qərb konflikt yaşayan dövlətlərə bərabərhüquqlu yanaşma sərgiləmək niyyətində olmayıb. Ona görə də, Ukrayna və Gürcüstan böhranlarından fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qətiyyəli mövqe ortaya qoyulmayıb. Azərbaycan rəsmiləri Lissabonda olduğu kimi Riqada da yekun bəyannaməyə qol çəkmək istəməyiblər. Yekun bəyannamənin qəbulu üçün o zaman da Azərbaycan Prezidentinə minnətçi düşüblər, indi də.

Hər iki sammitdə biz onlara güzəştə getdik. Lakin Ermənistan növbəti dəfə beynəlxalq tədbirdə Azərbaycanın ərazi bötüvlüyünün tanınması haqqında rəsmi Bakının sənədə hazırladığı əlavəsinə imza ataraq Dağlıq Qarabağı ölkəmizin tərkib hissəsi kimi qəbul etməyə məcbur olub. Bütün bunlar o demək deyil ki, Qərb Azərbaycana qarşı qərəzli mövqeyini dəyişərək işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın şəxsən imzaladığı sənədin qüvvəyə minməsi - Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması üçün zəruri təxirəsalınmaz tədbirlər görəcək. Ümumilikdə, Rusiyaya qarşı tənqidi əhval-ruhiyyədə keçən Riqa sammitinə Azərbaycan Prezindenti İlham Əliyevin qatılmamasının səbəbi də məhz Qərb dairələrinin tətbiq etdiyi ikili standartlara etiraz xarakteri daşıyıb. Bu sırf dövlət maraqlarından irəli gələn məsələ olsa da, heç şübhəsiz, rəsmi Moskvanı sevindirməyə bilməz.

Rusiyanın münaqişənin həllində rolu

Aparılan məqsədyönlü siyasət nəticəsində Rusiya kimi dünyanın hegemon dövləti Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqe nümayiş etdirməkdən əl çəkərək, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin ədalətli həllinə töhfə vermək istədiyini bildirib. Çünki bir sıra regional və geopolitik münasibətlərdə rəsmi Bakının əhəmiyyəti Rusiyanı Azərbaycanla hesablaşmağa, onun maraqlarını nəzərə almağa məcbur edir. Ona görə də, mayın 25-ində Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında nikbin danışıqlar aparılıb. Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcəklərini bildirib. S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir.

Nəzərə alsaq ki, ATƏT-in vasitəçilik institutunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsində açar rolunu oynayır, o zaman son hadisələrin gətirəcəyi nəticələrin qarşılıqlı məmnunluq ifadə edəcəyini söyləmək olar. Əgər Moskva siyasi mövqe ortaya qoyaraq, Ermənistana təsir göstərərsə, Dağlıq Qarabağ problemi yaxın müddətdə həll oluna bilər. Burada sülhlə yanaşı, hərb variantı da istisna edilməməlidir. Çünki Azərbaycan dəfələrlə işğalçı ölkəyə sübut edib ki, peşəkarlığını, maddi-texniki bazasını gündən-günə daha da təkmilləşdirən Silahlı Qüvvələrimiz qısa müddət ərzində torpaqları işğaldan azad etməyə qadirdir.

Elmar Məmmədyarov isə vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa-olsun, həll edəcək: "Əminliklə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq".

Bu çox cəsarətli çıxışdır. Bu fikirlərin arxasında ciddi mətləblərin dayandığını xüsusi vurğulamaq lazımdır.

Ona görə də, Rusiyada xarici işlər nazirləri səviyyəsində baş tutan danışıqların Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təsiri ola bilər. Rəsmi Bakının istər Qərb dövlətləri, istər ABŞ, istərsə də Rusiya ilə tarazlaşdırılmış siyasət yürütməsində məqsəd ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından ibarətdir. Azərbaycan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir.
 
Rəsmi Bakı yaxşı bilir ki, bu bölgədə prosesləri nizama salmağın yeganə yolu Rusiyadan keçir. Belə nəticəyə gəlmək olar ki, uzun müddət Moskva ilə məsələ ətrafında böyük danışıqlar gedib. Sammit ərəfəsində Putinin adı ilə mətbuatda yayılan fikrə görə, Ermənistan rəhbərliyinə ultimatum şəklində müraciət edilib ki, işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmağa başlasınlar. İndi isə Azərbaycan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə Dağlıq Qarabağ probleminin yaxın günlərdə həll ediləcəyi ilə bağlı nikbin fikirlər səsləndirilir. Bu o deməkdir ki, iki ölkə arasında danışıqlar yüksək tempdə davam edir və nəticə etibarıyla Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsiylə nəticələnə bilər.  

Avropa Oyunlarının Azərbaycana vədd etdiyi ən böyük dividend 

Təbii ki, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində baş tutan sammitdə ölkəmizin Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olması vurğulanıb. Xüsusilə, Azərbaycanın neft resursları Qərb üçün yeganə alternativ enerji mənbəyi rolunu oynayır. Eyni zamanda, geosiyasi məsələlərə təsir imkanları olan Azərbaycan sülh naminə tərəfdaşlıq proqramlarında da yaxından iştirak edir, Kosovoda, İraqda, Əfqanıstanda və digər münaqişə ocaqlarında sülhməramlılarını yerləşdirir, anti-terror əməliyyatlarına dəstək verir. Hərçənd ki, Azərbaycanın haqq işinə dəstək verməməklə dünya birliyi beynəlxalq sülhü ciddi təhdid altında qoymuş olur.

Əvəzində biz Dağlıq Qarabağ məsələsinə biganə münasibətin, ölkəmizə qarşı tətbiq olunan ikili standartların, demokratiya və insan haqlarının vəziyyətində problemlərin süni şəkildə ortaya atılmasının, təzyiq mexanizmlərindən istifadə edilməsinin şahidi oluruq və bu heç də Azərbaycana insan hüquqlarının inkişafına yardım etmək niyyətlərindən irəli gəlmir.

Ona görə də, Qərb Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yardım etmək gücünə malik deyilsə, o zaman rəsmi Bakının öz məsələlərini özü bildiyi kimi həll etməsinə imkan verməlidir. Riqa sammitinin açılışında Almaniya kansleri Angela Merkelin də dediyi kimi, Azərbaycan inkişaf xəttini tutan dövlətdir və ona görə də bu dövlətə mane olmamaq lazımdır. Lakin Rusiya ilə son dövrlər aparılan danışıqların konkret irəliləyişlərə səbəb olacağına ümidlər böyükdür. Çünki münaqişənin həlli hər iki dövlətin mövcud əlaqələrinin daha da inkişafına müsbət təsir edəcək.
 
Hələ keçən ilin sentyabrında Soçidə baş tutan danışıqlarda əldə olunan etimad mühitinə uyğun olaraq ardıcıl və məqsədyönlü addımlar atan Azərbaycan rəsmi Moskvaya qarşı Aİ-nin tətbiq etdiyi sanksiyalara qoşulmamaqla nümayiş etdirdiyi siyasi iradə və daha sonrakı proseslərdə ortaya qoyduğu mövqe ilə bütün maneələrə, təzyiqlərə baxmayaraq dövlətimizin etibarlı tərəfdaş imicini birmənalı olaraq qoruduğunu, balanslı siyasət xəttinə sadiq qaldığını sübut edib.

Ona görə də, diqqətlər Rusiya prezidenti Vladimir Putinin iyunun 12-sinə planlaşdırılan Bakı səfərinədir. Elə Moskvada iki ölkənin xarici işlər nazirlərinin nikbin notlar üzərində qurduğu danışıqlar da məhz Bakı danışıqlarına hazırlıq xarakteri daşıyıb.

Bu baxımdan, hesab etmək olar ki, qitənin tarixində ilk dəfə keçiriləcək Bakı - 2015: Birinci Avropa Oyunları Azərbaycana təkcə iqtisadi dividendlər deyil, eyni zamanda siyasi dividendlər də vəd edir. Bizim ən böyük qazancımız isə Ermənsitan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf yeddi rayonun qeyri-şərtsiz Azərbaycana qaytarılması olacaq!

Ceyhun ABASOV

 





09.06.2015    çap et  çap et