525.Az

Özbək türkcəsi şeirinin “prezidenti”- Ortaq türkcəyə doğru ...


 

Özbək türkcəsi şeirinin “prezidenti”- <b style="color:red">Ortaq türkcəyə doğru ... </b>

Vaqif Bayatlı Odər

 

Dünyanın onlarla ölkəsində şeirləri, müsahibələri çap olunmuş məşhur özbək şairi Muhamməd Salih poeziyasına demokrtaiya uğrunda mübarizəsinə görə təkcə qardaş Özbəkistanda yox, çağdaş dünyamızın  çox yerində yaxşı tanınır, əsərləri müxtəlif dillərə tərcümə edilir, çap olunur.

 

Fikrimcə o, çağdaş dünya şeirinə, İlahi şeirə daha çox yön verən şairlərdən biridir.

 

Təəssüf ki, o, iyirmi ildən artıqdır, öz məmləkətinə dönə bilmir. Onu orda həm şərq şairlərinin şeirlərininsevimliobrazlarından biri olan zindan gözləyir. Yeri gəlmişkən qeyd edim ki, Muhamməd Salihin mənim dostum, bir çox Avropa dillərinə əsərləri tərcümə olunmuş özbək yazıçısı Məmmədəli Mahmud artıq on üç ildən artıqdır ki, həbsdədir. Onun kiçik hekayələri, miniatürləri vaxtilə “525-ci qəzet Xəzərdərgisində çap olunmuş oxucularımızin böyük rəğbətiylə qarşılanmışdı. Onun tezliklə azad olmasını diləyirik.

 

Muhamməd Salihin şeirlərini özbək türkcəsindən Azərbaycan türkcəsinə çevirərkən bəzən bizə bir az anlaşılmaz kimi görünən sözləri, ifadə etmələri orijinalda olduğu kimi saxladım. Biz türk qardaşlar bir-birimizi daha yaxşı anlamaq üçün ilkin dövrlərdə bu çağı da keçməliyik. Əslində hər şey anlaşılır, bəziləri hərdən ya səbrsizlik göstərir, ya sadəcə çığallıq edir, ya da, etmək olar,Allah onlara dilləri, sözləri duymaq qabiliyyəti verməyib. Hər halda Allah etdiyini özü dəqiq bilir.

 

Muhamməd Salihin Türkiyədə çap olunmuş kitabına Türkiyənin məşhur dövlət adamı, həm şair olan Bülənt Əcəvitin yazdığı ön sözdə deyilir: “... ayrı-ayrı ölkələrdə yaşayan türklər arasındakı kültür bağını dayanışmanı gücləndirmənin bəlkə ilk addımı bir-birinin şeirini tanımaq olardı. Dəyərli özbək şairi Muhamməd Salihin şeirlərinin Türkiyə türkcəsində yayımlanmasını buna görə sevinclə qarşılayıram.

 

Bir siyasətçi olaraq Muhamməd Salih onunla birlikdə Özbəkistanda demokratikləşmə hərəkatına öncüllük edən dostları bu gün hələ bir baxıma yerdən yerə vurulurlar. Amma Muhamməd Salih bu basqılara öz dilində:

 

Əgər bir kimsə məni yerə vurmasaydı,

 

göyə necə sıçraya bilirdim,

 

deyə  meydan oxuyan bir politikaçı ozandır.

 

Muhamməd Salihin şeirlərini ortaq türkcəmizə yaxın Azərbaycan türkcəsində verməklə həm mərhum Bülənt Əcəvitin ruhunun şad olmasını diləyirik.

 

 

Əziz oxucular!

 

Muhamməd Salihin şeirlərinin Azərbaycan türkcəsinə çevirisini tezliklə daha geniş şəkildəXəzərdərgisində oxuya bilərsiniz.

 

 

 

Muhamməd Salih

 

 

Qəfəsdəki siçan

 

 

Qəfəsdəki bu siçan

 

bir zamanlar bülbül idi.

 

 

Bir zamanlar pırıl-pırıl uçurdu o,

 

indi ayaqlar altında.

 

 

Əvvəllər ovçudan qorxardı yazıq,

 

indi pişikdən.

 

 

Bir zamanlar

 

         danüzü cik-cik edərək

 

         bizi oyadardı bu siçan.

 

 

Adam cəmlənib 
hakim olsa özünə

 

 

Vücud, damarlarını qapat,

 

buraxma o yerə satqın titrəməni,

 

 

Köksə qızardılmış dəmir

 

basanda düşmən,

 

ağız, açılıb söyləmə ürək sirrini

 

 

Qışqırıb bağırma, boğaz,

 

inləyib xırıldama əzabdan,

 

 

Adam cəmləsə özünü,

 

özünü bir meydana toplasa,

 

təkbaşına böyük bir ordu olar o.

 

 

Başaq kimi müxtəsər

 

 

Başaq kimi müxtəsər,

 

dən kimi kiçik,

 

bir şeir, bir əsər,

 

İlahim, lütf et.

 

 

Çox deyil, azacıq,

 

ta ki, kiçik bir qızın

 

bülbültək  balaca

 

ovcuna sığsın.

 

 

Günah

 

 

Günahlarımı o yandan alıb

 

bu yana qoyaram.

 

Yaşlılığımdan alıb

 

cocuqluğuma.

 

 

Cocuqluğumdan alıb

 

bəbəliyin boynuna asaram.

 

 

Nəhayət, bəbəlikdən alıb ...

 

hara qoyacağımı bilmirəm,

 

ancaq haykırıram dəlilərtək:

 

günahı var bu bəbənin, ?!

 

       

 

Sevinc

 

 

Sevincək çıxıram evdən,

 

sevincək girirəm evə,

 

oldu mənə, bilmirəm.

 

 

Göylərdə səkməyim gəlir,

 

yerə ağnamağım gəlir,

 

bu bəla, bilmirəm.

 

 

Gülərəm, insanlar baxmaz,

 

gülərəm, durmadan gülərəm,

 

bir kimsə toxtatmaz məni amma.

 

 

Bir kimsə yardım əli uzatmaz,

 

qanrılıb baxmaz bir adam balası

 

sevincdən ölməkdə olan adama.

 

 

Talesiz adamın dediyi

 

 

Taleyə bax ki, evim yox,

 

yanıb gedərdi, olsaydı əgər.

 

 

Bağım yox, min kərə şükür,

 

quruyub qalardı, olsaydı əgər.

 

 

Bəxtim gətirib ki, bəxtsiz, talesizəm,

 

bir daha talesiz olardım yoxsa.

 

 

Vaxt

 

 

Sim üstdə bir quş oturubdu,

 

o haqda yazmaq şərtmidir?

 

 

Quşcığaz ora-bura baxmağa başladı,

 

bunu demək zərurətmidir?

 

 

Quşcığaz uçub getdi,

 

dəftərimdəki cızıqlar bom-boş simlərtək

 

bir an titrəyib durdu.

 

 





17.12.2012    çap et  çap et