525.Az

Yaşam fəlsəfəsi


 

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda) 

Müsəlman elmi ənənəsində humanitar “inanan” düşüncə tərzi özünün spesifik prinsiplərinə əsaslanaraq məntiqi təfəkkürə qarşı çıxır. “İnanan təfəkkür”ün aksiomatik əsasını nüfuz prinsipi təşkil edir. Buna görə də bəzi tədqiqatçılar belə təfəkkürü avtoritar təfəkkür adlandırırlar. Belə çıxır ki, müsəlman elminin “əslində fərqləndirici cəhəti avtoritar və rasional əsasların birləşməsindən ibarət olan vahid metod səciyyələndirir”.  

Tədris üsullarının müxtəlifliyi haqda nə demək olar? Bu və ya digər tədris üsulunun özgünlüyü öz ifadəsini nədə tapırdı? Professor H.Quliyev göstərir ki, bu suallara cavabı həm bilik sahəsinin öz xüsusiyyətlərində, həm də müəllimin fəaliyyətində, onun şəxsiyyətinin keyfiyyətlərində, yəni məhz müəllimin nüfuzunu şərtləndirən amillərdə axtarmaq lazımdır.

Misal üçün dəqiq elmlər sahəsində İbn əl Hasan (965-1039), ( Avropada “Alhasan”, və ya “Alqazen” adı ilə tanınır) optika sahəsində 7 cildlik monoqrafiyası Avropa elminə, xüsusi ilə Pocer Bekonun, Leonardo da Vinçinin, İohan Keplerin və hətta İsaak Nyutonun inkişafına təsiri böyük olmuşdur. İbn əl Hasanın “Optika kitabı” uzun müddət Avropa elmi düşüncəyə təsiri böyük olmuşdur. “Göz işıq şüalandırmır, obyektlərdən gələn şüaları qəbul edir” fikrini ilk dəfə o demişdir. Onun bu kitabı və digər əsərləri belçikalı elm tarixçisi George Sartona (1884-1956) əsas vermişdir ki, onu “dahi müsəlman fiziki və optika sahəsində bütün zamanların isə ən böyük tədqiqatçısı” kimi xarakterizə etsin. 1572 - ci ildə latın dilində “Optika kitabı” Bazeldə sərgidə təqdim edilmişdir.

Qərb alimləri etiraf edirlər ki, Kopernikin göy cisimlərinin hərəkəti ilə bağlı aldığı elmi nəticələr ondan qabaq Nəsrəddin Tusi tərəfindən söylənilmişdir. Üstəlik, qərblilərin etirafına görə Aristoteli və digər qədim yunan filosoflarının əsərlərinə onlara İslam mədəniyyəti yenidən vermişdi. Bizi əhatə edən havanın təzyiqinin olduğunu ilk dəfə İbn al Haysam söyləmişdir.

Onlarla belə misallar çəkmək mümkündür. Bəs onda səbəb nədir ki, İslam dünyası (57 ölkə və 1450 milyon insan) bu gün elm və tərəqqidə bu qədər geri qaır? Maraqlıdır, İslam dünyasında elm tənəzüllə uğrayanda Qərb dünyasında müasir təbiətşünaslıq elminin tərəqqisinin səbəbi nədır?

Yuxarıdakı qısa şərhdən göründüyü kimi, müsəlman dünyası bəşəriyyətin inkişafında cərəyan edən hadisələrdə obyekt yox, subyekt kimi iştirak edib və orta əsrlərdə havayı çörək yeməyiblər...Bəs necə oldu ki, bu cür bünövrəsi olan mədəniyyət və elm ocaqları bu gün çox miskin görünür?

MÜASİR İSLAM DÜNYASINDA ELM

“Hər bir xalq nə qədər təhsilli və vətənpərvərdirsə, onda filosofluq etmək də bir o qədər asandır; buna görə də dövlət  üçün həqiqi filosoflara malik olmaqdan böyük səadət yoxdur”.

Rene Dekart

Fizika sahəsində Nobel mükafatı laureatı pakistanlı Əbdüs Səlam “İdeallar və gerçəkliklər” kitabında yazır:

“Orta əsrlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi”. Yuxarıda qeyd edildiyi kimi o zamanlar İslam aləmi dünyada cərəyan edən hadisələrdə obyekt kimi yox, subyekt kimi çıxış edirdi. Konstantinopolun fəthi buna bariz misaldır. Ancaq son 5 əsrdə İslam dünyası geriləyərək, dünyəvi proseslərin obyektinə çevrilibdi.

Qərbdə elm iqtisadiyyata güclü təkan verir. İslam dünyasında elmin iqtisadiyyata təsiri zəifdir. Qərbdə elm güc sayılır, müsəlman ölkələrində bu düşüncə də zəifdir. Qərbdə elmdən iki əllə, Şərqdə isə bir əllə, özü də bir ölkədə sağ, digərində sol əllə yapışırlar. XXI əsr elmə, texnologiyaya əsaslanır. İslam dünyasında bu elə də hiss olunmur. Elmi müəssisəyə rəhbər İslam dünyasında təyin olunur, Qərbdə isə seçkiylə müəyyənləşir. İslam aləmində gənclər elm dalınca getməyə çox da həvəs göstərmirlər. Orta əsrlərdən fərqli olaraq bu gün dünyada gedən bütün proseslərin subyekti Qərbdir. Bu təzadlar Şərqdə elmin geri qalmasına əyani misallardır.

Geriliyi aydın görmək üçün son 200 ildə bəşəriyyətin keçdiyi iki sənaye inqilabına diqqət yetirmək kifayətdir. Bu inqilabların birincisinin möcüzəsi maşını, gəmini, təyyarəni və s. hərəkətə gətirən mühərrikdir. İkinci inqilabın möcüzəsi isə intellektual gücümüzü artıran kompüterdir. Nə birinci, nə də ikinci inqilabın bərqərar olmasında və bu möcüzələrin yaradılmasında İslam dünyası iştirak edə bilməyib.

ÇAĞIRIŞLAR

“Bütün elmlərin açarı sual işarəsidir”.

Onore de Balzak

“Sənaye inqilabının və onun möcüzələrin yaradılmasında Şərq niyə iştirak edə bilməyib” kimi suallar çoxdur. Bunun kimi bir çox suallara amerikalı kimyaçı, 1999- cu ilin kimya üzrə Nobel mükafatı alan misirli Əhməd Zevayl “Gələcəyə addımlar” kitabında da cavab axtarır.

Əhməd Zevaylın sualları

 “Gələcəyə addımlar” kitabında Əhməd Zevayl yazır: “Mənim doğulduğum ölkə - ilk insan sivilizasiyalarından birinin vətəni olmuş, nəsillərin əvəzlənməsində yaradıcılıq və öyrənmə ruhunu qoruyub saxlamışdır.

Altı min ildən çox tarixi boyu Misir fasiləsiz inkişaf etmiş, müxtəlif mədəniyyətlərin cizgilərini özünə hopdurmuşdur: firon sülalələri erası, Ptolomeylər erası, Roma və xristian, indi də müsəlman və kopt mədəniyyətləri eraları. Özümə suallar verirəm: misirlilərə nə olub? Niyə Misir inkişaf etmiş ölkə ola bilmir? Ölkələrə və xalqlara yüksəlişlərin və tənəzüllərin xas olduğunu nəzərə alsaq, Misir öz şöhrətli günlərinə qayıdacaqmı? Başqa ölkələr - Hindistan, Çin, Cənubi Koreya bir çox sahələrdə böyük tərəqqiyə nail olmuşlar. Bəs Misir niyə nail olmasın?”

Abd-üs-Səlamın çağırışı

XX əsrdə müsəlman aləminin yetişdirdiyi nəhəng alimlərindən biri də 1979-cu ildə fizika üzrə Nobel mükafatı almış Abd-üs-Səlam da bu sualları yaşayıb və çıxış yolunu bütün müsəlman dövlətlərinin başçılarına, din xadimlərinə, zəngin insanlara müraciət etməkdə görüb və onlara elmə kömək üçün çağırış edib:

“...ona görə yox ki, bu, bizim müqəddəs kitabımızda Allah tərəfindən buyrulub, ona görə yox ki, bunu Həzrəti Peyğəmbərimiz bizə məsləhət görür, ona görə yox ki, elm iqtisadiyyatdır, elm gücdür, elm silahdır. Ona görə ki, Qərb alimləri qarşısında xəcalət tərimizi silək. Bizlər hətta xəstələnəndə onların “aspirin”indən, “pensilin”indən istifadə edirik”. Təbii sual: biz xəcalət tərimizi niyə silə bilmirik?

Əbdüs Səlam “İdeallar və gerçəkliklər” kitabında geriliklə bağlı fikirlərini belə ifadə edir:

“1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq görərik ki, İslam ölkələri nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir. İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sahələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə görə, humanitar elmlərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla 1/4 və 1/3 arasında dəyişən sayda təbiət el-mlərində təhsil alan - üstəlik, çox aşağı səviyyədə tələbəmiz var.

Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öyrənir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən ibarət olmalıdır. Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də ən əsası gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər”.

Bu fikri Ə. Zevayl da vurğulayır:

“Ölkə iqtisadiyyatının bütün sahələrində texniki bazanın dəstəklənməsi üçün texniki məktəblərin həm sayı, həm də nüfuzu artırılmalıdır”.

Bu fikri bizim inkişafımız üçün də zəruridir.

Fərrux Səlimin çağırışı...

Müsəlman Şərqində elmin bugünki vəziyyəti tək alimləri yox, cəmiyyətin qabaqcıl ziyalılarını da düşündürür. Beş il öncə dostlardan biri elektron poçtla mənə pakistanlı jurnalist Fərrux Səlimin “Ayılın!” araşdırmasının nəticələrini göndərmişdi. Nəticələr çox acınacaqlı vəziyyətdən xəbər verirdi. Çünki tarixi geriləmənin nəticələri faktların dili ilə aydın göstərilirdi. “Ayılın!” -dan bir neçə tezisi diqqətinizə çatdırıram:

Əhalisi 1,4 milyard olan müsəlman dünyası təqribən 10 Nobel mükafatı alıb, ancaq əhalisi 13-16 milyon olan yəhudilər 180-dən çox;

Xristian əhalisi üstünlük təşkil edən ölkələrdə əhalinin 40 faizi ali məktəblərdə təhsil alır, müsəlman ölkələrində isə bu göstərici təqribən 2 faizdir ;

Müsəlman ölkələri orta hesabla ÜDM-in 0,2 faizini, xristian dünyası isə 5 faizini elmə və inkişafa sərf edirlər;

İslam coğrafiyasında 1 mln əhaliyə 230 nəfər alim düşür. ABŞ-da isə 1 mln əhaliyə 5000 alim;

Pakistanda hər 1000 nəfər əhaliyə 23 gündəlik qəzet, Sinqapurda 460 qəzet düşür və s. və bunun kimi.

Pakistanda yüksək texnoloji məhsulun eksportu ümumi eksportun cəmi 0.9 faiz təşkil edir. Bu göstərici aparıcı ərəb ölkələrində 0.2-0,3 faizdir. Ancaq Sinqapurda ekspotrda yüksək texnologiyanın payı 68 faizdır.

Bu cür arqumentləri təhlil edərək Səlim Fərrux üç acı və ağır nəticəyə gəlir:

1. Müsəlmanlar elmi bilik istehsal edə bilmirlər;

2. Müsəlmanlar elmi bilikləri yaya bilmirlər;

3. Müsəlmanlar elmi bilikləri tətbiq edə bilmirlər.

Bu ümumiləşmələr o ölkələrə aiddir ki, onlara Hz.Məhəmmədin nəsihəti belədir: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.

Xəcalət tərimizi silmək üçün Fərrux Səlim “Ayılın” məqaləsinin sonunda müsəlman əhaliyə müraciət edir:            

“Öyrənin və uşaqlarınızı öyrədin, bilikləri yayın, ədəbsizliyə güzəştə getməyin, uşaqlarınızın təhsilinin keyfiyyətini diqqətdə saxlayın (və Allah xatirinə uşağınızın təhsil almasına kömək üçün şəxsi əlaqələrinizdən, pulunuzdan istifadə etməyin: onları təhsil almada müstəqil və namuslu əməyə öyrədin). Biz dünyanın ən çoxsaylı, ən güclü toplumlarından biriyik. Bizə lazım olan ancaq budur: öz səhvlərimizi və zəifliyimizi etiraf edək. Bizim qələbəmizin təminatı bizim biliyimizdə və yaradıcılığımızdadır”.

Məhəmməd Əmin Rəsulzadənin təvəqqesi

Məmməd Əmin Rəsulzadə də 102 il öncə “Şərq-Rus” qəzetinin 2 may 1903-cü sayında Qafqazın müsəlman əhalisinə çağırış edib:

“Qafqazın müsəlman əhalisindən ümumi, Bakı əhlindən xüsusi təvəqqi edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd) tutmasınlar”. M.Ə.Rəsulzadə hələ o zaman böyüklük, ağsaqqallıq edərək bizə doğru yol gösərərək təvəqqe edir ki, uşaqlarınıza təhsil verin. Amma hələ biz ayılmamışıq, uşaqlarımıza pulla qiymət yazdırırıq.  

M.Ə. Rəsulzadə iki həftə sonra həmin qəzetin 15 may sayında keçmişə yox, gələcəyə baxmağa üstünlük verir:

“Bəli, bir para əhli - mariflərimiz yeri düşəndə köhnə islam mədəniyyəti ilə təfaxür edirlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər”. Yeri gəlmişkən M.Ə.Rəsulzadə irsini çoxcildlik halında bizlərə təqdim edən professor Şirməmməd Hüseynova öz minnətdarlığımı bildirirəm. Bəli, orta əsrlərdə İslam dünyası dünya elminin mərkəzi olub. Ancaq indi bu sahədəki acınacaqlı vəziyyət göz qabağındadır.

(Ardı var)

 





16.06.2015    çap et  çap et