525.Az

Avropa Qarabağ həqiqətlərini inkar edə bilmədi


 

AZAY QULİYEV: "İLK DƏFƏDİR Kİ, AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ RƏSMİ QƏRARLA LAÇININ İŞĞALI FAKTINI TANIDI"

Avropa Qarabağ həqiqətlərini inkar edə bilmədi<b style="color:red"></b>

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Böyük Palatanın qərarını elan edib.

Qərarda Ermənistanın ərizəçilərin mülkiyyət hüququnu, şəxsi və ailə həyatına hörmət hüququnu və səmərəli müdafiə hüququnu pozması faktı təsdiqlənib. Həmçinin qərarda işğal altında olan ərazilərin Ermənistanın effektiv nəzarəti altında olmaqla həmin ərazilərdə Konvensiyanın pozulması hallarına görə cavabdeh olması öz təsdiqini tapıb.

Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

QHT-lərə Dövlət dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə çıxartdığı qərarı yüksək qiymətləndirir. Onun sözlərinə görə, on illik mübarizədən sonra Avropa İnsan Hüquqları Məhkəməsi gözlədiyimiz ədalətli qərarı verib: "İlk dəfədir ki, Avropa İnsan Hüquqları Məhkəməsi rəsmi qərarı ilə Azərbaycanın ərazisinin - Laçının işğalı faktını tanıyıb və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Hüquqları konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi və eyni zamanda siyasi əhəmiyyəti var. Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etdiyini rəsmən təsdiq edib. Heç şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbrlə təmin edən komandaya, bir sözlə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Millət vəkili Sahib Alıyev hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinə Laçından məcburi köçkün düşmüş şəxslərin işi üzrə qərar çıxarsa da, onlara veriləcək kompensasiya məsələsi hələ öz həllini tapmayıb:
 
"Bunun üçün 12 ay da gözləmək lazımdır. Ancaq "Çıraqov və başqaları Ermənistana qarşı" adlanan məhkəmə işində Ermənistan təqsirkar bilinib ki, bu da son dərəcə önəmli məsələdir. Avropa İnsan Haqları Məhkəməsi açıq şəkildə vurğulamasa da, çıxardığı qərarla Laçını Dağlıq Qarabağ separatçılarının deyil, məhz Ermənistanın işğal etdiyini təsdiqləyib. Bununla yanaşı, təəssüf ki, Avropa İnsan Haqları Məhkəməsi də qərbdəki digər strukturlar kimi "balans"lı davranış sərgiləyib. Goranboyun Gülüstan kəndindən olan Minas Sərkisyan bizim məcburi köçkünlərdən düz 5 il 5 ay sonra şikayət ərizəsi göndərməsinə baxmayaraq eyni gündə "Sərkisyan Azərbaycana qarşı" işilə bağlı da qərar çıxarıb. Necə ki, Ermənistan laçınlı məcburi köçkünlərin "mülkiyyət, ailə və özəl həyat, səmərəli müdafiə hüquqlarını" pozmaqda suçlandırılıbsa, Azərbaycan da sərkisyanlara qarşı eyni hərəkətlərdə suçlandırılıb.

Halbuki, sərkisyanların həmin hüquqları pozulan zaman onların yaşadıqları kəndə nəzarət bizdə olmayıb və orada müharibə gedib. Bütün bu siyasi gedişlərə baxmayaraq məhkəmənin müharibə şəraitində ermənilərin Gülüstan kəndində gediş-gəlişini məhdudlaşdırmaq üçün Azərbaycanın ədalətli əsaslarının olduğunu, Çıraqov və başqalarının öz doğma yurd yerlərinə getmələrini məhdudlaşdırmağa isə Ermənistanın ədalətli əsasının olmadığını vurğulaması mühüm məsələdir. Çünki burada da açıq deyilməsə də, kimin işğalçı olduğu, kimin işğala məruz qaldığı öz əksini tapır. Görək Minsk Qrupuna həmsədrlik edənlər, bundan sonra nə deyəcəklər.

Öz yurd yerlərinə gedərkən tutulub həbsxanaya atılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susqunluqlarını yenə də davam etdirəcəklərmi? Əgər Ermənistan Baş Qərargah rəisinin müavini Mnatskanyan Dağlıq Qarabağa "müdafiə naziri" göndərilməsi, "xələfi" Hakopyanın isə Ermənistanda Baş Qərargah rəisinə müavin gətirilməsinə heç nə baş vermirmiş kimi yanaşılırsa, çətin ki, səslərini çıxarsınlar. Fəqət, onlar doğrudan da əsl vasitəçi olsaydılar, bu faktı diqqətdən qaçırmaz və Ermənistan rəhbərliyindən soruşardılar ki, bu nə dəyiş-düyüşdür edirsiniz? Dağlıq Qarabağ bəyəm sizin tərkibinizdədir? Axı başqa vaxt deyirsiniz ki, ora "müstəqil dövlətdir"?! Bütün bunları ona görə xatırladıram ki, məhkəmənin qərarı kimlərisə hərəkətə gətirmək yox, biz hərəkət edəndə kimlərinsə susub yerində sakit durması  baxımından önəmlidir. Hərəkət deyəndə mən Azərbaycan torpaqlarının işğaldan qurtarması üçün atılacaq addımları nəzərdə tuturam. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da təsdiqləyir ki, Laçın Azərbaycan torpağıdır və öz torpağımızda biz qanunlar çərçivəsində istədiyimiz hərəkəti etməkdə sərbəstik. O sıradan da Suriya və oradan-buradan gətirilib Laçında yerləşdirlən erməniləri süpürüb atmaqda da. Bu, bəlli çevrələrin etiraz, boykot, hədələrinə rəğmən bir gün olacaq. İlk Avropa Oyunlarını keçirən ölkə bunu da edəcək. Amma o oyun bu oyundan olmayacaq".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Avropa İnsan Hüquqları Məhkəməsinin laçınlı məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarı ədalətli hesab edir. O qeyd edib ki, sözügedən qurum birinci dəfədir Azərbaycan vətəndaşının iddiasıyla Laçın rayonunun Ermənistan tərəfindən işğal edildiyinə dair qərar çıxarır, bu faktı təsdiqləyir: "Avropa İnsan Hüquqları Məhkəməsi bununla həm beynəlxalq konvensiyalardan, həm də insan hüquq və azadlıqlarından irəli gələrək bir insanın mülkiyyət, öz torpağında yaşama və digər haqlarının pozulduğunu təsdiqləyir. İndiyə qədər Ermənistan inkar edirdi ki, onların Dağlıq Qarabağa aidiyyatı yoxdur.
 
İşğalçı ölkə bununla dünya ictimaiyyətini çaşdırmağa çalışırdı. Avropa İnsan Hüquqları Məhkəməsinin on il ərzində apardığı işin nəticəsi olaraq belə bir qərar qəbul etməsi isə bizdə ümid yaradır ki, erməni təcavüzündən əziyyət çəkən digər Azərbaycan vətəndaşları da bu hüquqdan istifadə edərək müraciət əsasında Avropa məhkəmə instansiyalarından ədalətli qərar çıxarılmasına nail ola bilərlər. Ümumilikdə isə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində  bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Biz 24 il bundan əvvəl BMT tərəfindən qəbul olunan qətnamələrin həllini gözləyirik. Artıq ümidlərin tükəndiyi  an Avropa İnsan Hüquqları Məhkəməsinin belə bir qərar qəbul etməsi bizə zülmətdə bir işıq kimi görünür. Bu qərar həm konfliktin siyasi yolla həll olunması, həm də dünya ictimaiyyətinə həqiqətlərin bir daha çatdırılması baxımından əhəmiyyətlidir. Çünki bir çox hallarda biz dünya birliyi tərəfindən işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycanın eyni tərəzi qoyulduğunun şahidi olmuşuq. Bu fonda Avropa İnsan Hüquqları Məhkəməsi belə bir qərar qəbul etməklə Azərbaycan vətəndaşlarının haqqını, mənsub olduqları Laçın rayonunun Ermənistan tərəfindən işğal olunduğunu tanıyıb. Bu müsbət haldır.

Çıraqovların öz hüquqlarından istifadə edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmələri və sonda ədalətli qərar almaları digər məcburi köçkünlərimiz üçün nümunə sayılmalıdır".

Ahıska türklərinin 65 il mübarizə apardıqdan sonra öz doğma torpaqlarına qayıtmaq hüququnu qazandıqlarını xatırladan R.Zeyni əlavə edib ki, beynəlxalq məhkəmə instansiyalarının müvafiq qərarlarından sonra Gürcüstan hökuməti öz torpaqlarına qayıtmaq istəyən Ahıska türklərinin problemlərini  həll etməyi öz üzərinə götürüb. Bu mənada erməni işğalından əziyyət çəkən vətəndaşlarımız heç vaxt öz ümidlərini itirməməlidir. Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirir. Ölkə rəhbəri dəfələrlə qeyd edib ki, vaxt gələcək azərbaycanlılar nəinki Dağlıq Qarabağa, hətta tarixi torpaqlarımıza - İrəvan, Göyçə, Zəngəzura qayıdacaq. Bu o deməkdir ki, dövlət başçısı Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri ilə bərabər tarixi Qərb torpaqlarımızın da geri qaytarılması istiqamətində dövlətimizin əzm və iradəsini itirmədiyini bəyan edir.

İlham Əliyev çətin bir şəraitdə - 4 tərəfimizdən bizi istəməyən qüvvələrlə əhatə olunmağımıza baxmayaraq böyük siyasi iradə nümayiş etdirir, cəsarətli çıxışlar verir və bu da hər bir Azərbaycan vətəndaşına qürur verir, onda stimul yaradır".

Ceyhun  ABASOV

 





18.06.2015    çap et  çap et