525.Az

"Ömrün və elmin romantikası"nın müəllifinə məktub


 

"Ömrün və elmin romantikası"nın müəllifinə məktub<b style="color:red"></b>

Əzizim İmamverdi müəllim!
Zəngin və mənalı ömür yolunuza işıq tutan "Ömrün və elmin romantikası" kitabınızı aldım. Oğlunuz Azər Turanın redaktorluğu və tərtibi ilə nəfis şəkildə nəşr olunan bu möhtəşəm əsərinizə filologiya üzrə fəlsəfə doktoru, çağdaş ədəbi tənqidimizin tanınmış nümayəndəsi Elnarə Akimova yığcam, lakin mənalı, yaddaqalan ön söz yazmışdır.

İmamverdi müəllim!
İnanın ki, çoxdan belə istək və məhəbbətlə kitab oxumamışdım. Bu möhtəşəm və çox da böyük həcmli əsərinizi oxuyub başa çıxana qədər rahatlıq tapmadım. Axı kitabınızda adi adamlardan deyil, xalqa başucalığı və şöhrət gətirən, bizi dünyada tanıdan, qürur və iftixar mənbəyimiz olan, çoxunun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan böyük şəxsiyyətlərdən söz açıbsınız. Mən sizi dünyanın xoşbəxt adamlarından sayıram. Gör kimlərlə təmasda olmusunuz, gör kimlər halal süfrənizdən təam nuş edib...

Yusif Məmmədəliyev, Səməd Vurğun, Mustafa bəy Topçubaşov, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mir Cəlal, Məmməd Rahim, Ziya Bünyadov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Əlövsət Quliyev, Xudu Məmmədov, Fərəməz Maqsudov, Həsən Əliyev, Bəkir Nəbiyev, Anar, Elçin, Qabil, M.C.Cəfərov, Mirzağa Quluzadə, Kamran Hüseynov, Vəli Axundov, İslam Səfərli, Vladimir Qafarov, Məsud Əlioğlu, Əliağa Kürçaylı, Qılman İlkin, Aydın Qaradağlı, Vaqif Səmədoğu, Zəlimxan Yaqub və bir çox başqaları Neftçalada və ziyarətgaha dönmüş evinizdə olub, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Rəsul Rza, Əli Kərim, Əlövsət Quliyev, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və başqaları evinizdə gecələyiblər.

İndi çoxlarına təəccüblü gələ bilər ki, nə səbəbə onlar rayon mərkəzində mehmanxanada qalmırdılar. Məsələ burasındadır ki, Sovet dönəmində, XX əsrin 50-70-ci illərində, soyuq müharibənin qızğın çağında Moskva milyardlarla vəsaiti havaya sovurur, xalqın rifahı, rahatlığı qayğısına qalmırdı, bölgələrdə mehmanxana və s. tikməyə pul ayırmırdı. Neftimizin bir faizini belə bizə vermirdilər. Yaşlı nəsil bunu yaxşı xatırlayır. Nə isə...

İmamverdi müəllim!
Kitabınızda söz açdığınız qələm sahibləri mənə necə də əziz və doğmadırlar. Onların əsərləri ilə boy atıb, boya-başa çatmışam. Kasıb ailədən idim. Gəncə rayonumuzun altmış kilometrliyindədir. Gəncə Pedaqoji İnstitutunda oxumağa hazırlaşırdım. Məni Bakıya Mehdi Hüseynin "Abşeron" romanı gətirdi.

Ədəbiyyatımızın Dədə Qorqudu adlandırdığınız Süleyman Rəhimovun 60 illik yubileyində institutumuzda mən məruzə eləmişəm. Onda 4-cü kurs tələbəsi idim. Cəmisi səkkiz il sonra, 1968-ci ildə gənclərə xüsusi qayğı göstərən görkəmli şair Rəsul Rza ilə "Kərkük bayatıları" kitabım çıxıb. Bəxtiyar Vahabzadə ilə səmimi münasibətlərimiz var idi. Mən onun haqqında, o, isə mənim haqqımda məqalə yazıb. Akademik Bəkir Nəbiyevə "Ədəbiyyatşünaslıq elmimizin patriarxı" adlı kitab həsr etmişəm. Eləcə də Xalq yazıçısı "Elçin haqqında düşüncələrim" kitabım çap olunub. Qabilin "Nəsimi" poeması haqqında 1973-cü ildə Bağdadda çıxan "Qardaşlıq" dərgisində məqaləm dərc olunub. Əlfi Qasımov, Vladimir Qafarov, Zəlimxan Yaqub haqqında məqalələrim çıxıb. Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli başda olmaqla dünyasını dəyişmiş qələm sahibləri və alimlərimizə "Borcumuzdur bu ehtiram" kitabımı ithaf etmişəm.

İmamverdi müəllim!
Böyük insanlar haqqında yazmaq məsuliyyət tələb edən işdir. Siz bu işin öhdəsindən üzağlığı ilə gəlibsiniz.
Kitabda hər şeyi olduğu kimi, açıqca yazmağınız onu daha oxunaqlı edir.

Yazılarınıza verdiyiniz başlıqların necə də cəlbedici olduğunu xüsusi vurğulamaq istəyirəm.
Kitabda ilk yazınız Azərbaycanın ilk Xalq şairi Səməd Vurğuna həsr olunub.

"Şairin son sözü" adlı çox maraqlı yazınızda sevimli şairimizlə bağlı elə məqamlara toxunmusunuz ki, şairin istedadını, ürəkləri fəth edən poeziyasını həzm edə bilməyənlərə ən tutarlı cavabdır.

Maraqlıdır ki, Səməd Vurğuna olan xalq məhəbbətini ayrı-ayrı şəxsiyyətlərə həsr etdiyiniz yazıların əksəriyyətində görmək olur. Bu gözəl əsərinizdən çıxış edərək "Şairə sonsuz məhəbbətlə" adlı bir kitab yazmaq olar.

Akademik Mustafa bəy Topçubaşov və professor Əlövsət Quliyevin iştirakı ilə Neftçalada keçirilən sessiyada siz məruzənizdə deyəndə ki, Səməd Vurğun da, Siz də hər ikiniz Akademiyanın vitse-prezidentisiniz, hər ikiniz eyni ildə Akademiyaya seçilmişsiniz, hər ikiniz SSRİ Ali Sovetinin deputatısınız, Topçubaşov təvazökarlıqla demişdir: "İntəhası, Səməd Vurğun böyük şairdir, mən adi cərrah. Sağ olsun böyük şairimiz, adımı dillər əzbəri edib".

Səməd Vurğunun dünyaşöhrətli cərraha həsr etdiyi şeirini oxuyanda salonun təlatümə gəldiyindən və böyük alimin məmnun qaldığından söz açırsınız. Kitabda xüsusi vurğulayırsınız ki, M.C.Bağırov Səməd Vurğunu kəskin tənqid etdiyi yığıncaqda şair ilhamla çıxış edəndə gözlənilmədən hamı, qeyri-iradi olaraq hətta Bağırov da əl çaldı. Bu, şairə olan sonsuz məhəbbətdən irəli gəlirdi.

Yazınızdan məlum olur ki, elə bir yığıncaq olmazmış ki, M.C.Bağırov S.Vurğunu dəlilsiz-sübutsuz ağır ittihamlarla günahlandırmasın. Gəldiyiniz qənaət böyük həqiqətdən xəbər verir: "...Bütün qəddarlığına baxmayaraq şair M.C.Bağırovun nəzərində həmişə böyük sənətkar idi və bəlkə də Səməd Vurğuna qəzəbi ona olan xalq məhəbbətinin sonsuzluğuna həsəd hissindən irəli gəlirdi. Həsəd isə paxıllıq yolunun başlanğıcıdır".

Qəribədir ki, indinin özündə belə, şairə həsəd aparanlar az deyildir. O da qəribədir ki, onlar ədəbiyyata dəxli olmayan adamlardır. Onlar duymurlar, duya da bilməzlər ki, şairin poeziyasındakı əlçatmaz, dahiyanə sadəlik ona əbədilik qazandırıb. Onlar başa düşmürlər ki, ədəbiyyat aləmində Səməd Vurğunun nüfuzu o qədər böyükdür ki, onun yaradıcılığından yan keçmək mümkünsüzdür. Elə götürək "Ədəbiyyat qəzetinin sonuncu - 13 iyun tarixli sayını (Mənim sizə ünvanladığım həmin saydakı yazımı bəzi ixtisar və əlavələrlə "525-ci qəzet" və "Ədalət" qəzetlərinin oxucularına təqdim etməyi münasib bildim).

Burada professor Gülşən Əliyeva-Kəngərli Hüseyn Cavidə həsr etdiyi "Tarixin hüzurunda: şair və hökmdar" məqaləsinə Səməd Vurğunun "Şair, hökmdarın hüzurundasan" misrasını epiqraf seçmişdir. Ədəbiyyatşünas Məti Osmanoğlu Mikayıl Müşfiqə həsr etdiyi məqaləsində Səməd Vurğun, Hüseyn Cavid, Rəsul Rza kimi xalq qarşısında böyük xidmətləri olan şairlərimizdən söz açmış, müqayisələr aparmışdır.

Məlumdur ki, Səməd Vurğun Əkrəm Cəfəri "Addımlayan akademiya" adlandırmışdı. Tanınmış ədəbiyyatşünas alim Vaqif Yusiflinin klassik ədəbiyyatımızın mötəbər tədqiqatçısı Əkrəm Cəfərin 110 illiyinə həsr etdiyi məqaləsini "Addımlayan akademiya" adlandırması və məqaləni "Əkrəm Cəfərin nəsillərə sözü" ilə bitirməsi çox mətləblərdən söz açır. Əkrəm Cəfərin nəsillərə vəsiyyəti bir örnəkdir: "İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Öz tarixini yarada bilməyən millət yetimdir.

Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilir".

İmamverdi müəllim!
Sizin əvəzsiz xidmətiniz ondan ibarətdir ki, bu əsərinizlə görkəmli və dahi şəxsiyyətləri gələcək nəsillərə tanıtmaq yolunda, başqalarının dəyirmanına su tökənlərə, "sapı özümüzdən olan baltalar"a tutarlı cavab verə biləcək əsər yazıbsınız.

Elə buradaca bir gileyimi də nəzərinizə çatdırım. Nə gizlədim, böyük intizarla gözləyirdim ki, növbə çatsın, Əliağa Kürçaylıya həsr etdiyiniz "Bütövlük" yazınızı oxuyum. Çünki "Yada düşdü" dərgisində Əliağa Kürçaylının Səməd Vurğunla bağlı çox maraqlı yazısını oxumuşdum. Şair onu Səməd Vurğunun Bakıya gətirməyindən, məktəbdə və Universitetdə öz hesabına oxutmağından söz açıb. Yəqin buna görədir ki, bu yazınızdan gözlədiyimi ala bilmədim. Görünür, Əliağa Kürçaylının xatirəsi əlinizə çatmayıb.
Bununla belə, "Ömrün və elmin romantikası"nda gedən hər bir yazınız bitkin əsərdir, nümunə məktəbidir.

Süleyman Rüstəmin zarafatcıl olduğunu, onunla bağlı bəzi lətifələri eşitmişdim. "Süleyman Rüstəm məzahı" yazınızı dönə-dönə oxudum. Həzz aldım. Məmməd Səid Ordubadi, Əbülhəsən, Osman Sarıvəlli və başqaları ilə bağlı lətifələri sizin kitabda oxudum. Eşitməmişdim. S.Rüstəm çox ciddi olan Mehdi Hüseynlə zarafat etməkdən belə çəkinməzmiş. Hətta həmişə ciddi olan Mehdi Hüseyn də məqamında zarafatdan qalmazmış. "Mənəvi dünyamızın təəssübkeşi" yazınızda oxuyuruq: "Görüşün başlanmasına xeyli vaxt vardı. Mehdi müəllimin xahişi ilə bərbərxanaya getdik. Yaxşı tanıdığım dəllək Ruhulla Mehdi Hüseynin, Loğman isə Əli Vəliyevin boynuna ağ mələfə salıb işə başladılar. Yarım saat keçməmiş Mehdi müəllim stuldan qalxdı. Əli Vəliyev isə ustaya əlavə göstərişlər verirdi. "Boynumun ardına bir də bax". Mehdi Hüseyn gülə-gülə əlini cibinə saldı və qələm dostuna zarafatla: "Alı, haqq-hesabını vermişəm, ustanı yorma" - dedi.

Ədəbiyyat ongünlüyünə Qazaxa gedən rus yazarları yolun kənarında çiyni yapıncılı çoban heykəli görüb soruşurlar: "Kimin heykəlidir bu?"

Süleyman Rüstəm fürsəti əldən vermir, inandırıcı əda ilə deyir:

- Həmvətənləri Osman Sarıvəllinin şərəfinə qoyublar.

Qazaxda rus yazarları Osman Sarıvəllini təbrik edirlər. Lakin şair heç nə başa düşmür. Sədası sonra çıxır.

Eləcə də bir yığıncaqda Rəsul Rzanın yazıb başqalarına ötürdüyü bir bəndlik zərif yumorlu sətirləri maraq doğurur və kitabımızı bəzəyir:

İnsaf paylanan zaman,
Yaxında olub Osman.
Nitq ilə məşğul olub,
Gecikmişdi Süleyman.

Mehdi Hüseyn Süleyman Rüstəmlə bağ qonşusu imiş. Bir dəfə M.Hüseyn S. Rüstəmi səsləyir:

- Sübh tezdən sənin bağından bizim bağa iki gürzə ilan keçdi, dedim yəqin Süleymanın işidir, məni çalmağa göndərib.

- Yox, ay Mehdi, elə deyil. Doğrudur mən göndərmişəm, amma çalmağa yox. Gəldilər ki, zəhərimiz qurtarıb, dolana bilmirik, bəlkə bizə kömək edəsən. Məndə zəhər hardandır. Dedim, kimdə olmazsa,
Mehdinin dilinin altında bir az qalmış olar.
Mehdi Hüseyn bu cavabdan uğunub gedir....

Göründüyü kimi qələm sahibləri zehni yorğunluğu zarafatla çıxarmağa çalışırlar. Onlar müəyyən məqamlarla bağlı yaranır, lətifəyə çevrilir. Sizin dediyiniz kimi bu zarafatlar əylənmək xatirinə edilər, qarşı tərəfi gözdən salmaq məqsədi güdməzmiş.

Əzizim İmamverdi müəllim!
Kitabınızda ən çox ədəbi məsələlərə, elmi söhbətlərə münasibətiniz, hər kəsə layiq olduğu qiyməti verməyiniz, söz açdığınız görkəmli şəxsiyyətlərin və özünüzün müdrik kəlamlarınız əsərin dəyərini birə-beş artırır. Bu müdrik kəlamlar müəyyən münasibətlə deyilmişdir. Güman edirəm ki, onlardan bəzi nümunələr versəm, məktubuma ağırlıq gətirməz.

"Az-az xatırlanan Məmməd Rahim" yazınızdan: "Böyüklüyə qənim kəsilən təkəbbür olmasaydı, yəqin dünyamız daha cazibədar görünərdi və böyüklər də böyüklüyündən enməzdilər".

İsmayıl Şıxlıya həsr etdiyiniz yazınızdan: "Təmiz səma şimşəkdən qorxmaz" - deyirlər. İsmayıl Şıxlının şəxsiyyəti də, yazıçı aləmi də təmiz, sonsuz səmaya bənzəyirdi. Ona görə də qəfıl qopan tufanlar, çaxan şimşəklər bu səmavi aləmi titrətmədi, sarsıtmadı".

"Mənəvi dünyamızın təəssübkeşi" yazınızdan: "Mehdi Hüseyn o vaxt özündən razı qalırdı ki, kimsəyə gərək olsun, kimisə yanlış yoldan qaytarsın, kimsəyə kömək əli uzatsın. Şöhrətin zirvələrinə ucaldıqca, onun təbiətindəki sadəlik daha bariz şəkildə nəzərə çarpır, adamlara daha çox qaynayıb-qarışırdı".
"Bütövlük" yazınızdan: "Heç kimin qarşısında, heç vaxt əyilməyən məğrur Əliağa Kürçaylı, indi - ölümlə əlbəyaxa olduğu məqamda yaşamaq üçün sanki insanlardan imdad diləyirdi". 

İmamverdi müəllim, müşahidəniz necə də mükəmməldir. Mən bu halı dünyanın fani olduğunu dərindən bilən, ədəbiyyatımıza deyəcəyi sözü hələ tükənməyən, lakin son günlərini yaşadığını dərk edən ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayevdə də görmüş, gözlərindən oxumuşdum.

Məmməd Cəfərdən bəhs edən "Ömrün və elmin romantikası" yazınızdan: "Təfəkkür və düşüncə tərzi, büllur xisləti, pak əxlaqı, elm naminə fədakarlığı, həyat eşqi ilə XX əsrə zinət olan bu nadir şəxsiyyətin, azman mütəfəkkirin şəxsi həyatı da, zəngin irsi də insanın yaşayıb-yaratmaq eşqini qanadlandıran romantik dünyadır.."

... Akademik Yusif Məmmədəliyevə həsr etdiyiniz "Zəkası da qəlbi qədər geniş insan" yazınızdan: "Ağıl ilə həya ekiz qardaş kimidir, birini güdaza versən, o, birini saxlaya bilməzsən".
Məsud Əlioğluna həsr etdiyiniz "Söndükdə zəka əhli - vətən ağlayacaqdır" yazınızdan: "Ürək yandığı, insan inandığı, eşq alovlandığı anda gözəldir".

"Yaddaşın dolaşıq yollarında" yazınızdan: "Yüksəlmək hünər deyil, hünər yüksəklikdə mətanətlə dayanmaqdır. Vəli Axundov mənəvi yüksəkliyi birdəfəlik fəth elədi. Sonralar isə... Səhhətin və "dostların" dönüklüyünə baxmayaraq heç zaman bu zirvədən enmədi".

İmamverdi müəllim, kitabınız ürəkaçan məlumatlarla o qədər zəngindir ki, bəzi yazılarınızı dönə- dönə oxumaq istəyi adamı rahat buraxmır. Onlardan biri də Aşıq Pənahdan bəhs edən "Mizrab teldən ayrılsa da" yazınızdır: "Bir həftə sonra Aşıq Pənah, Qulu Əsgərov və ilk dəfə gördüyüm çəlimsiz bir qız bizə gəldilər. Aşıq Pənah Səməd Vurğunun yenicə qəzetdə çıxmış şeirini zümzümə edirdi: "İnsan ömrü cavan qalar etibarı görəndə..." Çəlimsiz qız sonralar uzun müddət dostluq etdiyim Mirzə Xəlilin qızı - gələcəyin böyük müğənnisi Rübabə Muradova idi".

"Süleyman Rüstəm məzahı"məqalənizdən: "Nəvəsi yaşda olan övladlarımla şairin doğma rəftarını görəndə heyrətlə düşündüm: "Sadəlik də səhhət kimi ilahi töhfədir. Sadəlik elə mənəvi zinətdir ki, insanı yaddaşlardan-yaddaşlara xəyalı müsafır edir".

İmamverdi müəllim, Sizə ünvanlanmış "Məktublar" bölümü uzun bir zaman kəsiyində baş verən ədəbi prosesə işıq tutur. Çox böyük şəxsiyyətlərin ədəbiyyatımız, ədəbiyyatşünaslıq elmimiz, tənqid və ədəbi prosesə dair fıkirlərini ehtiva edən bölümdə mənim "Gecikmiş məktub" adlı yazımın yer alması mənim üçün xoş oldu.

Bu bölmədə Rəsul Rza və Nigar Rəfibəylinin məktubları böyük mətləblərdən söz açır və ədəbi proses üçün əhəmiyyət kəsb edir.

Çox dəyərli əsərinizin "Tənqid və ədəbiyyatşünaslıq" bölümündə görkəmli qələm sahiblərinə, ictimai və elm xadimlərinə həsr etdiyiniz elmi və elmi-publisistik məqalələriniz diqqətimi dayanmadan məşğul etdi.
Ümumiyyətlə, kitabınızdan hasil etdiyim qənaətlər çoxdur. Qəlbə yatanlardan biri də odur ki, cəmi 50-60 il bundan əvvəl insanlar daha mehriban, daha vəfalı, daha təvazökar, daha səmimi, daha xeyirxah, daha insaflı olublar. Ən başlıcası isə cəmiyyətdə təbəqələşmə olmayıb. Bir sözlə, bu möhtəşəm əsərinizi oxuyub nəticə çıxarmalı məsələlər çoxdur.

Onu da deyim ki, bu ölməz kitabınızı oxuduqca gözlərim önündə Siz, xəyalımda Xalq şairi Nəriman Həsənzadənin misraları canlanırdı:

İllər pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri -
Tərs kimi ikisi bir vaxta düşür.

Əzizim İmamverdi müəllim,
Əminəm ki, "Ömrün və elmin romantikası" memuar ədəbiyyatımızın nadir və möhtəşəm abidəsi kimi tarixə düşəcək, gələcək nəsillərə ən yaxşı ərmağan olacaq. Bu münasibətlə Sizi ürəkdən təbrik edir, gümrah günlər arzulayıram.

 





19.06.2015    çap et  çap et