525.Az

Azərbaycanın ilk ordu marşı


 

Azərbaycanın ilk ordu marşı

İLK ORDU MARŞIMIZ 16 YAŞLI BİR YENİYETMƏNİN GƏNCƏYƏ GƏLMİŞ NURU PAŞAYA HƏSR ETDİYİ ŞEİRƏ BƏSTƏKAR-TARZƏN MƏŞƏDİ CƏMİL ƏMİROVUN MUSİQİ YAZMASI İLƏ YARANDI

Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şəhərin mərkəzi hissəsində, Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfü deyildi. Bir qədər əvvəl Gəncə Milli Komitəsinin üzvləri Nağı Şeyxzamanlı və Hüsaməddin Tuğac (bu türk zabitinin şərəfli ömür yolu haqda “525-ci qəzet”in 25 avqust buraxılışında yazı vermişik) türk hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə Türkiyədə olarkən Ənvər və Nuru paşalarla Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər. Həmçinin İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin aparıcı simalarından olan paşalar hələ 1905-ci ildən bəri öz Gəncədəki həmfikirləri, sonralar Milli Komitə və “Ədəmi-mərkəziyyət firqəsi”ni formalaşdırmış “Difai” milli təşkilatının üzvləri haqda çox eşitmişdilər. (Belə ki, vaxtilə sultan rejiminin təqiblərindən qaçan “İttihad  və Tərəqqi”nin, xüsusən də onun gənclər qanadı olan “Türk Ədəmi-mərkəziyyət Liqası”nın üzvləri Gəncədə, üz məsləkdaşlarının yanında sığınacaq tapmışdılar).

Yeniyetmə şair

Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər də yazan Səlman, dayılarının evində Nuru Paşanın qarşısında özünün ona həsr etdiyi şeirini oxuyur. Qeyd edək ki, elə şeirdəki misralardan da gəncəlilərin Türk ordusunun şanlı döyüş yolu və rəşadətindən kifayət qədər hali olduğu sezilir:
Gəncədə çalındı azadlıq suru,
Qovdu ürəklərdən zülməti, qoru,
Dağıt düşmən quran məkrli toru,
İrəli, irəli ər Paşam Nuru!
 
Çanaqqala - nurlu şəhidlik yolu,
Türk aslanlarının bükülməz qolu,
Allahım, sən özün onları qoru,
İrəli, irəli ər Paşam Nuru!
 
İstanbuldan gəldin Gəncəyə doğru,
Haydı, gavurlara anlat bu zoru,
Gəncədən Bakıya zəfərdir yolu,
İrəli, irəli ər Paşam Nuru!
 
Ər Paşam Nuru, Ər Paşam Nuru,
Turanın Aslanı, Nər Paşam Nuru!
Yeniyetmə ikən rəşadətli Nuru Paşanı görmüş Səlman Əhmədli 70 illik bir ömür yaşayacaqdı, ədəbiyyat aləmində az-çox tanınacaqdı, Əhməd Cavad, Hüseyn Cavid kimi şəxsiyyətlərlə dostluq edəcəkdi, Gəncə Pedaqoji Texnikumunda müəllim işləyəcəkdi. Yazıçılar İtiifaqının Gəncə şöbəsinin sədr müavini Səlman Əhmədli güllələnmiş Mikayıl Müşfiqə şeir həsr etdiyi və onu “Ədəbiyyat qəzeti”nə göndərdiyi üçün repressiya olunaraq ailəsi ilə birgə sürgünə də göndəriləcək, oradan döndükdən sonra Sovet yarımhəqiqət mühitinə ürək qızdırmadan, sakitcə, cavanlıqda daddığı azadlığın xatirələri ilə yaşayacaq və iç dünyasının, özünün sufi, “məcnun” ömrünün mənasına çevrilən, fəlsəfi motivlərlə dolu, “Leyli-Məcnun” mənzum romanını arxayın-arxayın, düz 33 il ərzində yazaraq ömrünün sonlarında başa çatdıracaqdı.
Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu “Difai” milli təşkilatının üzvü idi və sonra, 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak oldu.( Elə Səlman da o vaxt üsyançılara yemək apararkən düşmən mərmisinə tuş gələrək ağır yaralanmış və  həmin mərminin qəlpələrinin bir qismini bütün ömrü boyu bədənində gəzdirmişdi).  Anası Münəvvər Saleh bəy qızı, Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.
Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, hələ 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların silahdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, həmin Hüsaməddin Tuğacın (Sibir sürgünündən qaçıb Gəncəyə gələn bu türk ordusu zabitinin yaralarını Səlman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Səlmanın formalaşmasında dərin izlər buraxmışdı.

Məşədi Cəmilin bəstəsi

Kifayət qədər tanınmış musiqiçi və tarzən, hətta “Seyfəlmülk” adlı opera belə yazmış, Türkiyədə təcrübə keçmiş və öz təcrübəsini öyrətmiş, oradan  ud və kanonu Azərbaycana gətirmiş, Gəncədə ilk musiqi məktəbi açmış, sonralar dünya musiqisinə dahi bəstəkar Fikrət Əmirov kimi oğul bəxş edəcək Məşədi Cəmil Əmirov o vaxt şəhərdə bir uşaq xoru da yaratmışdı. Səlmanın şeiri Məşədi Cəmilin diqqətini çəkir və ətrafdaki qəhrəmanlıq ab-havası onu şeiri marş halına salmağa sövq edir. Məşədi Cəmil şeirə türk musiqisi motivli bir hava yazır və onu həmin uşaq xoru ilə təntənəli şəraitdə, Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-Türk əsgərləri qarşısında ifa edir. Bu marş həmçinin 1919-cu ilin mayın 28-də Gəncədə Cümhuriyyətin bir illiyi münasibətilə təşkil olunmuş şənliklərdə də səslənir.
Bəstəyə qulaq asarkən, onun “Katibim” adlı türk xalq musiqisi ilə oxşar cəhətlərinin olduğunu duymaq olar. Bu, əlbəttə Məşədi Cəmilin türk milli musiqisindən qaynaqlandığının nəticəsidir. Buradaca qeyd edək ki, həmin motivin fraqmentlərini  musiqi adları cəhətdən olduqca zəngin əsər sayılan “Azərbaycan” himnində də (“Səndən ötrü can verməyə cümlə hazırız...”), eləcə də bir sıra bəstəkarlarımızın əsərlərində də sezmək mümkündür.

Bülbül və başqaları

Azərbaycanın birinci ordu marşı sayıla biləcək bu əsərin ilk ifaçıları arasında böyük müğənnimiz, o zaman Gəncədə yaşayan gənc Bülbülün də olduğu ehtimal edilir. Səlman Əhmədlinin oğlu Bəşir müəllimin xatirələrindən də bu qənaətə gəlmək olur:
“Mənim qardaşım, Xalq artisti, mərhum Mobil Əhmədov 1950-ci iilərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında, milli vokal məktəbimizin banisi, böyük müğənni və pedaqoq, professor Bülbülün tələbəsi idi. Yay tətili zamanı Mobil həmişə olduğu kimi Gəncədə idi. Bir gün atam öz yazı dəftərindən əski əlifba ilə yazlmış bir şeri asta səslə, avazla oxuyaraq Mobilə öyrətdi və ona dedi ki, bu nəğməni müəllimin Bülbülə oxuyarsan, ancaq elə edərsən ki, nəğməni oxuyarkən yanınızda heç kim olmasın. Bakıya gedəndən sonra Mobil atamın dediklərini edir. Bülbül nəğməni dinləyir, Mobildən təkrarən oxumasını istəyir və gözlənilmədən özü də onunla birlikdə oxuyur, sonra Mobilə deyir ki, sənin bu nəğmən məni 40 il əvvələ apardı, gəncliyimi xatırladım. Və öz təbirincə, “Müğbil, mən onsuz da bilirdim ki, sən mənim gəncliyimlə və taleyimlə bağlı olan  Gəncəmdənsən, kimin nəvəsi və kimin oğlu olduğunu isə indi bildim. Bu, Azərbaycanın ilk təntənəli marş nəğmələrindəndir. Musiqisini not yazısına köçürüb Fikrətə vermək lazımdır. Atasından yadigardır”-deyib.  Mobil öz  tələbə dostu Firuddin Mehdiyevlə musiqini nota köçürüblər və Bülbülün telefon zəngindən sonra onu aparıb Fikrət Əmirova veriblər. Bir qədər dəqiq fikir versək, Fikrət Əmirovun “Azərbaycan kapriçiosu”nda, eləcə də onun tərtibatı ilə Əhsən Dadaşovun ifa etdiyi “Bayatı-Şiraz” rəngində həmin nəğmənin intonasiyalarının yer aldığını görərik”.
On illərlə yalnız ürəklərdə gəzən bu marşı nəhayət, bir daha səsləndi. Əski əlifba ilə yazılmış saralmış dəftərləri, eləcə də insan yaddaşını söz-söz incələyərək, o şərəfli günlərdən yadigar qalmış bu marşı bərpa etmək mümkün oldu. İlk səsləndiyindən düz 90 il keçdikdən sonra, 2008-ci ildə bu təntənəli nəğməni elə həmin Səlman Əhmədlinin oğlu, bir neçə ay bundan əvvəl Allahın rəhmərinə qovuşan Bəşir Əhmədli və gəncəli qocaman tarzən Hüseyn Verdiyev birgə ifa etdilər. Həmin səhnəni bu sətirlərin müəllifi olan bəndəniz özünün “Cümhuriyyətə doğru üç addım” adlı sənədli filminə daxil etdi və bu film həmin  ilin mayın 28-də televiziya ilə nümayiş olundu. Amma təəssüf, nə həmin vaxt, nə bu marş haqda ayrıca tele-oçerk hazırlayıb efirə verdikdən sonra, nə də aradan keçən bu dörd il ərzində tariximizlə bağlı bu əsərə onun layiq olduğı diqqəti nə tamaşaçılardan nə də musiqi mütəxəssislərindən görüb-eşitdik. Görünür teleekranlarımızda hegemonluq edən və tamaşaçı beynini yalnız düşük və səthi anlayışlara kökləyən şou-əyləncə-hoqqa verilişləri də öz işini görüb.

Zakir MURADOV

P.S. Sözügedən marşı dinləmək istəyənlər internetlə   youtube.com -a daxil olub,   Azerbaycanin ilk ordu marshi.VOB   yazmaqla bu haqda  videooçerki  tapa bilərlər.

 





15.09.2012    çap et  çap et