525.Az

Yaşam fəlsəfəsi


 

Yaşam fəlsəfəsi  <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Hacı Zeynalabdin Tağıyevin müraciəti

“Nağı Şeyxzamanlının xatirələri” kitabında (Bakı, Qartal,1997, səh. 269) yazılır: “Avropada təhsil alan bir qrup tələbə yay tətilində Bakıya qayıdanda, öz himayədarları olan H.Z.Tağıyevi ziyarət edir. Gənclərin biri Hacıya müraciət edərək soruşur: “Hacı əfəndi, siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi, bilmirəm, nə dərəcədə düzgündür?”- sualını verir.

Tələbənin bu sualı elə bil Hacını yuxudan oyadır. O: “övladlarım, çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam”- deyir.

Ertəsi gün Qafqazda nəşr olan qəzetlərdə Hacının aşağıdakı məzmunda müraciəti çap olunur: “Qafqaz türklərinin 7-8 yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəblərinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil aldıqdan sonra öz qızlarım kimi onları evləndirib gələcək həyatlarını təmin edəcəyəm”.           

İmza: Hacı Zeynalabdin”

Beləliklə, ilk “Qızlar seminariyası” keçən əsrin əvvəllərində Bakıda fəaliyyətə başlayır və ölkəmizdə qızların kütləvi təhsil alması prosesinə Hacı tərəfindən start verilir. Şükürlər olsun ki, bu ənənə indi də davam edir. Bu gün fəaliyyət göstərən Qızlar Seminariyası rəhmətlik H.Z. Tağıyevin açdığı seminariyanın mənəvi varisidir.

Bizim yuxarıdakı çağırışlara münasibətimiz qənaətbəxşdirmi? -sualına Əhməd Zevaylın “Gələcəyə addımlar” kitabında cavab belədir: “Misirdə görüşdüyüm insanların hamısı yeni təhsil sisteminin zəruriliyindən danışır, lakin onun nə üçün lazım olduğu və onu necə yaratmaq barədə vahid təsəvvür yoxdur”. Başqa sözlə, təhsil müsəlman dünyasında hələ dərk edilməmiş həqiqətdir.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, müsəlman dünyasında elm axıra kimi dərk edilməmiş həqiqətdir. Əgər zəifliyimizi etiraf etməsək və bu səhvləri, nöqsanları aradan qaldırmasaq, xəcalət tərimizi silə bilməyəcəyik. Əksinə, tərimizin üstə əlavə tər gələcək. Problemin həllinin yarısı onun qəbul edilməsidir. Hələ ki, düşüncəmiz səhvimizi etiraf etməyə imkan vermir. Dünya elm səhnəsində yerimizi, koordinatlarızı düzgün müəyyənləşdirməliyik ki, sonra dünya elm mərkəzinə tərəf irəliləyək.  

Abd-üs Səlamın və Əhməd Zevaylın fikirlərini cəmləşdirsək, belə nəticəyə gəlmək olar ki, müsəlman Şərqində elmin durumu arzuolunan səviyyədə deyil. Hər iki dahi əsas səbəb kimi universitetlərin elm və texniki fakultələrdə oxuyan tələbələrin sayının azlığında və təhsilin keyfiyyətində görürlər.

“Şair xalq”

Güman edirəm ki, bizi zorən “şair xalq” ediblər. Axı adətən, 100 şair ilə bir çayın üstündən bir korpü salmaq olmur. Ancaq 1 mühəndis və 10 fəhlə ilə olur. Cəmiyyətin emosional ehtiyaclarını təmin etmək üçün ona şair də, şeir də lazımdır, amma ölçü daxilində. Bizim mətbuatın yazdığına görə, o boyda ABŞ-da cəmi 15 şair var... Bizdə isə 100 dəfə ondan çoxdur. Vaxtında şairlərimizin sayı qədər tankçı və təyyarəçilərimiz olsaydı, Qarabağ problemi daha tez həll olunardı. Şairliyi sənətə çevirmək-qüsurlu düşüncədir, şairlik mədəniyyət (hobbi) olmalıdır.

ELMDƏ GERİLİYİN SƏBƏBLƏRİ

Hər qab, içinə bir şey yığdıqca daralır. Ancaq elm qabı istisnadır:o,elmlə dolduqca genişlənir.

Hz.Əli

Elm və təhsildə geriliyin digər səbəbləri də var. İslam coğrafiyasının bir parçası kimi biz də bu qüsurlardan xali deyilik. Dövrün səciyyəsini düzgün müəyyənləşdirə bilmirik. Keçən əsrlərdə dünya atom erasını, sənayeləşmə erasını yaşadı. Biz bu proseslərin böyründən keçdik. Dövrün fəlsəfəsini vaxtında müəyyən edə bilmirik. Dahi insanlar, həqiqi filosoflar yaşam fəlsəfəsini, dövrün səciyyəsi düzgün müəyyənləşdirirlər. Necə ki, zamanında Atatürk demişdi: “İstiqbalımız səmalardadır”. Əgər böyük öndərin ardıcılları onun düz başa düşsəydilər, indi Türkiyə “kosmos klubu”nun üzvü olardı. Çalışmaq lazımdır ki, elm-texnologiya erasından bəhrələnək, böyründən keçməyək. Bir daha qeyd edim ki, dövrümüz elmlə və təhsillə səciyyələnir. Yəni dövləti fəaliyyətin əsas prinsipi- paradiqması kimi elm, təhsil və texnologiya önə çıxır.

Müasir dövr üçün elmdə geriliyin başlıca səbəblərini Əhməd Zevayl təhsil, idarəetmə və hüquq sahələrində olan boşluqlarda görür. Bu siyasi diaqnoz bütün müsəlman dövlətləri üçün demək olar ki, xarakterikdir.                             

Təhsil 

Elmdən söhbət gedəndə təhsildən danışmamaq mümkün deyil. Bəzən bu anlayışları səhv salırlar. Elm və təhsilin bəzi fərqli cəhətləri “Təhsilimiz Dünən, Bu gün və Sabah” (Bakı,2003) kitabımda yazılmışdı. Təhsil ta qədimdən bu günə kimi əsasən məlum bilikləri gənc nəsilə öyrədir. Elm haqqın, gerçəkliyin, həqiqətin axtarılması istiqamətində alimin məqsədyönlü fəaliyyəti nəticəsində əldə edilən yeni biliklərdir. Elmə dəqiq və aydın xarakteristikaları və parametrləri olan proses kimi baxmaq lazımdır. Rus tarixçisi V.O. Klyuçevski də hesab edir ki, “elmi çox vaxt biliklə qarışıq salırlar. Bu, kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur”.

Səlim Fərruxun “Ayılın” məqaləsində göstərilir ki, bütün İslam dünyasında təqribən 500 universitet olduğu halda, ABŞ-da 5750, Hindistanda isə 6000-dən çox universitet var. Müsəlman ölkələrinin universitetləri dünyanın 200 top universitetləri (Türkiyənin Orta Doğu və Boğaziçi Universitetləri istisna olmaqla) sırasında yoxdur. Dünyada elmi işlərin böyük hissəsi universitetlərdə yerinə yetirilir. Müsəlman dünyasında həm universitetlərin sayı lazım olandan azdır, həm də keyfiyyət göstəriciləri zəifdir. Bu səbəbdən də elmin səviyyəsi aşağıdır.

Müsəlman-Şərq ölkəsi olaraq biz də bu qüsurlardan xali deyilik. Üstəlik, spesifik qüsurlarımız da var. Bütün inkişaf etmiş ölkələr tam ali savada keçdiyi indiki zamanda biz ali məktəbə gəncləri TEST vasitəsi ilə qəbul edirik. Mənim TESTin uğuru və qüsuru ilə bağlı fikirlərim mütəxəssislərə məlumdur. Bu haqda yazdıqlarımı bir yerə yığsan sanballı bir kitab alınar. Hesab edirəm ki, təhsildən qəbul yığışdırılmalıdır. Universitetlərin giriş qapıları gen, çıxış qapıları dar olmalıdır.

Keyfiyyətsiz təhsil, hesab edirəm ki, milli birliyə də zərbə vurur. Karyera yüksəlişi zamanı çatmayan biliyi hansısa həmyerlinin verdiyi “təkan” ödəyir. Keyfiyyətli təhsil isə cəmiyyəti bütövləşdirir.

İxtisas seçimi 

İxtisas seçimində olan qüsurlar da elmin inkişafına zərbə vurur. Həyatın mənası və məqsədi fəlsəfədə müəyyənləşdirilib. Həyatın mənası nəsili artırmaq, məqsədi isə xoşbəxt yaşamaqdır. Xoşbəxt yaşamaq -sevdiyin işlə məşğul olmaq deməkdir. Test çox gənclərin xoşbəxtliyini əlindən alıb. Gənclər zorən səhv ixtisaslara düşürlər.

Təhsildə vəziyyət çox mürəkkəbdir. Höteye görə, təhsili düzəltməkdən ötrü nəvədən yox, nənədən başlamaq lazımdır. Hamının içməli olduğu “təhsil suyuna” bir damcı rəng (əslində çirkab) qatılır, sonra həmin rəngi o sudan təmizləmək üçün bütün ölkə çalışır. Damcı suya bir saniyə ərzində salınıb, amma onu təmizləmək üçün on illərlə vaxt, laboratoriya və bu işi bilən mütəxəssislərə ehtiyac var...

Azərbaycan təhsilinin böyük dərdi xırda bir məqaləyə sığmaz. Ancaq bir- iki məqama toxunmadan keçmək də olmur. Toxunmaq istədiyim birinci məsələ biliyin qiymətləndirilməsi şkalası ilə bağlıdır. Biliyi ölçmək üçün 5, 9, 10,100 və 700 ballı şkaladan istifadə edilir. Ölkəmizdə şkalanın vahidliyi prinsipini bərpa etməyə ehtiyac duyulur. Əhəmiyyətinə görə çox vacib, ancaq görünməsi çətin ikinci məsələ müəllimin mövqeyinin sürüşməsidir. Tarixən müəllim maraqlı olub ki, tələbəsi çox bilsin. Bunun üçün çox incə suallar verib şagirdin biliyini yoxlayardı. Müəllimin bu mövqeyi cəmiyyətin və dövlətin mövqeləri ilə üst-üstə düşürdü. O ali məktəblərdə ki, imtahanı fənn müəllimi yox, digər müəllimlər götürür, bu halda müəllim maraqlıdırki, tələbəsi az bilsin, ancaq müsbət qiymət alsın və qiymətləndirmə prosesindən, söz-söhbətsiz ötüşsün. Başqa sözlə, müəllimin mövqeyi cəmiyyətin mövqeyi ilə yox, tələbənin mövqeyi ilə üst- üstə düşür. Bu isə ali məktəbin və biliyin səviyyəsini endirən faktordur. Üçüncü toxumaq istədiyim məsələ ölkədə pedaqoji elmlərin (təhsilşünaslıq) səviyyəsinin aşağı olmasıdır. Təhsil prosesində qüsurlar baş verir, ancaq pedaqoji sahənin alimləri reaksiya vermirlər, bu sahə ilə bağlı öz fikirlərini ortaya qoymurlar. Bu baxımdan 9 ballı qiymətləndirmə şkalasının tətbiqini də qeyd etmək olar. İndiki dövrdə pedaqoji elmləri gücləndirməyə ehtiyac böyükdür.

Hesab etmək olar ki, bizim cəmiyyətdə “təhsil də dərk edilməmiş həqiqətdir” və bu sahədə məmurların şəxsi mənafeyi ictimai mənafeni üstələyir. Bu tezisi isbat etmək üçün (universitetlərin rəhbərlərinin təyinatından tutmuş, tələbə biletinə kimi) sübutlar, dəlillər çoxdur. Əgər ölkədə söz sahibi olan 50 nəfərdən təhsilə münasibətini soruşsanız, hamı təqribən eyni sözü: “təhsil millətin gələcəyidir” - deyəcək. Amma illik büdcə müzakirə ediləndə bu fikir çoxlarının yadına düşmür. Elm təhsilin içindən göyərir. Təhsil zəifdirsə, elm necə yaxşı ola bilər ki?!     

Mjavanadzenin rektor təyinatı

Elmin inkişafına məsul olan qurum ali məktəblərdir. Dövlət ali məktəbləri rəhbərlərinin təyinatının əsasən iki üsulu var: inzibati və demokratik. Bəzi hallarda qarışıq üsuldan da istifadə edirlər. Demokratik üsulda bu işin məsuliyyəti kollektivin üzərində, inzibati üsulda məsuliyyət dövlətin üzərində qalır. Üçüncü halda məsuliyyət bölüşdürülür.

İnzibati təyinat zamanı neqativ hadisələr daha çox baş verir. Gürcüstan Parlamentinin deputatından eşitdiyim maraqlı hadisə: Gürcüstanın E.Şevarnadzedən qabaqkı rəhbəri V.P. Mjavanadze ali məktəbə rektor təyinatı zamanı uyğun şöbəyə kadr seçməyi tapşırarmış. Zamanı çatanda onun qarşısına 2-3 namizədin qovluğu qoyulur. Birinci namizəd dəyərli alim və millətsevər vətəndaş kimi təqdim edilir. İkinci və üçüncü namizəd də bunun kimi. Əgər təqdimatçının könlündən üçüncü namizədin təsdiqi keçərsə, onu təqdim edəndən sonra əlavə bir cümlə də işlədərmiş: “qorxuram ki, siz onu çağırsanız, o razı olmaya, çünki yaman özünəbaxan adamdır”. Bu sözləri eşidən kimi Mjavanadze deyərmiş: elə onu çağırın! Bilmək istəyirəm, biz gecə-gündüz Gürcüstanın yolunda can qoyuruq, o isə niyə kef etsin? Biz Gürcüstanın ağır yükünü çəkirik, niyə o bir universitetin yüngül yükünü çəkməsin? Mjavanadze psixologiyasını yaxşı bilən aparat işçisi öz adamını belə ustalıqla rektor təyin etdirərdi. Geniş yayılmış bu cür qüsurlu təyinatların elmə mənfi təsiri şübhəsizdir.

(Ardı var)

 





22.06.2015    çap et  çap et